Əli Əmirli: “Teatr bir vaxt itirdiyi tamaşaçını geri qaytarmağa çalışır”
140 illik bir yol keçən Azərbaycan teatrının uğurları qədər, bəzən problemləri də az olmur. Son vaxtlar bu ocağa diqqət teatr sənətinin inkişafında mühüm rol oynayır. Teatrların bugünkü mənzərəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Ədəbi yaradıcılıq» kafedrasının dosentidi, dramaturq Əli Əmirli qiymətləndirəcək:
— Azərbaycan teatrının çağdaş mənzərəsi xeyli rəngarəng və zəngin görünür. Tək Bakıda fəaliyyət göstərən teatrların adlarını çəksəm, özünüz şahid olarsınız: Akademik Milli Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Musiqili Komediya Teatrı, Rus Dram Teatrı, Yuğ teatrı, Pantomima teatrı və əlbəttə Opera və Balet Teatrı. Bu teatrların hər birinin öz missiyası, öz teatr estetikası, öz dəsti-xətti var. Mənzərə həqiqətən zəngindir. Ən maraqlısı və mənim üçün qiymətli olanı budur ki, bu teatrların hamısında coşqun yaradıcılıq işi gedir. Onların hər biri yeniləşməyə, təkmilləşməyə, böyük sənət uğurları və tamaşaçı məhəbbəti qazanmağa çalışırlar.
— Belə deyirlər ki, teatr zamanla əlaqəli bir sənət növüdür. Milli teatrımız hansı illərdə zamanı qabaqlayıb və hansı illərdə zamandan geridə qalıb?
— Teatr, ümumiyyətlə, “burda və indi” prinsipi ilə işləməlidir. Bu prinsipə geniş mənada yanaşsaq, teatr bugünün tamaşaçıları üçün işləyir və təbiidir ki, məhz onların tələbinə, istəyinə uyğun olmalıdır. Heç bir teatr gələcək üçün tamaşa hazırlamır, bu nonsens olardı. Elə bu səbəbdən də teatr heç vaxt zamanı qabaqlamağa çalışmamalıdır, teatr müasir zamanla yanaşı addımlaya bilirsə, bu artıq nailiyyətdir. Bu günün teatrı televiziya, video, internet, müxtəlif xarakterli şoular kimi kütləvi mahiyyət daşıyan güclü rəqiblərlə əhatə olunub, onlarla mübarizə aparmaq teatrın imkanları xaricindədir. Bu ayaqüstü yeyilən və çox tez həzm olunan “fast-fud” rəqiblər içərisində mövqeyini və əhəmiyyətini saxlamaq teatr üçün çox çətindir, amma bu gözəl sənətin bir böyük üstünlüyü var: teatr tamaşaçı ilə canlı ünsiyyətdədir. Bax elə bu ünsiyyət onu hər çətinlikdən xilas edir. Amma teatr elə işləməli, elə yeni məzmun və formalar tapmalıdır ki, ünsiyyət tərəfdaşını, başqa sözlə tamaşaçısını itirməsin. Bu gün Azərbaycan teatrı bir vaxtlar itirdiyi tamaşaçılarını geri qaytarmağa və yenilərini fəth etməyə çalışır. Ürəklə deyə bilərəm ki, nə qədər çətin və mürəkkəb proses olsa da, artıq işıq görünür.
— Sizcə teatrın intibah dövrü nə vaxta təsadüf edir?
— Bu suala birmənalı cavab vermək çətindir. Məlumdur ki, Azərbaycan teatrında vaxtaşırı qabarmalar, çəkilmələr olub, amma teatrımızın, mən bilən, elə bir dövrü olmayıb ki, onu xüsusi ayırıb “İntibah dövrü” adlandırasan. Təbiidir ki, bu 140 ildə teatrın çox populyar vaxtları olub. Yəqin ki, ötən əsrin əvvəllərindən lap 70-80-ci illərə qədər Azərbaycan teatrına bir kütləvi tamaşaçı məhəbbəti olub. Bu məsələlərlə bağlı geniş bilgini Mədəniyyət və Turizm nazirinin müavini, teatr işinin gözəl bilicisi Ədalət Vəliyevin “Teatr” adlı fundamental kitabından almaq olar.
— Teatrın inkişafına, təbii ki, rejissorlarımızın da mühüm təsiri olub. Niyə bugün Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi mərhələ rejissorlarımız yetişmir?
— Görkəmli teatrşünasımız Aydın Talıbzadənin bu barədə yaxşı bir fikri var. O deyir ki, keçmiş teatr mifləri bizə bugünkü teatrımızı düzgün qiymətləndirməyə mane olur. Bu həqiqətən belədir. Bilən də, bilməyən də keçmiş teatrdan nağıllar, dastanlar qoşur, rəvayətlər yaradır, müasir teatrımızı aşağılayır. Halbuki hər şeyə, elə teatra da zamana, məkana və şəraitə görə qiymət vermək lazımdır. Bu günün özündə bizim Azərbaycan teatrında istedadlarına görə adları əfsanəyə çevrilmiş rejissorlardan heç də əskik olmayan rejissorlar var, amma zaman dəyişib, teatr rejissorunun o qədər də teatral olmayan Azərbaycan kimi bir məkanda mifə çevrilməsi bu gün çox çətindir, bəlkə də heç mümkün deyil. Kommunist rejiminin qəsdlə yaratdığı mifləri isə mən adiləşdirmək və ya dağıtmaq fikrindən çox uzağam, çünki müqayisə üçün bir istinad nöqtəsinin olması da pis deyil.
