Muəllif:

Eldar Namazov: “Vahid namizəd ideyasına ehtiyatla yanaşıram”

Azərbaycanda indiyə qədər keçirilən seçkiləri nəzərə alıb deyə bilərəm ki, bizdə keçirilən seçkilərin heç birində müxalifətin vahid namizədi olmayıb. İctimai Palatanın və digər müxalifət təşkilatlarının prezident seçkilərində iştirakla bağlı namizədliklərin irəli sürülməsi prosesi ilkin mərhələ kimi xarakterizə olunmalıdır. Bunu APA-ya açıqlamasında Ziyalılar Forumunun həmtəsisçisi Eldar Namazov deyib. Namazov bildirib ki, ölkənin aparıcı qüvvələrinin namizəd müəyyənləşdirməsi təqdirəlayiq haldır. Bu ilkin mərhələ başa çatandan sonra namizədlərin öz aralarında müzakirələr başlayacaq. Bundan sonra isə daha geniş birliklərin yaranması gündəmə gələ bilər. O deyir:

“İlkin mərhələ başa çatandan sonra prezidentliyə namizəd olaraq, müxalifətdən olan digər namizədlərlə növbəti mərhələyə dair müzakirələr aparmağa hazırsınızmı?” sualını cavablandıran E.Namazov bildirib ki, son 5-6 ildir onun prezidentliyə namizəd olmaq istəyinə dair məlumatlar mətbuatda yayılır. İndiki mərhələdə Ziyalılar Forumunun əsas məqsədi ölkədə demokratik mühitin formalaşdırılması, cəmiyyətin seçkilərə hazırlanması istiqamətində işlərin görülməsidir: “Əsas ümumi maraqlardır. Biz də bu prosesə dəstək veririk. Ancaq bu prosesin gedişində çox şeylər dəyişə, yeni situasiya yarana bilər. Situasiyaya uyğun vəziyyətə qiymət verəcəyik”.
Namazov “Müxalifət düşərgəsində bütün qüvvələrin dəstəkləyəcəyi vahid namizədin müəyyənləşməsi şansı nə qədərdir?” sualını cavablandırarkən deyib ki, buna fərqli prizmadan baxılmasının tərəfdarıdır: “Adətən bizdə əsas namizəd olub. Məsələn, 1998-ci ildə Etibar Məmmədov, 2003-cü ildə İsa Qəmbər əsas namizəd olub. Yəni bunların heç biri vahid namizəd olmayıb. Azərbaycan ictimai-siyasi mühitinin xüsusiyyəti belədir ki, Azərbaycanda müzakirələr əsas namizədlə bağlı gedə bilər. Ümumiyyətlə, vahid namizəd ideyasına ehtiyatla yanaşıram. Bəziləri bunu səmimi olaraq irəli sürürlər, bəzən də bundan açıq-aydın xoş olmayan niyyətlərlə istifadə edilir. Bundan başqa, bir çox partiyalar arasında o qədər də xoş olmayan münasibətlər mövcuddur. Belə olan təqdirdə narazı qüvvələrin dəstəklədiyi namizədin müəyyənləşməsi imkanları daha genişdir. Vahid namizəd ideyası Azərbaycanda heç zaman reallaşmayıb və bunu şərt kimi qoymaq da düzgün deyil”.

Namazov diaspor təşkilatlarının və ya nümayəndələrinin ölkədəki ictimai-siyasi proseslərdəki iştirakı məsələsinə də öz münasibətini açıqlayıb: “Azərbaycan diasporu dünyada iki hissədən ibarətdir. Biri Azərbaycan vətəndaşı olan və qazanc arxasınca Rusiya və ya digər ölkələrə gedənlər, digərləri isə artıq xarici ölkələrdə oturaq həyat tərzi keçirəm və yaşadığı ölkənin vətəndaşı olanlardır. Azərbaycan vətəndaşlarının namizəd və ya seçici kimi iştirak hüququ qanunla mövcuddur. Amma xarici ölkənin vətəndaşı olan diaspora nümayəndələrinin Azərbaycandakı ictimai-siyasi proseslərə qatılmaq, müdaxilə etmək hüququ qanunla icazə verilmir və bu mümkün deyil”.

Bu il Azərbaycanda keçiriləcək seçkilərə namizəd olaraq qatılıb-qatılmaması haqda danışan E.Namazov bildirib ki, hazırkı məqamda seçkilərə təkcə namizəd olaraq qatılmağı düzgün hesab etmir: “Başlıca niyyət ölkədə demokratik mühitin formalaşması istiqamətində işlərin görülməsidir. Bu prosesdə iştirak etmək niyyətindəyəm. Həmin prosesin hansı formada həyata keçirilməsi, mənim burada rolumun nədən ibarət olacağı isə gələcəkdə aydınlaşacaq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188