«Elm siyasəti haqqında» qanun vacib sayılır
Elmi tədqiqatlardan əldə olunan gəlirlərin bir hissəsi alimlərin sosial müdafiəsinə yönələcək. MM Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev mətbuata açıqlamasında bildirir ki, «Elm siyasəti haqqında» qanun qəbul olunduqdan sonra bu məsələnin tətbiqinə başlanacaq. Qanunun yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir:
«Bu qanunun qəbulu ilə fundamental elmi tədqiqatların aparılması, elmin inkişafını tənzimləyən qanunvericilik bazası formalaşacaq. Bunun əsasında artıq AMEAnın elmi-tədqiqat institutlarının, ali məktəblərin tərkibindəki elmi-tədqiqat institutlarının tədqiqatlarının vəhdəti təmin olunacaq. Əgər elmi araşdırma aparılırsa, bunun nəticəsi olmalı və gəlir əldə edilməlidir. Bu gəlirin bir hissəsi də bu yeniliyi əldə etmiş şəxsə verilməlidir. Qanunvericilik bazası möhkəmləndikdən sonra bu işləri həyata keçirmək olar.
Söhbət ondan gedir ki, bu gün Azərbaycanda çoxlu sayda yerli və xarici şirkət çalışır, onların böyük sifarişləri olur. Bu sifarişlər alimlər tərəfindən həyata keçirildiyi təqdirdə əldə olunan gəlirin bir hissəsinin onların sosial müdafiəsinə yönəldilməsi zəruri sayılır.
Bəxtiyar Əliyev Modern.az saytına bildirib ki, komitə digər qanunlar üzərində də çalışacaq:
«İşçi qruplarının yaradılması planlaşdırılır. Bu təhsil standartları ilə bağlıdır. «Orta təhsil haqqında» və «Peşə təhsili haqqında» layihələr üzrə yaz sessiyası müddətində işçi qrupları yaradılacaq və bu qanun layihələrinin üzərində iş gedəcək. Çünki onlar o qədər sadə qanun layihələri deyil. Olduqca vacib qanunlardır. Çünki biz əsas «Təhsil haqqında» Qanunu qəbul etmişik. Amma ondan törəmə qanunlar ayrıca paket şəklində hazırlanmalıdır».
«Ali təhsil haqqında» Qanun layihəsi ilə bağlı suala cavab verən millət vəkili bildirir ki, komitənin gündəmində bu məsələ var. Deyir:
«Amma ilk növbədə çox vacib olan «Elm siyasəti haqqında» qanunudur. Çünki «Təhsil haqqında» qanun qəbul edilib, «Elm siyasəti haqqında» qanun qəbul edilmədiyi üçün bir sıra boşluqlar var. Yəni bu iki qanun ana qanunlardır. Bu qanun da qəbul edildikdən sonra artıq o biri qanunlar, məsələn, «Ali təhsil haqqında» Qanunun qəbulu bir xeyli problemi aradan qaldırar. Bilirsiniz ki, bu magistratura pilləsində, ali təhsildən sonrakı təhsil, doktorantura məsələsi, eyni zamanda, ali məktəblər və elmi-tədqiqat institutlarının birgə fəaliyyəti ilə bağlı məsələlər, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər var. «Elm siyasəti haqqında» Qanun qəbul edilməlidir ki, elm və təhsil arasındakı əlaqələr qanunvericilik bazasında tam təmin edilsin. Ardınca o biri məsələlərin həlli xeyli dərəcədə asanlaşacaq».
Fevralın 1-dəki plenar iclasda adı çəkilən komitənin hazırladığı heç bir sənəd müzakirəyə çıxarılmayacaq. Eləcə də yaz sessiyasının qanunvericilik işləri planı da hazırlanıb. Plana 14 məsələ daxil edilsə də, Elm və təhsil komitəsinin hazırladığı heç bir sənədin adı planda yoxdur.