Muəllif:

Əhmədinejad: «Məhkəmə sistemini ailə müəssisəsinə çeviriblər»

İslam Respublikası hakimiyyəti daxilində qarşıdurma davam etməkdədir. Vəziyyət çətinləşdikcə hakimiyyətin qolları arasında ziddiyyət də kəskinləşir. Ötən həftənin sonunda qanunverici və məhkəmə sisteminin ali icraedici orqana qarşı dayandığı açıq-aşkar təsdiqləndi. Ölkə Ana Yasasına əsasən, ali rəhbərdən (hazırda bu vəzifəni ayətullah Seyid Əli Xamneyi tutur) sonra ölkənin başçısı prezidentdir (indi Mahmud Əhmədinejatdır).
Əhmədinejad Misirə səfəri ərəfəsində jurnalistlərə açıqlamasında Sosial Təminat Təşkilatının rəhbəri Səid Mürtəzəvinin həbsinə kəskin reaksiya vermişdi:
«Mürtəzəvinin tutulması xəbərini eşitdim. Təəssüf hissi keçirirəm. Başa düşə bilmirəm, axı niyə belə olmalıdır?! Bir nəfər qanunu pozub. Ancaq qanunu pozanı yox, həmin qanun pozuntusundan xəbər tutub bu barədə məlumatı yayanı həbsə salırlar. Bu, çox çirkin bir hərəkətdir.
Hesab edirəm ki, İran Məhkəmə Sistemi xalqın məhkəmə sistemi olmalı, xalqa xidmət etməlidir. Bu qurum özəl bir ailə təşkilatı deyil, olmamalıdır da. Mən Misir səfərindən qayıdandan sonra Mürtəzəvinin həbsə salınması məsələsini ciddi şəkildə araşdıracam».
İran prezidenti bildirib ki, ölkənin məhkəmə sistemi «ailə müəssisəsinə çevrilib».
Mürtəzəvinin həbsi ilə bağlı sanksiyanı parlamentin sədri Əli Laricaninin qardaşı Sadiq Laricani verib. Həbsin motivləri barədə hələlik açıqlama verilmir. Yeri gəlmişkən, o, 2009-cu ilədək Tehranın prokuroru olub. Əhmədinejadın yaxın adamlarından olan Mürtəzəvi Sosial Təminat Təşkilatının rəhbəri idi. Onu evə gedəndə ETTELAAT əməkdaşları tutmuşdular.
Həbsin səbəbi haqda hər hansı açıqlama yayılmasa da, onun fevralın 3-də parlamentdə Əhmədinejadla parlament sədri Əli Laricani arasında baş vermiş qalmaqala görə tutulduğu bildirilirdi. Həbsə rəsmi əsas kimi bir müddət əvvəl açılmış cinayət işlərinin göstəriləcəyi gözlənirdi. Həmin cinayət işlərinin əksəri 2009-cu ilin iyununda prezident seçkilərindən sonra qanunsuz «Kəhrizək» zindanında müxaliflərə qarşı törədilən cinayətlərlə bağlıdır. O vaxt Mürtəzəvi Tehranın prokuroru olub. İran parlamentinin 2010-cu ilin yanvarında müzakirə etdiyi bir hesabatda Mürtəzəvinin «Kəhrizək»dəki işgəncələrə başçılıq etdiyi vurğulanıb. Hesabatda bildirilib ki, etiraz aksiyalarında tutulan 147 nəfər Mürtəzəvinin əmri ilə «Kəhrizək» zindanına salınıb və burada müxtəlif təzyiqlərə, işgəncələrə məruz qoyulub.
Mürtəzəvinin adı 2004-cü ildə Tehranda tutulub təzyiqlər altında dindirilərkən başından aldığı zərbə nəticəsində komaya düşən İran əsilli kanadalı jurnalist Zəhra Kazıminin qətlində də hallandırılır. İndiyədək Mürtəzəviyə qarşı bir neçə cinayət işi açılsa da, Əhmədinejad onun məsuliyyətə cəlb olunmasına imkan verməyib, eyni zamanda Mürtəzəvinin Sosial Təminat Təşkilatının rəhbəri təyin edilməsinə nail olub.
2013-cü il fevralın 3-də İranın sosial və əmək naziri Əbdülrza Şeyxülislam bir çox cinayətdə ittiham olunan Səid Mürtəzəvinin Sosial Təminat Təşkilatına rəhbər təyin edilməsinə görə İran parlamentində sorğu-suala tutulub. Dinləmənin yekununda Əbdülrza Şeyxülislaminin işdən azad edilməsi təklifi səsə qoyulub. 192 deputat təklifin lehinə, 56 nəfər əleyhinə səs verib. 24 nəfər bitərəf qalıb.
