Elçin Şıxlının ad günündə mübahisə
İstanbul
Xəritədə bu ölkəni tapmaq çətindir. Ensiz və uzunsovdur onun yeri, «S» hərfinə bənzəyir. Vyetnam əhalisinin əksəriyyətini təşkil edən vyetlərin cənubdakı (Nam) ölkəsidir — Vyet + Nam. Bu yaxında onun iqtisadiyyatı haqda kiçik bir yazı oxudum. Bu əsrarəngiz ölkə sosialist düşərgənin süqutundan sonra Asiyanın yüksələn ulduzuna çevrilib. Çin, Şimali Koreya, Kuba ilə birlikdə özünü sosialist adlandıran son 4 ölkədən biridir Vyetnam.
Fransızlara, sonra da Amerika ordusuna qalib gələn bu qəhrəman xalq illərlə davam edən müharibənin izlərini uzun müddət silə bilmədi. 1980-lərin sonuna qədər Moskvanın səfeh doktrinləri və qəpik-quruş ianələri ilə, çətin də olsa, ayaqda qala bildi. Çıxış yolunu «perestroyka»nın Vyetnam variantı olan «doy moy»da gördü. Onun əsas məqsədi iqtisadi sistemin «kapitalist əhatəyə» adaptasiyası idi. 2011-ci il Vyetnam tarixinin növbəti dönüş nöqtəsi idi. Kommunist Partiyasının XI qurultayında «xarici təhlükə»nin aradan qalxdığı və Vyetnamın «kapitalist əhatəsində» də yaşayıb mövcud ola biləcəyi partiya sənədlərində yer aldı. Bu sənədlərdə «demokratiya» sözünün yerinə «demokratik mərkəziyyətçilik» sözündən istifadə etdilər.
Yaşlı nəslin fransızca, orta nəslin rusca, gənclərin isə ingiliscə danışdığı bir ölkədir Vyetnam. Bu da ölkənin qısa bir zaman dilimində necə qarışıq siyasi kataklizmlərdən keçdiyini göstərir. İndi Vyetnam dünyanın ən sürətlə böyüyən iqtisadiyyatından biridir. Hətta dünyanı yavaş-yavaş bürüyən iqtisadi böhran yelləri belə bu ölkədən yan əsir. 80 milyonluq əhalisi və qibtə ediləcək iqtisadi göstəriciləri ilə Vyetnamın yaxın gələcəkdə Yaponiyanın «taxtına» oturacağını proqnoz edirlər…
Bizim nəsil baş ağrısını «Vyetnam balzamı» ilə yox edir, qripi bu balzamın sehrli təsiri ilə yenirdi. Tələbə vaxtı imtahanlara bu ölkənin istehsalı olan yaşıl qəhvə tumlarından dəmlədiyimiz qəhvə ilə hazırlaşır, yay mövsümünü «vyetnamka» çəkələklə keçirirdik. Ərəb tələbələrinin şıdırğı alver elədiyi zaman vyetnamlı tələbələr gecə-gündüz demədən dərs oxuyurdular. Hələ o dövrdə öz brendlərini yaratmış bir ölkənin dünyanın güclü iqtisadi gücünə çevriləcəyi gözlənilən idi.
Vyetnam bu gün dünyanın neft istehsalı üzrə aparıcı ölkələrindən biridir. Ən önəmli mühəndisləri Azərbaycan Neft və Kimya İnstitutunun məzunlarıdır. Ölkənin neft sektoruna bir zamanlar bizimlə oxuyan tələbə dostlarımız rəhbərlik edirlər. O vaxtlar vyetnamlı tələbələr qızlı-oğlanlı yay-qış uzunqol köynəklər geyinirdilər, bədənlərinin heç bir nöqtəsinin görünməməsinə diqqət edirdilər. Çünki hamısı müharibə iştirakçısı idilər, bədənlərindəki güllə, mərmi, qəlpə izlərini göstərməkdən utanırdılar. Yaşca bizdən böyük idi çoxu, balaca boylu, cılız görkəmliydilər, amma cəngavər idilər, torpaqlarını azad etmiş insanın qürurlu ədası ilə dolaşırdılar. Amerika ordusunu yenmiş, canlarına «Vyetnam sindromu» salaraq dünyanın super gücünü əməllicə silkələmişdilər.
