Muəllif:

Əlixan Səmədov: Hər erməninin evində mənim diskim var

İyirmi ildən çoxdur Türkiyədə yaşayan soydaşımız Əlixan Səmədov mahir balaban ifaçısı kimi kifayət qədər tanınır. Orada bir çox sənətçilər onunla əməkdaşliq edirlər. Azərbaycanda balaban köhnəlik simvolu sayılanda, Əlixan Səmədov bu alətlə musiqimizi tanıdırdı… Artıq onu 18 alətin ifaçısı kimi də təqdim etmək olar. Qiyabi də olsa onu tanıyırlar. Hamı bilir ki, Əlixan Səmədov milli musiqimizi dünyaya balabanla təqdim edir. Bəs Türkiyədə yaşamaq arzusu nə səbəbdən doğub?

— Mən «İstedad» rəqs kollektivi ilə xarici ölkələrdə olanda insanların balabana böyük maraq göstərmələrinin şahidi oldum. Rəqslərdə bilirsiniz ki, ən çox klarnetdən istifadə olunur. Balabandan isə yalnız konsertin açılış və bağlanışında istifadə olunurdu. Balaban səslənəndə görürdüm ki, salonda bir səssizlik yaranır və insanlar bu alətin səsinə çox diqqətlə qulaq asırlar. Balabanın səsi insanları sanki hipnoza salırdı.
Türkiyəyə isə məni Qaziantep Konservatoriyasına müəllim kimi balabandan dərs deməyə dəvət etdilər.

Antepdə olanda düşündüm ki, dərslərin çoxluğu balabanı lazımi qədər sevdirməyə imkan verməyəcək. Digər tərəfdən, buradakı dərs sistemi mənə çox zəif gəldi. Daha sonra İstanbul Universitetinin konservatoriyasına dəvət aldım. Amma orada da çox qala bilmədim. Çünki onların təhsil sistemi çox zəifdir. Özləri də etiraf edirdilər ki, onların adlı-sanlı musiqiçiləri gəlib Bakıda təhsil alırlar. Müqayisə üçün, demək istəyirəm ki, buranın orta musiqi məktəbi oranın konservatoriyasından daha üstündür. Orada konservatoriyanın tar sinfinin 4-cü kurs tələbəsi var ki, tarı tanımır. Belə şeylər orada məni pedaqoji fəaliyyətdən uzaqlaşdırdı.

Bizdə 10 il musiqi təhsili alandan sonra konservatoriyaya girmək mümkün olur. Konservatoriyaya qəbul olunan musiqiçilər alətdə demək olar peşəkar səviyyədə çalır, Avropa musiqisini bilirlər. Bir məsələ var ki, Azərbaycanda peşəkar musiqiçi olmaq üçün 15 il təhsil almaq lazımdır. Bu barədə orada tanınmış professorlarla düşüncəmi bölüşəndə mənimlə razılaşırdılar.

— Bayaq dediniz ki, 18 alət… Bəs nədən Türkiyədə yalnız balabanı
üstün tutdunuz?

— Türkiyədə Azərbaycanın balabanını tanımırdılar. Bu da mənə təsir etmişdi. Ona görə də başqa alətləri bir kənara qoyub, sırf balabanın təqdimi ilə məşgul oldum. Adicə qarmona orada akkordeon deyirlər. 1998-ci ildə hazırlıqlarına başladıq, 2000-ci ildə elə «Balaban» adında albom buraxdırdım. Türkiyədə belə bir ənənə var ki, albom hazırlamaq üçün 2-3 il sərf olunur ki, sonradan hər hansı nöqsana görə qapı-qapı gəzib, o diskləri yığmaq məcburiyyətində qalmayasan.

Əslində həmin albomu mən az sayda dost-tanış üçün buraxdırmışdım. Amma sonradan bu albom əldən-ələ yayılaraq Amerikaya gedib çıxdı. Sonra gördüm ki, mənim ifalarımı Türkiyənin aparıcı radio-televiziya kanallarında səsləndirirlər. Onda məni Türkiyədə indiki kimi tanımırdılar. Bəzən mənə albomun adı ilə «Balaban bəy» deyə müraciət edənlər də olurdu. Yavaş-yavaş «Balaban» albomu Türkiyədə populyarlaşandan sonra özümdə məsuliyyət hiss etdim və balabanla bağlı araşdırmalara başladım, bir çox arxivlərə müraciət etdim, onun tarixçəsini öyrəndim. Açığını deyim ki, o vaxtlar çox çətinlik çəkdim, çünki hər hansı doğru-dürüst bir mənbə tapa bilmirdik…

— Amma bizdə qədim musiqi alətlərimizin laboratoriyası var.

