Elmar Hüseynovun anım mərasimi keçirilib
İyulun 17-də 2005-ci il martın 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun 46-cı doğum günüdür. Bu münasibətlə vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi, jurnalistlər, redaktorlar, müstəqil və müxalif gənclər, diplomotik nümayəndələr jurnalistin qəbrini ziyarət ediblər. Onlar əvvəlcə jurnalistin qəbrinin üstünə güllər düzüblər.
Builki doğum günü də əvvəlki illərlə müqayisədə heç nə ilə fərqlənməyib.
Sakit və durğunluq formasında keçən ziyarətdə hər biri ayrı-ayrılıqda qətlə yetirilmiş jurnalistlə bağlı xatirələrini, onun ölümündən sonra Azərbaycanda azad media sahəsində olan problemlər barədə fikirlərini bölüşüblər.
İlk öncə Şahbaz Xuduoğlu çıxış edib. O bildirib ki Elmarın doğum gününə çiçəkdən başqa heç nə ilə gəlməyib. Ona görə ki onunla bağlı görülməli ola biləcək heç bir iş görülməyib.
“Elmar Azərbaycan mətbuatında söz azadlığı,mətbuat azadlığı uğrunda döyüşən son səngərdə idi. O səngər Elmarın qətli ilə məhv edildi, dağıdıldı”, — Ş.Xuduoğlu öz narahatlğını ifadə edib. Onun sözlərinə görə, bura toplaşanlar yeni nəslin nümayəndələridir.
“Biz Elmarın qatıllərinin tapılmaşı və ya onun adının əbədiləşdirilməsi istiqamətində hər hansı iş görüb və Elmarın uğrunda mübarizə apardığı ideların hər hansı birini həyata keçirib gəlmiş olsaydıq, əlbəttə ki Elmar üçün böyük hədiyyə olardı”, — Ş.Xuduoğlu qeyd edib.
Elmar Hüseynovun mübarizəsinin davam etdirilmədiyinə təəssüflənən Ş.Xuduoğlu hazırkı dövrə qədər jurnalistin ailəsini də qoruya bilmədiklərini vurğulayıb.
Qətlə yetirilmiş jurnalistlə bağlı xatirələrini bölüşən Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev E.Hüseynovun intellektual, mətbuatın müxtəlif istiqamətlərində yazan jurnalist olduğunu və vaxtilə ilk dəfə maliyyə jurnalı olan “Kapitalı” dərc etdiyini qeyd edib.
“Mən hesab etmirəm ki biz nəyisə uduzmuşuq, nəyisə itirmişik, düzdür, bəzi dostlarımızı itirmişik.Bunun da obyektiv səbəbləri var. Biz bura gedib-gəlməklə göstərmək istəyirik ki, biz həmin mübarizə yolu ilə gedirik və axıra qədər gedəcəyik”, — M.Əliyev əlavə edib.
E.Hüseynovun ifadə azadlığının qurbanı olduğunu qeyd edən Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Azərbaycanda ifadə azadlığının getdikcə pisləşdiyini önə çəkib.
Onun sözlərinə görə, Azərbaycanda ifadə azadlığının qurbanları davam edir.
Belə ki, E.Hüseynovun qətlindən sonra publisist -yazar Rafiq Tağı öldürülüb, xeyli sayda jurnalist fiziki-psixoloji təzyiqə məruz qalıb.
Mərhum jurnalistin atası Sabir Hüseynov oğlunun qəbrini hər dəfə ziyarət etməklə onun ruhunun şad olduğunu, onun unudulmadığını bildirib.
Onun sözlərinə görə, bu cür ziyarətlər gələcək nəsillər üçündür və onlar E.Hüseynovu unutmayacaqlar.
Çıxışlardan sonra jurnalistin qəbri yanında vətənda cəmiyyətinin nümayəndələri şəkil çəkdiriblər.
2013-cü il martın 2-də “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlindən 8 il keçib. O 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları həbs edilməyib. Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.
Elmar Hüseynovun qətli ilə bağlı hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşları Teymuraz Əliyevi və Tahir Xubanovu ittiham edirlər. Gürcüstan hakimiyyəti bununla bağlı onların günahını sübuta yetirən dəlillərin təqdim olunmadığını bildirib.

