Muəllif:

Əfqanıstan 2014 və Azərbaycanın baxışı

Bəlli olduğu kimi, 2014-cü ilin sonuna qədər Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) öz mövqelərini tamamilə yerli qüvvələrə təhvil verməlidirlər. Azərbaycan Respublikası 2014-cü ildən sonrakı Əfqanıstanın sabitliyinin qorunmasında əsas rol oynayacaq 8 tərəfdaş ölkədən biri seçilib. «Simulyativ Proqnozlar» Araşdırma Mərkəzi «Ordunun Aynası»na göndərdiyi açıqlamada Azərbaycanın bu prosesdəki rolunu və çatışmazlıqları şərh edib.
Mərkəzin araşdırmasına görə, Azərbaycanın bu prosesdə əsas rolu bunlardan ibarətdir:
1) Beynəlxalq missiyanın daşımaları üçün hərtərəfli (bütün daşımalar baxımından) tranzit ölkəsi olaraq qalmaq;
2) Əfqanıstan hökuməti ilə siyasi-iqtisadi və hərbi əməkdaşlıq münasibətlərini ehtiva edəcək xüsusi sazişin imzalanması, iki ölkə arasında strateji əməkdaşlıq hədəflərini, öhdəlikləri, mənfəətləri və riskləri əhatə edən strateji sənədin imzalanması;
3) Əfqanıstanın hərbi-strateji baxımdan özünə güvənən ölkə olması üçün maliyyə vəsaitlərinin ayrılması;
4) Əfqanıstanın təhlükəsizlik və müdafiə sektorunun kadrlarının hazırlanması işi istiqamətində Azərbaycanın Ali Hərbi Məktəblərinin təklifləri;
5) Əfqanıstanın dövlət idarəetməsi üçün, eyni zamanda, hüquq-mühafizə strukturları üçün kadrların hazırlanmasında dəstək;
6) Azərbaycanın hərbi-mülki mütəxəssislərinin Əfqanıstanda çalışması və bu ölkənin Silahlı Qüvvələrinə təlimlərin keçirilməsi;
7) Minatəmizləmə sahəsində Azərbaycanın milli təşkilatlarının, xüsusilə də ANAMA-nın fəaliyyət spektrinin genişləndirilməsi;
8) Əfqanıstanın hərbi-strateji sənədlərinin hazırlanması istiqamətində dəstək;
9) Əfqanıstan təhlükəsizlik və müdafiə sektorunun ehtiyacları üçün lazımi müdafiə sənayesi avadanlıqları, yüngül silahlar, rabitə, cihazlar və s. baxımdan Azərbaycanın fəallığı, Azərbaycanın Müdafiə Sənayesi obyektlərinin Əfqanıstanın hərbi ehtiyacları üçün istehasal proqramına malik olması.
«Simulyativ Proqnozlar» Araşdırma Mərkəzi hesab edir ki, Azərbaycanın bu prosesdə çatışmazlıqları da mövcuddur. Ən əsas çatışmazlıq Azərbaycanın bu günə qədər Əfqanıstanla bağlı rəsmi vizionunun — strategiyasının sənəd şəklində olmamasındadır. Bu səbəbdən rəsmi Bakı Əfqanıstanın təhlükəsizliyi istiqamətində tranzit rolu oynadığını tez-tez onu siyasi baxımdan tənqid edən Qərb dövlətlərinə xatırlatmaqdadır. Azərbaycanın tez-tez Qərb demokratiyası ilə qarşı-qarşıya gəlməsi, Əfqanıstanın perspektivinə yönəlir və bir sıra addımların effektliyini sual altına salır. Mərkəz qeyd edir:
1) Azərbaycanın Əfqanıstana dair siyasəti şəffaf deyil. İndiyə qədər rəsmi Bakı tərəfindən Əfqanıstanın təhlükəsizliyi məqsədilə milyonlarla dollar vəsait ayrılıb, amma bu vəsaitlərin necə istifadə olunması barədə informasiya ictimaiyyət üçün açıq deyil.
2) Azərbaycanın Əfqanıstanın təhlükəsizliyinə hazırda yatırdığı və gələcəkdə yatırılması planlaşdırılan kapitalla bağlı ciddi risklər qalmaqdadır. Bu risklərin necə qarşılanacağına dair ciddi sənəd böyük ehtimalla ortada yoxdur.
3) Əfqanıstanın təhlükəsizliyinə tranzit və maliyyə dəstəyi verməsi Azərbaycanda demokratiyanın inkişafına mənfi baxımdan təsir göstərməkdədir. Qərb ölkələri Azərbaycanın qeyd olunan roluna görə bir çox hallarda ölkədaxili problemlərə, islahatların aparılmamasına göz yumurlar.
Mərkəz hesab edir ki, qeyd edilən suallara cavab verilməsi zərurətdir. Əks halda Azərbaycanın beynəlxalq təhlükəsizlik proseslərində iştirakı ilə bağlı cəmiyyətdə daha ciddi suallar yarana bilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 191