Ədalət axtarışında
Ankara
«Qarabağ heç vaxt bugünkü qədər bizimki olmayıb». Yəqin ki, bu cümlənin səsləndiyi şərait bir çoxlarının yadındadır. Qarabağ üzərində nəzarəti itirməyə başladığımız dövrlər idi. Bunu hamı başa düşürdü. Həmin zalda oturanlar isə, yəqin ki, hamıdan daha yaxşı başa düşürdülər. Ən azından onların böyük bir qismi. Amma yenə də bu cümlə zaldakılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Lap indiki kimi.
İyirmi ildir ki, ən azı gündə bir neçə dəfə məşhurluq səviyyəsinə görə yadınıza saldığım fikrin müəllifindən geridə qalmayan xanımlar və cənablar bütün mümkün kommunikasiya vasitələrindən istifadə edərək bizi inandırmağa çalışırlar ki, istənilən an Qarabağı geri qaytarmaq imkanımız var. Bizim üçün bu, aparılan müdrik daxili və xarici siyasətin nəticəsində su içmək kimi sadə bir işdir. Amma nə üçünsə iyirmi ildir dözürük. Deyilənə görə, qan tökülməsini istəmirik.
Onu da qeyd edim ki, vəziyyətimiz 90-cı illərin əvvəllərindən dəfələrlə ağırdır. Birincisi, ona görə ki, həmin illərdə bu cür cəfəng fikirləri səsləndirməyə tək-tük adamın cəsarəti çatırdı. Qalanları susmağı üstün tuturdular. Yəni gülüş və rişxənd obyektinə çevrilmək istəmirdilər. Belələrini axtarıb tapmaq lazım idi. İndi isə nüfuz sahibləri bir-biri ilə yarışa giriblər. Görünür, bazar iqtisadiyyatına keçidlə bağlı ictimai nüfuzun ölçü vahidi dəyişib. Amma bu, başqa söhbətin mövzusudur…
İkincisi, kommunikasiya vasitələrinin sayının çoxluğu və rəngarəngliyi onlardan can qurtarmağa imkan vermir. Qapıdan qovursan, pəncərədən soxulurlar. Keçmiş günləri həsədlə yada salmaqdan başqa çarəmiz qalmır. Nə internet vardı, nə də sosial şəbəkələr. Bir-iki televiziya kanalından, bir neçə qəzetdən başqa, doğrudan da, kütləvi informasiya vasitəsi yoxdu. Baxmaq, eşitmək, oxumaq istəmirdin, söndürürdün televizoru, atırdın qəzeti bir kənara, çıxırdın məhəlləyə, dost-qonşuya ürəyini boşaldırdın. Heç kim də sənə gözünün üstə qaşın var demirdi. İndi isə olmaz. Lap «Uzaq sahillərdə» filmindəki kimi şəhərdə «narazılar» kateqoriyasından olanlar üçün «iki-iki, üç-üç» gəzmək olmaz. İcəzəsiz kütləvi etiraz aksiyası təşkilində ittiham oluna bilərsən. Ən yaxşı halda bir illik maaşından məcburən vaz keçməli olacaqsan. Amma üç aylığa azadlığını və nəticə etibarı ilə iş yerini də itirə bilərsən. Axı hansı işverən, söhbət bu sözün hərfi mənasından gedir, səni üç ay gözləyəcək.
Ona görə də evdə oturub ünlü və nüfuzlu insanların cəfəngiyatlarını oxumaq, onları dinləmək daha təhlükəsizdir. İkisindən biri baş verəcək: istedadın varsa, populyar lətifələr müəllifinə çevriləcəksən. Bu halda həbs edilmək təhlükəsi lətifələrinin populyarlığına mütənasib olaraq artacaq. Heç bir istedadın yoxsa, gec-tez sənə aşılanan bütün bu cəfəngiyatın yeganə və mütləq həqiqət olduğuna inanacaqsan. Yəni sözün əsl mənasında xoşbəxt insana çevriləcəksən. Nəzəri olaraq üçüncü yol da var. Haqqında danışılan ünlü və nüfuzlulardan birinə çevrilməyə cəhd göstərmək olar. Amma indi 90-cı illərdən fərqli olaraq bu arzuda olanların sayı o qədərdir ki, müasir dövrün «tələblərinə» cavab verən ünlü və nüfuzlu statusunu qazanmaq üçün çox böyük rəqabət gedir. Yəni bu rəqabətdən qalib çıxmaq imkanı demək olar ki, sıfıra bərabərdir.
