Muəllif:

Əjdaha və qəhrəman

Yevgeni Şvartsın böyüklər üçün «Əjdaha» nağılının Azərbaycan dilinə tərcüməsini bitirdim və hələ də güclü təsiri altında olduğum əsərdən ayrılmaq üçün, məndən çıxmayan iş, AzTV-nin düyməsini basdım. İstədiyim alınmadı: ekranda gördüyüm hər iki epizoddan hər biri yenə mənə həmin əsəri xatırlatdı. İlahi, nağıl deyilmiş bu! Nə gündəyik biz? İnsanların üst-başı təmiz, saçları səliqəli, görünüşləri məğrur, amma sözləri yalan, niyyətləri qərəzli, ruhları məddah. Nədir bu: televiziyanın yaratdığı mənzərə, yoxsa öyrəşdikləri həyat tərzi adamları belə dəyişib?
Necə fikirləşirsiniz, fikirləşin, amma televiziya, doğrudan, böyük qüvvədir, kameranın işığı, rentgen şüası kimi, adamın iliyinə işləyir.
Nağıl həcmcə böyükdür, bütünlüklə nə vaxt dərc etdirəcəyimi bilmirəm. Amma televiziyaya baxanda yadıma düşən səhnələrdən birini sizə danışmaq istəyirəm.
Lanselot adlı qəhrəman macəra axtarışında bir şəhərə gəlib çıxır. Dörd yüz ildir ki, əjdaha bu şəhərin əhalisini qorxu altında saxlayır. Etiraz edənləri öldürür, narazıları həbsxanada çürüdür. İnsanlar da artıq buna öyrəşiblər, hətta əjdahanı öz xeyirxahları hesab edirlər («Başqa əjdahalardan yaxa qurtarmağın yeganə yolu öz əjdahanın olmasıdır»). Hər il şəhər əjdahaya böyük bac-xərac, ən gözəl qızlarını verir, hər ay min inək, iki min qoyun, beş min toyuq və iki pud duz əta edir. Yay və payızda buna on bostanın kahısı, ispanağı və gül kələmi əlavə olunur. Lanselot insanları zülmdən qurtarmaq qərarına gəlir. Buna görə əksəriyyətin tənəsi ilə üzləşir («E-e, sakit yaşayırdıq da…»). Əjdaha da, hər ehtimala qarşı, döyüşdən yayınmaq üçün Lanselotu inandırmaq istəyir ki, bu adamların uğrunda döyüşməyə, həyatını risqə atmağa dəyməz. Vuruşdan əvvəl onların arasında belə bir dialoq baş verir:
«Əjdaha. …Mənim adamlarım çox dəhşətlidirlər. Belələrini heç harada tapa bilməzsiniz. Mənim işimdir. Onları mən yoğurmuşam.
Lanselot. Buna baxmayaraq onlar yenə də insandırlar.
Əjdaha. Üzdən.
Lanselot. Yox.
Əjdaha. Onların qəlbinə nəzər sala bilsəydin, ah, bütün bədənin əsərdi.
Lanselot. Yox.
Əjdaha. Qaçıb gedərdin. Bu şikəstlərə görə ölməyə razı olmazdın. Onları mən, əzizim, şəxsən şikəst etmişəm. Necə lazımdır, sındırmışam. İnsanın ruhu çox dözümlüdür. Bədəni iki yerə bölsən, adam canını tapşırar. Onun qəlbini parçalasan, quluna çevrilər, vəssalam. Yox, yox, sən belə ruhları heç harada tapa bilməzsən. Yalnız mənim şəhərimdə! Əlsiz ruhlar, ayaqsız ruhlar, kar və kor ruhlar, zəncirli ruhlar, quduz ruhlar, lənətlənmiş ruhlar. Bilirsən, niyə Vali özünü ruhi xəstə kimi aparır? Ruhunun yerli-dibli olmadığını gizlətmək üçün. Deşik ruhlar, ölü ruhlar. Heyf, çox heyf ki, onlar gözə görünməzdirlər.
Lanselot. Bu, sizin xoşbəxtliyinizdir.
Əjdaha. Niyə mənim?
Lanselot. İnsanlar öz ruhlarının nə günə düşdüyünü görüb dəhşətə gələrdilər. Onlar ölümə gedərdilər, amma kölə qalmaq istəməzdilər. O zaman sizi kim yedizdirərdi?
Əjdaha. Kim bilir, bəlkə də düz deyirsiniz. Hə, başlayaq?
Lanselot. Başlayaq.»
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 250