Ədil İskəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu… Fikir verin, zamanımıza yaxınlaşdıqca bu böyük sənətkarlar əfsanəvilikdən çıxır və sonda Tofiq Kazımov, Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu kimi adiləşir, real insanlara çevrilir. Sözüm ondadır ki, bu gün Azərbaycan teatrında Azər Paşa Nemətov başda olmaqla Bəhram Osmanov, Bəxtiyar Xanızadə, Mehriban Ələkbərzadə, Cənnət Səlimova, Vaqif Əsədov, Rövşən Almuradlı, Loğman Kərimov, İrana Tağızadə, Firudin Məhərrəmli kimi Azərbaycan teatrını yaşadan, inkişaf etdirən müxtəlif səviyyəli və xarakterli rejissorlar fəaliyyət göstərirlər. Akademik Milli Dram Teatrının səhnəsində bir-birinin ardınca maraqlı tamaşalar qoymuş Nicat Kazımov, Mikayıl Mikayılov, Namiq Ağayev, Gümrah Ömər, Tural Mustafayev, Elvin Mirzəyev kimi istedadlı gənc rejissorları da bu siyahıya əlavə etmək olar. Bu gəncləri teatra cəlb etməklə Akademik Milli Dram Teatrının rəhbəri, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov qocaman teatra yeni nəfəs gətirmiş oldu. Fikrimcə müəyyən risqlə bağlı olsa da, bu təşəbbüs özünü doğrultdu. Kimin qabında nə varsa, o da üzə çıxdı. İndi seçim etmək artıq teatrların işidir.
— Eyni fikri dramaturqlarımıza da şamil etmək olar… Klassik tamaşalar səhnələşdirilir, gözəl, amma nə vaxtsa klassikya çevrilə biləcək müasir dram əsərləri niyə yaranmır? Yaxud da bu proses ləng gedir…
— Dramaturq olduğumdan mənim bu suala neytral cavab verməyim çətindir, amma çalışacam obyektiv olum, yalnız faktları səsləndirim. Son illərdə Elçin Əfəndiyevin “Şekspir”, “Qatil”, “Teleskop” adlı əsərləri dünyanın, o cümlədən Avropanın, Rusiyanın bir neçə teatrında uğurla tamaşaya qoyulub. Mehriban Ələkbərzadənin rejissorluğu ilə “Qatil”in ikinci quruluşunun premyerası isə əvvəlindən sonuna kimi tamaşaçıların alqışları ilə müşayiət olundu.
Mənim “Varlı qadın” adlı komediyam üç il ərzində Azərbaycandan kənarda yeddi ölkənin doqquz teatrında tamaşaya qoyulub, o teatrlardan ikisinin tamaşası beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb. Elə sizin suala da təxminən belə bir cavab verərdim. Siz və ya mən nə bilirik ki, müasir dramaturqlarımızın əsərləri nə vaxtsa klassikaya çevrilməyəcək? Hər bir əsərin qiymətini zaman verir. Amma öz adımdan deyə bilərəm ki, mənim üçün əsərimin bu gün uğur qazanması daha önəmlidir. Mən müasirlərim üçün yazıram.
— Ümumiyyətlə, teatrlarımızın repertuar siyasəti sizi qane edir?
— Bugün Azərbaycan teatrlarının repertuarı çox zəngindir. Çoxdan səhnələrimizdə görünməyən dünya dramaturqlarının əsərləri tamaşaya qoyulur. Teatrlarımızın repertuarını M.F.Axundzadə, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, Ə.B.Haqverdiyev, İ.Əfəndiyev kimi klassiklərin əsərləri ilə yanaşı Ç.Dikkens, B.Brext, M.Friş, V.Hüqo, F.Dürrenmatt, F.Brukner, N.Qoqol, K.Hamsun, E. de Filippo kimi dünya yazıçılarının əsərləri bəzəyir. O da məlum həqiqətdir ki, müasir tamaşaçını klassiklərlə bərabər müasir müəlliflərin əsərləri də maraqlandırır, həm də daha çox. Bu sahədə də müəyyən irəliləyişlər var. Çoxdan işləyən müəlliflərlə yanaşı teatr afişalarında yeni adlar görünməkdədir. Deməli, repertuardan gileylənməyə heç bir əsas yoxdur, giley ancaq keyfiyyət sarıdan ola bilər. Kəmiyyətin keyfiyyətə çevrildiyi bir vaxtda ümumi vəziyyət xeyli pozitivdir.
— Yaxşı onda, deyin görək, sizcə, dünya teatr təcrübəsindən yetərincə bəhrələnə bilmişikmi?