— Bizdə hər şey var, amma heç nə yoxdur… Mənim evimdəki kresloya əgər bir qonaq gəlib oturmursa, onda o kreslo, heç bir şeyə yaramaz. Əgər bizim muzeylərdəki eksponatlardan dünyanın xəbəri yoxdursa, onda onlar nəyə lazımdır? Deməli, milli sərvətlərimizi dünyada tanıtmaq lazımdır. Bəzi millətlərin heç nəyi yoxdur, amma dünyada elə təəssürat yaradıblar ki, sanki bəşəriyyətə mədəniyyəti bunlar veriblər.

— Yəni Civan Qasparyan kimi…

— Civan Qasparyan barədə mətbuat o qədər yazdı ki, Türkiyədə onu məndən sox məşhur etdilər. Onun çaldığı bizim balaban deyil. Hər erməninin evində mənim diskim var. Amma Azərbaycanda məni tanımayanlar da az deyil. Məni bir kənara qoy, balaban barədə məlumatları olmayanlar da tapılacaq. Bu iş sevgidən asılıdır, əgər «bu alət mənimdir» deyirsənsə, ondan mütləq istifadə etməlisən. Yox, əgər toylarda maşın və yaxud eşşək səsi çıxaran sintezatordan istifadə edəcəksənsə, əlbəttə, sənin milli sərvətinə sahib çıxanlar tapılacaq…

— Orada tanımış sənətçilərdən kimlərlə əməkdaşlıq edirsiniz?

— Demək olar ki, hamısı ilə yaradıcılıq əlaqələrimiz var. Misal üçün, Kərəm Cem, Mirkəlam, Zinyət Saleh, Sibel Can, Alişanın adını çəkə bilərəm. Əslində, mənimlə əməkdaşlıq etmək arzusunda olanlar çoxdur. Sadəcə, mən özüm bu duetlərin yerində olmasına çalışıram. Bəzən duetlər üçün müraciət olunanda, özüm orada vəhdət görməyəndə mədəni şəkildə imtina edirəm. Lap bu işə görə nə qədər yüksək məbləğdə pul versə də. Çünki dünyanın heç bir pulu kimsəyə bizim qürurumuzla oynamaq ixtiyarı vermir…

— Mənə elə gəlir, yay aylarında Azərbaycana gələndə gənc sənətçilərimiz üçün sizin kursları təşkil etmək lazımdır ki, belə şeylərin fərqinə varmağı öyrənsinlər.

— Siz narahat olmayın, onsuz da əsl sənətkar olmağı düşünən istedadlı gənclər pula o qədər də önəm vermir.

— Özü nə qədər önəm verməsə də, mühit onu buna məcbur edir.

— Azərbaycanda sənət tarixinə adlarını qızıl hərflərlə yazdıran hansı sənətkarın pulu olub ki? Bugünkü şəraitə, mühitə baş əyib şadlıq evlərinə sığınan əsl istedad sahibi, gec-tez düz yola qayıdacaq, buna əmin olun. Mən heç kəsə demirəm ki, toya getməsin. Toya da getsinlər, Azərbaycan mədəniyyətinə də xidmət etsinlər. Təəssüf ki, bu gün insanlar əsl musiqiyə, musiqiçiyə doğru qiymət vermək xüsusiyyətini itiriblər. Bizim vaxtımızda belə idi ki, əgər bir kənddə 3 yerdə toy olurdusa, gedib pulunu salıb, yeməyini yeyirdin, yaxşı musiqinin səsləndiyi mağara gedirdin. Sanki bir yarış vardı.
Yarışma indi də var, amma avtomobil, villa, qulağa sırğa taxmaq, qaş aldırmaq, qadın kimi danışmaq uğrunda…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 326