Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin Forumunda çıxış edib
Birləşmiş Ştatlarda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ və dünya miqyasında böyük nüfuz sahibi olan Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunun iyunun 2-də Vaşinqtonda açılış sessiyasında çıxış edib.
XIN mətbuat xidmətinə istinadən, açılış sessiyasının əsas natiqlərindən biri olan Məmmədyarov Forumun çoxsaylı iştirakçılarına ardıcıl olaraq Azərbaycanın ABŞ və İsrail ilə genişlənən ikitərəfli münasibətləri barədə danışıb, eləcə də Amerika Yəhudi Komitəsi başda olmaqla ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının dövlətlərimiz arasında əməkdaşlığa verdikləri töhfələri təqdir edib.
Azərbaycan və İsrail arasında əlaqələri yaxın dostluq münasibətləri kimi xarakterizə edən nazir iki ölkə arasında əməkdaşlığın xalqlarımız arasında tarixən formalaşmış xoş münasibətlər, qarşılıqlı anlaşma və son illər əldə olunmuş məhsuldar ticarət və iqtisadi əlaqələr üzərində qurulduğunu göstərib.
Beynəlxalq aləmdə Azərbaycanın yalnız enerji resursları ilə zəngin bir ölkə deyil, dözümlülük ənənələrinin dərin kök saldığı nümunəvi bir cəmiyyət kimi də tanındığını bildirən nazir müsəlman ölkəsi kimi tanınan Azərbaycanın səmavi dinlərin mənsublarının sülh şəraitində yaşadığı nadir məkan olduğunu bəyan edib. Nazir xüsusilə 2500 il ərzində yəhudi icmasının Azərbaycanda heç bir məhdudiyyətlərə məruz qalmadan yaşadığını və cəmiyyətimizin müxtəlif sferalarında təmsil olunduğunu qeyd edib. Məmmədyarov yəhudi icmasının hələ Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Azərbaycan hökumətinin tərkibində səhiyyə naziri postunu tutmuş Aşkenazi yəhudisi olan Yevsey Qindes tərəfindən təmsil olunduğunu, eləcə də yenicə qurulmuş hökumət tərəfindən 1919-cu ildə Yəhudi Xalq Universitetinin təsisi haqqında qərar verildiyinə dair faktları Forum iştirakçılarının diqqətinə çatdırıb.
Eyni zamanda o, İsrailə rəsmi səfərindən bəhs edərək, Prezident Şimon Peres, Baş nazir Benjamin Netanyahu və digər rəsmilərlə səmərəli görüşlər keçirdiyini bildirib və iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə müntəzəm məsləhətləşmələrin davam etdiriləcəyini söyləyib.
Güney Qafqaz bölgəsində tammiqyaslı əməkdaşlığa əsas maneənin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu qeyd edən Məmmədyarov Azərbaycanın ən qısa zaman kəsimində münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə əsasında sülh yolu ilə həllini dəstəklədiyini söyləyib. Nazir BMT TŞ-nin qeyri-daimi üzv olaraq Azərbaycanın dünyanın müxtəlif məkanlarında, o cümlədən Yaxın Şərqdə sülhün bərqərar olması üçün səylərini əsirgəmədiyini ifadə edib.
Sessiyada bizim nazirlə yanaşı, Çexiya və Polşa xarici işlər nazirləri də çıxış ediblər.Eyni gündə səfir Elin Süleymanov Amerika Yəhudi Komitəsinin gənc liderlərindən ibarət bölməsi olan ACCESS Forumunun bağlanış toplantısında çıxış edib.
1906-ci ildə təsis edilmiş Amerika Yəhudi Komitəsinin ABŞ-ın 26 ştatı və dünyanın bir çox ölkələrində bölmələri fəaliyyət göstərir. Komitənin prezidenti Robert Elman, icraçı direktoru isə 2012-ci ildə Azərbaycan prezidentinin sərəncamına əsasən “Dostluq ordeni” ilə təltif edilmiş Deyvid Harrisdir.
Elmar Məmmədyarov bazar ertəsi dövlət katibi Kerri ilə görüşüb və görüşün yekunlarına dair birgə mətbuat konfransında Məmmədyarova Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın rolunun artırılması ilə bağlı planların olub-olmaması barədə sual verilib. Nazir belə cavab verib: “Biz bu mövzunu məhz indi müzakirə etmək niyyətindəyik”.
Kerri deyib: “Biz bunun üzərində işləyirik. Biz Minsk Qrupunun həmsədriyik. Bizim ehtiyatla və düşünülmüş şəkildə necə irəliləmək barədə fikirlərimiz var”.