— Özünə qapanıb qalan teatr uğur qazana bilməz. Bu gün Azərbaycan teatrı Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə dünya teatrına inteqrasiya olunmağa çalışır. Son iki-üç ildə Bakıda keçirilən beynəlxalq teatr konfransları, teatr festivalları, teatrlararası təcrübə mübadilələri, xarici ölkələrdən rejissorların, teatr rəssamlarının konkret tamaşaların hazırlanmasına dəvət olunmaları, dramaturji əsərlərlə mübadilə, qarşılıqlı qastrol tamaşaları, gənc rejissorlarımızın xarici ölkə teatrlarına yaradıcılıq təcrübəsi keçməyə göndərilmələri və sair çoxsaylı tədbirlər məhz dünya teatr məkanına bələd olmaq istəyindən doğur. Heç şübhəsiz, bütün bunlar öz bəhrəsini verir. Teatrlarımızın yaradıcılıq səviyyəsi xeyli yüksəlib.
— Elementar bir misal çəkim; gürcü tamaşasına baxıb dərhal müəyyən edirsən ki, bu gürcü tamaşasıdır. Yaxud da kinosu. Bütün dünyada da gürcü teatrı tanınır. Bəs biz niyə hələ də ona-buna bənzəyə-bəncəyə gedirik və heç nəyə də nail ola bilmirik?
— Hər cür müqayisə qüsurludur, baxmayaraq ki, nəyinsə qiymətini vermək üçün yenə də müqayisə ən doğru üsuldur. Bir neçə fakt: Tiflis çar dövründə və bir müddət sonra da Qafqazın həm inzibati, həm də mədəniyyət mərkəzi idi; SSRİ boyda imperiyaya rəhbərlik edən Stalin də milliyyətcə gürcü idi. Yenə də zaman, məkan və şərait! Biz SSRİ-ni pambıqla, neftlə təmin eləyəndə gürcülər büdcəyə heç nə vermədən büdcədən daha çox pul alır, teatr və kinolarını, mədəniyyətlərini inkişaf etdirirdilər. Buna baxmayaraq bizim də dünyaya səs salan bəstəkarlıq məktəbimiz və təsviri sənətimiz vardı.
— Teatr xadimlərimizə sual verəndə onlar dünyada teatra marağın azaldığını deyirlər. Əgər belədirsə, niyə Rusiyanın özündə bir tamaşaya gedib baxmaq üçün öncədən bilet alırlar. Yaxud da digər ölkələrdə? Bunu bizimkilərin bir bəhanəsi saymaq olar?
— Bu fikrin alt qatında Sovet dönəmi teatrına bir xiffət, nisgil gizlənib. O dövrdə teatr dövlət və partiya üçün sənətdən çox təbliğat vasitəsiydi, ona görə də teatra rəsmi dairələrin diqqəti çox yüksək idi, bu da insanların teatr təsəvvürlərinə güclü təsir edirdi, indi isə teatr təbliğat vasitəsi deyil, o əsl missiyasını, sənət missiyasını yerinə yetirir, o istəməsə də təbliğat qabığından çıxmağa məcburdur. Yeni zamanda teatra maraq könüllü olmalıdır. Dövlət teatra bir sənət növü kimi yardım göstərir, onun inkişaf etməsinə şərait yaratmağa çalışır, ona müstəqillik verir, əvəzində isə yüksək keyfiyyətdən başqa heç nə istəmir. Belə olan halda teatr inkişaf yolunu özü seçməli, müstəqil yaşamağı öyrənməlidir. Bu proses elə də asan deyil. Sizin dediyiniz kimi Rusiyada teatra tələbatın yüksək olmasına gəldikdə isə, bunun xeyli obyektiv və subyektiv səbəbləri mövcuddur, indiki halda isə miqyas da əhəmiyyətli rol oynayır. Rusiyanın 144 milyon, onun paytaxtı Moskvanın isə 12 milyon əhalisi var.
— Gənc aktyorların çoxu kliplərə çəkilir, şou-proqramlara qatılır, aparıcılıq edir və s. Gənc nəslin teatra azalan marağını nəylə izah edərdiniz? Yalnız məvacibin azlığı iləmi?
— Yaşından və istedadının dərəcəsindən, statusundan asılı olmayaraq aktyorun kinoda, serialda, klipdə, hətta reklamda çəkilməsinə, toy şənliklərində, korporativ məclislərdə aparıcılıq etmələrinə sakit yanaşıram. Hamıya məlumdur ki, teatrlarda aktyorlara verilən əməkhaqqı çox aşağıdır, hətta yüksək olsa belə, aktyor əlavə gəlir gətirən işlərdən niyə çəkinməlidir? Dünyaca məşhur Hollivud aktyorlarının qonorarları milyonlarla ölçülür, amma onlar da saydığım fəaliyyət sahələrindən qazanc götürməkdən çəkinmirlər. Şükür ki, vəziyyət yaxşıya tərəf dəyişir, kino və serial çəkilişləri artır, aktyor əməyinə daha çox ehtiyac yaranır, deməli, əlavə gəlir mənbələri yaranır. Aktyorun qazancı artdıqca bu peşənin prestiji də yüksələcək, gənclər aktyor olmaqdan çəkinməyəcəklər.