Ələkrəm Hüməmtov «artıq ermənilərdən biridir”
Cənub zonasından olan Azərbaycan ziyalıları və ictimai-siyasi xadimlər Əlikram Hümmətovun Ermənistan səfərinə münasibət bildiriblər. 1993-cü ildə Azərbaycanın cənub zonasında “Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Əlikram Hümmətovun Ermənistana səfərinə cənub zonasından olan Azərbaycan ziyalıları və ictimai-siyasi xadimlər ciddi etiraz ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardası, Milli Məclisin deputatı Cavanşir Paşazadə APA-ya açıqlamasında bildirib ki, Əlikram Hümmətov azərbaycanlı deyil: “Onun Ermənistana, oradan da Dağlıq Qarabağa gedib orada talışlarla bağlı çıxış etməyə haqqı yoxdur. Onu talışlar, cənub bölgəsinin camaatı talışlıqdan çıxarıb. Xalq onu vətəndən deportasiya edib”. Deputatın fikrincə, Ə. Hümmətov bir dəfə vətəni satıbsa, yenə sata bilər: “O artıq ermənilərdən biridir”.
Cənub bölgəsindən olan digər deputat, parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, Ə. Hümmətovun talışların adından danışmağa haqqı yoxdur və o, ümumiyyətlə, milliyyətcə talış deyil, Lerikin türklər yaşayan kəndindəndir. H. Rəcəbli qeyd edib ki, bütün hallarda Azərbaycan xalqı, xüsusilə də cənub bölgəsi Ə. Hümmətovu qəbul etmir: “Bu gün Azərbaycanın Əkrəm Əylislisi də var, Əlikram Hümmətovu da var. Bu insanları ilk gündən Azərbaycan cəmiyyəti qəbul eləməyib. Bu adamlar bizim üçün xəyanətkardır. Əlikram Hümmətovdan hələ soruşmaq lazımdır ki, talışca bilir ya yox?..”
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə (Sədi) bəyan edib ki, Ə. Hümmətovun gedib haradasa talışlar adından çıxış etməyə haqqı çatmır: “Biz Əlikram Hümmətova görə o vaxt çətin günlər – xaos, qalmaqallı günlər yaşamışıq. Ölkə bir neçə hissəyə bölünmüşdü. Ona görə də bizim xalq Əlikram Hümmətov kimi adamları heç vaxt qəbul etmir və edə də bilməz. Ölkədaxili separatizmin, milli ədavətin müəllifi olan, millətin adından danışan, yağı düşmənlə bir yerdə olan dinimizin düşmənidir. O vaxt Ermənistanda talış radiosu açmaq kimi bir fikir də ortaya atmışdılar. Bu, cəfəngiyatdır. İyirmi faiz torpaqlarımızı işğal edən, əli qanımıza bulaşan Ermənistanla eyni fikirdə olan insanı biz qəbul edə bilmərik”.
Müsavat Partiyasının üzvü Əlövsət Talışxanlı isə bildirib ki, Lənkəran xanının nəvəsi olaraq Ə. Hümmətov kimi bir adamın fəaliyyətini kəskin pisləyir: “Mən Əlikram kimi fırıldaqçıları, haranınsa qucağına atılmış bir adamı tanımıram. Qısa formada desək, o, bizə düşməndir. Onun bizim aramızda heç bir nüfuzu yoxdur. Azərbaycan dövlətçiliyinə xələl gətirən hansısa bir adamı bütün el-obam pisləyir. Şəxsən bir müsavatçı kimi mənim, qohum-əqrəbamın bir amalı var, bu da bütöv Azərbaycandır”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, Ə. Hümmətov elə bir tipdir ki, onun fəaliyyəti ilə bağlı şərh verməyə ehtiyac yoxdur: “Mən hələ indiyə qədər cənub bölgəsində onun hansısa fikrinə dəstək verəcək 10 nəfər də görməmişəm. Ona görə də biz bu məsələdən narahat deyilik. Bildirirəm ki, o, Azərbaycan vətəndaşı deyil, xaindir. Ona görə də onunla bağlı elə bir şərh verməyə ehtiyac duymuram”.
Əslən cənub bölgəsindən olan xalq artisti Canəli Əkbərov isə Əlikram Hümmətovun hərəkətindən hiddətlənib: “O, talışlara heç vaxt nüfuz gətirməyib. O kimdir ki, talışlar adından danışır?!”

