Muəllif:

Əli Abbasov: internet azaddır, senzura tətbiq edilmir

Vətəndaşlar mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər. Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir. Bunu cümə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib (Trend). Nazirin gətirdiyi rəqəmlərə görə, ölkə əhalisinin təxminən 70%-i internet istifadəçiləridir. Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı İnternet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə «Evlərə optika» layihəsi həyata keçirilir, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması sürətləndirilmişdir.

Nazir bu xüsusda başqa məqamlara da toxunub:

«Azyaşlı uşaqların internetdən necə və hansı məqsədlər üçün istifadə etməsinə nəzarət isə birbaşa valideynlərinin, məktəbdə isə müəllimlərin üzərinə düşən məsuliyyətdir. Bununla bağlı Milli Məclisdə yeni bir qanunun qəbul edilməsi nəzərdə tutulmur.
Azərbaycanda internet azaddır, hər-hansı senzura tətbiq edilmir və buna heç kimin şübhəsi olmasın. Bu bizim paylaşdığımız universal dəyərlərin əsas şərtidir. Bu gün ölkədə istər bloqgerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər. Bu gün təkcə Facebook-da 1 milyondan çox azərbaycanlı istifadəçi var. Azərbaycanda internet azadlığı üçün bütün şərtlər təmin edilmişdir. Ayrı-ayrı şəxslərin hər hansı məsələ ilə bağlı səsləndirdiyi fikirlər onların subyektiv fikridir».

Abbasov bildirib ki, Azərbaycan İnternetdə azadlıqların qorunması istiqamətində ölkədə və beynəlxalq aləmdə fəal iştirak edir.

«Məsələn, ölkəmiz 2005-ci ildə Tunisdə keçirilən Dünya İnformasiya Cəmiyyəti Sammitində İKT-nin insan hüquqlarının və azadlıqlarının qorunmasında rolu barədə Avropa Şurasının təqdim etdiyi tövsiyələrin həmmüəlliflərindən biri olmuşdur. 2012-ci ildə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunun 7-ci toplantısının əsas mövzulardan olan İnternet azadlığını müdafiə edən fəal dövlətlərdən biri də Azərbaycan olmuşdur.
Dövlətin öz inkişaf strategiyası, uzunmüddətli hədəfləri vardır və Azərbaycanda internet azadlığının təmin edilməsi bu inkişaf strategiyasının tərkib hissəsidir», deyə nazir bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178