Eldar Mansurov: İndi sənətdə tanınmağın meyarları dəyişib…
Bəstəkar Eldar Mansurovun qəlb oxşayan mahnıları könülləri dolaşır. Onun bəstələri neçə-neçə xarici musiqi saytlarının da bəzəyidir. Musiqimizin indiki durumu barədə həqiqi söz eşitmək istədikdə çox zaman Eldar müəllimə müraciət edirlər. Çünki səmimidir, gerçək olanı deyir.
— Ciddi bəstəkar əsərlərinin dinləyicisi azdır. Niyə?
— Hər yerdə şou hökmrandır. Bilirsinizmi, pul elə bir şeydir ki, bunu əldə etmək üçün sənət nədir, insan özünü də çox vaxt satır. Hər şeyin öz zamanı olur. Ciddi musiqinin də renessans dövrü ötən əsrdə başa çatdı. Bu gün insanlar tamam başqalaşıb. Əvvəllər musiqidə melodiyanın arxasınca gedirdilər. Ona görə də əvvəllər yazılmış mahnılar istər xarici, istərsə də yerli bəstəkarların olsun, insanın ürəyinə yatır, ona ləzzət edir.
Bu gün isə melodiya unudulub, diqqət yalnız ritmə verilir və buna da bu günün tələbatı deyirlər. Ona görə də indi dillərdən düşməyən melodik musiqi tapmaq çox çətindir. Mən deyəndə ki, Azərbaycanda musiqi sənəti tənəzzülə uğrarıyır, elə bilirlər geridə qalmışam
Götürək futbolu. Keçmişdə Ələkbər Məmmədov, Anatoli Banişevski, Kazbek Tuayev, Kramarenko, İsgəndər Cavadov, Maşallah Əhmədov kimilər vardı. Onlarının adlarını əzbər bilirəm. Amma bu günkü oyunçuları tanımıram. Baxırsan, özlərini meydanda elə aparırlar, elə bil Messi, ya da Ronaldodur.
Musiqidə də Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev kimi isimlər olub. Amma indi özünü «bəstəkar» sayanlar şəxsiyyətlərə şıllaq atırlar. Şəxsiyyətlər də abırlarını saxlamaqdan ötrü kənara çəkilirlər. Radioda mahnıları səsləndirəndə nə bəstəkarın adı deyilir, nə də sözlərin müəllifinin. Mahnılar bir-birinin ardınca efirə verilir, bilinmir kim nə oxuyur, nə üçün oxuyur? O qədər istedadlı, savadlı gənc musiqiçi var, onları xaricə göndərməyi özlərinə eyib sayırlar. Mütləq gərək uzunayaqlı, incəbel qəşəng qızlar olsun ki, Eurovisionda səhnəyə çıxıb avropalıların xoşuna gəlsinlər… Belə çıxır avropalıya şəkil göstərməliyik. Bəli, əladır, Bakı şəhəri günü-gündən gözəlləşir. Amma şəhərdə maşın sürmək mümkün deyil. Maşınla müqayisədə mənzil başına piyada daha tez çatırsan.
— Xaricdə işləmək təklifi almısız?
— Məni bu şəhərə bağlayan çoxlu bağlar var. Burada atamın, anamın, qohumlarımın məzarları var. Bəziləri çıxıb gedir, onları qınamıram, mən də getmək istəmişəm, amma getmirəm… Nə qədər Bakının daşı-divarı, insanları dəyişsə də, Bakı mənim Bakımdır. Keçmişdə şəhərdə adamlar tanımadıqları insanlarla salamlaşırdılar. Amma bu gün liftlə düşürük, bir blokda yaşadığım qonşum özünü tanımazlığa qoyur.
— Bir zamanlar Bəhram Mansurovun evində tez-tez musiqiçilər yığışar, məclislər qurularmış. Bu ənənə davam etdirilir?
— Bu məclislər bu gün qurulmur. Çünki hər zamanın öz ənənəsi var. Bəhram Mansurov özü Azərbaycan peşəkar ifaçılıq sənətinin yaradıcılarından idi, sənət adamları onun evinə yığılırdılar. Xaricdən musiqimizlə maraqlanan bir nəfər gələn kimi nazirlikdən atamın yanına göndərərdilər. Atamdan sonra bu ənənəni davam etdirdim, xaricdən gələnləri evimizdə qəbul edirdim. Amerikalı Cefri Verbax və fransalı Jan Dürinq birinci dəfə Bakıya gələndə mənim qonağım olublar. Və yaxud alman Yurgen Elsner kimi məşhur musiqişünaslar və bir çox başqaları Bakıda bizim evin qonağı olublar.
Bu gün artıq onlar Bakıya beynəlxalq musiqi simpoziumlarında iştirak üçün gəlirlər, görüşüb söhbətləşirik, keçmişi yada salırıq. Çünki onların bəziləri bizim evə atamın sağlığında da gəliblər. Bu gün onlar Bakıya dövlətin dəvəti ilə sanballı tədbirlərə gəlirlər, artıq mənim məclislər keçirməyimə ehtiyac qalmır.
— Bəhram Mansurov ifaçılıq sənətinin yaradıcılarından idi. Haradasa 60 ilədək Azərbaycan incəsənətinə xidmət etdi. Siz Eldar Mansurov müasir Azərbaycan estradasının yaradıcılarından sayılırsınız. Azərbaycan musiqisinin inkişafında Eldar Mansurovun əməyi çox olub, ya Bəhram Mansurovun?
— Mən heç vaxt özümü sənət baxımından atamla müqayisə etməmişəm və etmərəm də. Çünki Bəhram Mansurov elə mənim yaşım qədər Azərbaycan incəsənətinə xidmət edib. İndi populyarlaşmağa nə var ki, keçmişdə sənətkarlar sənətlə, savadla, qanacaq-qabiliyyətlə tanınırdılar, indi hoqqabazlıqla. İndi sənətdə tanınmağın meyarları dəyişib…