El Hərəkatı cəmiyyətə təqdim olundu
Haqqında nə vaxtdan bəri söz gedən El Hərəkatı cəmiyyətə təqdim olundu. Hərəkatın ofisində keçirilən mərasimdə siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyətinin təmsiçiləri, ABŞ, Fransa, Almaniya səfirliklərinin, o cümlədən ATƏT və Avropa Birliyi təmsilçiləri iştirak edirdilər. İH sədri vəzifəsinə Eldar Namazov seçilib. Namazov hərəkatın yaradılması istiqamətində Təşəbbüs Qrupunun fəaliyyəti haqda məlumat verib, artıq hərəkatın 35 şəhər və rayonunda təşəbbüs qruplarının yaradıldığını deyib.
Təşəbbüs qrupunda professor Eldar Abbasov, politoloq Zəfər Quliyev, siyasətçi Köçəri Nağıbəyli, məşhur futbolçu Maşallah Əhmədov, Milli Olimpiya Komitəsinin keçmiş prezidenti Məhiyəddin Allahverdiyev, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və digərləri təmsil olunur. Namazov hərəkatın mövcud siyasi qüvvələrlə birlikdə olacağını deyib.
AXCP sədri Əli Kərimli ölkənin problemlərinin çox olduğunu, bu səbəbdən də demokratik qüvvələrin hərəkətlənməsinin məqsədəuyğun olduğunu söyləyib: “Çox şadam ki, hərəkat ölkədə seçki mühitinin demokratikləşməsini təqdir edir. Yaxşı haldır ki, siyasi qüvvələrin inteqrasiyası və qüvvələrin birliyi az müqavimətlə rastlaşır”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər hərəkatın yaradılmasını təqdir etməklə yanaşı seçki ilə bağlı mövqeyini də açıqlayıb. İ. Qəmbər bildirib ki, siyasi liderlərin h üzərinə düşən vəzifələrdən ən önəmlisi prezident seçkilərində iştirakla bağlıdır. O deyib ki, ”prezident seçkilərində namizəd olmağa haqqı olan dostlarını” bu addımı atmağa təşviq edib: “Eldar Namazovla da söhbətlərimizdə bu istiqamətdə danışıqlarımız olub”.
İ. Qəmbər deyib ki, namizədin kim olmasından asılı olmayaraq, hər birinin xalqın iradəsini qəbul etmək məcburiyyəti var: “Bu namizəd Eldar Namazov da, başqa dostlarımız da ola bilər. Hətta təcrübədən bilirsiniz ki, biz də ola bilərik. Bunu proses göstərəcək. Amma önəmli olan ölkədə vəziyyəti dəyişmək, demokratik islahatlara nail olmaqdır”.
Sonda El Hərəkatının bəyanatı da qəbul olunub. Bəyanatda hərəkatın ölkənin bütün müxalifət qüvvələri ilə əməkdaşlığa hazır olduğu bildirilib.