Səsvermədən əvvəl sosial və əmək nazirini dəstəkləmək üçün parlamentə gələn Əhmədinejad çıxışı zamanı gözlənilmədən İran parlamentinin sədri Əli Laricaninin qardaşı Fazil Laricani ilə Səid Mürtəzəvi arasında gedən bir söhbətin gizli lent yazısı parlament tribunası mikrofonundan yayılmağa başlayıb. Əhmədinejad bu səs yazısını yaymaqla dolayı yolla Əli Laricani və onun qardaşlarını vəzifələrindən sui-istifadə etməkdə, öz maddi maraqlarını güdməkdə günahlandırıb. Səs yazısında Fazil Laricani Səid Mürtəzəviyə bir təklif verir. Təklif belədir:
«Səid Mürtəzəvi Fazil Laricanini Sosial Təminat Təşkilatına bağlı şirkətləri satın almaq istəyən bir şəxslə tanış etsin, Fazil Laricani həmin şəxsin işlərini aparsın». Səs yazısında Fazil Laricani Səid Mürtəzəviyə deyir ki, təklif reallaşsa, o, öz qardaşlarının, yəni Laricanilərin nüfuzundan yararlanaraq Sosial Təminat Təşkilatının fəaliyyətində yarana biləcək maddi problemlərin həllinə yardım göstərər.
Gizli səs yazısının yayılmasını özünə və qardaşlarına qarşı təxribat adlandıran spiker Əli Laricani prezident Əhmədinejadın sözünü kəsərək ona qarşı sərt bəyanatlar səsləndirib. Əhmədinejad Əli Laricaniyə cavab vermək üçün ona vaxt ayrılmasını istəyib. Ancaq parlamentin sədri prezidentin tələbini rədd edib. Bundan sonra Əhmədinejad iclası yarımçıq qoyaraq parlamenti tərk edib.
Səid Mürtəzəvi Tehranın Evin zindanında bir sutka saxlanıldıqdan sonra sərbəst buraxılıb. Mürtəzəvinin hansı şərtlərlə sərbəst buraxıldığı haqda məlumat yayılmasa da, İranda islahatçılara yaxın mənbələr bildirir ki, Mürtəzəvi İranın ali lideri Xamneyinin fevralın 5-də Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi Sadıq Laricani ilə görüşündən sonra azad edilib.
Səid Mürtəzəvi fevralın 4-ü axşam işdən çıxıb evə gedəndə ETTELAAT və Tehran prokurorluğu əməkdaşları tərəfindən tutularaq Evin zindanına aparılmışdır.
Məhkəmə Sisteminin rəisi Sadıq Laricani açıqlamasında parlamentdə baş vermiş qalmaqaldan və prezident Əhmədinejadın çıxışından danışıb.
«Media forum» saytına istinadən, Sadıq Laricani deyib ki, fevralın 3-də parlamentdə baş vermiş qalmaqal əhalinin kəskin narahatlığına səbəb olub:
«Prezident Əhmədinejadın parlamentdəki sözləri ağ yalandır. Mən prezidentin öz çıxışında İran Məhkəmə Sistemindəki hakimlərə, deputatlara və digər rəsmilərə qarşı yağdırdığı ittihamları ağ yalan və böhtan sayıram. Prezidentin bu hərəkəti qanun və şəriət qaydalarına qarşı zidd addımdır. Mən bunu cinayət sayıram.
Lakin bütün bunlara baxmayaraq, mən ölkənin dini liderinə tabe olduğuma görə sistemin məsləhətini nəzərə alaraq hələlik susuram və yalnız vaxtı gələndə ölkədəki fitnə və azğın cərəyanları, iqtisadi fəsadın arxasında duranları ifşa edəcəyəm».
Əhmədinejad fevralın 5-də Misirə səfəri ərəfəsində jurnalistlərə açıqlamasında Sosial Təminat Təşkilatının rəhbəri Səid Mürtəzəvinin həbsindən danışarkən İran Məhkəmə Sisteminin müstəqil olmamasına, yalnız müəyyən şəxslərə qulluq göstərməsinə eyham vurmuşdu:
«Hesab edirəm ki, İran Məhkəmə Sistemi xalqın məhkəmə sistemi olmalı, xalqa xidmət etməlidir. Bu qurum özəl bir ailə təşkilatı deyil, olmamalıdır da».
Beləliklə, İranda prezident seçkisi kimi ciddi siyasi kampaniya yaxınlaşdıqca hakimiyyətdaxili gizli ziddiyyətlər və münaqişələr aşkar şəkildə üzə çıxmağa başlayacaq. Bu həm də ölkədə baş verən böhranlı vəziyyətin təzahürü sayıla bilər. Bir-birinə qarşı mübarizə aparan rejimiçi qüvvələrin bundan sonra daha sərt çıxışlar edəcəyi də istisna deyildir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 165