Savaşı qazanan Vyetnam Xalq Qurtuluş Ordusunun əfsanəvi komandanı Vo Nquyen Zyap bu ay 102 yaşında vəfat etdi. Vyetnam inqilabının Xo Şi Mindən sonra ikinci böyük lideri «hərb sənəti dahisi» idi. 1976-cı ildə Vyetnamın birləşməsindən sonra müdafiə naziri olan V.N.Zyap 1991-də partiya və dövlətdəki bütün vəzifələrindən azad edilmişdi. Deyilənlərə görə, general ömrünün son illərində sosializmi sorğu-suala çəkməyə başlayıbmış.
Elçin Şıxlının ad günündə ortaya general Zyap mövzusunu atdım. Etibar Babayev, Qulu Məhərrəmli, Arif Əliyev və başqa dostlar maraqlı fikirlər, faktlar söylədilər. Amma bu xalqın şücaətinin, mübarizliyinin səbəblərini hərə bir cür yozdu, mübahisəyə belə səbəb oldu. Sonda belə qənaətə gəldik ki, mən ən yaxşısı yazacağım məqaləmdə bu məsələyə yəqinlik gətirməyə çalışım…
Əhalinin 90 faizini yerli etnos olan vyetlər təşkil edirlər. Onlar çinlilərlə olan etnik, tarixi və mədəni bağlarını inkar etmir, amma Vyetnamın Çin olmadığını da hər fürsətdə vurğulayırlar. Çoxluq buddistlərdir, tarixi ənənələrinə olduqca bağlı, qatı mühafizəkardırlar. «Əcdadlarının ruhuna» olan kultları gündəlik həyatın ayrılmaz bir parçasıdır. Bu kult cəmiyyətdə birləşdirici, uzlaşdırıcı funksiya rolunu oynayır. Kultun üç mərtəbəsi var — ulu babalarına olan sitayiş, tarixi şəxsiyyətlərə olan sitayiş və imperatorun soyuna olan sitayiş.
Rəsmi təbliğatın əsas ünsürü xalqın qəhrəmanlıq tarixi, tarixi yaddaşın önəmidir. Vyetnamlılar, sadəcə, milli ruhlarının gücü ilə öyünmürlər, onlar həm də düşmənlərini bağışlamaları ilə də fəxr edirlər. 3 milyon insanın ölümünə yol açmış ABŞ-ın Vyetnam müharibəsi də bağışlanıbmı görəsən? Buna inanmaq xeyli çətindir. Yaxın tarixi unutmaq Vyetnam üçün faciə olardı, ölkənin aparıcı qüvvəsi millətin daim mübarizə ruhuna köklənməsindədir. Vyetnam Şərqi Avropa ölkələri kimi öz ideallarını inkar edib, onlara xəyanət etmədi. Halbuki bu yolu tutaraq kapitalist dünyaya inteqrasiya etmək daha asan idi. Ancaq xalq yenə də mübarizə yolunu tutdu.
Rus kanalları tez-tez Moskvadakı vyetnamlı qastarbayterlər haqda aşağılayıcı xəbərlər yayırlar. Cəmi 20-30 il əvvəl isə onları dünyanın ən qədim, ən nəcib xalqı kimi təqdim edirdilər. Əslində isə rus şovinistləri vyetnamlıya da Orxan Zeynalova baxdığı kimi baxırlar. Tarix isə öz bildiyini deyir. Bir vaxtlar güclü imperiya qurmuş, Konfutsi mədəniyyətinin qoruyucusu, Hind-Çinin hegemonu olmuş bir dövlətdir Vyetnam. Məğrurdur vyetnamlı, başı dik, alnı da açıqdır. Millətdir çünki…
[email protected]