Qarabağ münaqişəsindən danışarkən istər-istəməz 90-cı illərlə daha bir analogiya aparmaq zərurəti yaranır. 25 ildir ki, biz ədalət axtarışındayıq. 25 il öncə ədaləti Moskvadakı Mərkəzi Komitədə, üzdəniraq Lenin prinsiplərində axtarırdıq, indi isə beynəlxalq ictimaiyyətdə, beynəlxalq hüquq normalarında. Onda çoxlarının Qorbaçovu ittiham etməyə cəsarəti çatmırdı. Əslində o dövrün «narazılar»ından başqa heç kimin. Onları isə barmaqla saymaq olardı. O dövrün «narazılar»ından biri belə dövlət xadimi deyildi. İndi isə hamı qorxusuz-hürküsüz beynəlxalq təşkilatları ikili standartlarda ittiham edir və onları ədalətli olmağa çağırır. Bir sözlə, yenə də ədalət arayışındayıq.
Mənə deyə bilərlər ki, bu gün bizim haqq səsimizi eşidənlərin sayı artıb. Yəqin ki, belədir. Amma paradoksu görməmək olmur. Bizim haqq səsimizi eşidənlərin, dəstəkləyənlərin sayı, yəqin ki, artıb. Amma əminəm ki, bizim doğrudan haqq və ədalət arayışında olduğumuza inananların sayı 25 il öncəkindən də azdır. Bunun da çox bəsit səbəbləri var. Birincisi, ədalət arayışında olan dövlət, ictimai toplum öz vətəndaşlarının, öz üzvlərinin haqqını tanıyar və müdafiə edər. Bizdə isə acaib bir şərait yaranıb. Beynəlxalq təşkilatlar iqtidarımızı insan haqlarını pozmaqda ittiham edən kimi, bizim ünlülər və nüfuzlular onları Qarabağ münaqişəsinin həllində ikili standartlardan imtinaya çağırırlar. Belə çıxır ki, iqtidarımız beynəlxalq təşkilatların əvəzini vətəndaşlarımızdan çıxır. Yəni beynəlxalq təşkilatlar Qarabağ məsələsinin həllində ikili standartlardan əl çəkən kimi iqtidarımız demokratikləşəcək, Azərbaycan Respublikasının vətəndaşlarının insan haqlarına hörmət edəcək. Ağlasığmaz məntiqə əsaslanan bir mövqedir. İndi deyin görək bizə necə inansınlar?!
İkincisi, biz hətta öz keçmişimizin haqqını tanımaq istəmirik. Müstəqillik günümüzdən imtina etdik. Bir ona görə ki, indiki iqtidarın, onun keçmişinin bu yaxın tariximizin inşası ilə heç bir əlaqəsi yox idi. Bu günlərdə birinci Respublikamızın elanı gününü qeyd etdik. Müstəqilliyimizin bərpasından 23 ilə yaxın vaxt keçib. Amma yenə də müstəqil Azərbaycanımızın paytaxtında birinci respublikanın liderlərinin adlarına layiq bir abidə ucaldılmayıb. Bəlkə paramız çatmır?! Bu illər ərzində Azərbaycanın ən ucqar guşələrində belə, bir çox xarici dövlətlərdə bir insanın heykəlini qoymuşuq, onun adına parklar, küçələr salmışıq. Amma birinci respublikanın liderlərinin xatirəsini adlarına və xidmətlərinə layiq şəkildə əbədiləşdirməyə imkanımız olmadı? Məmməd Əmin Rəsulzadəni, daha doğrusu, onun heykəlini belə Bakının mərkəzinə layiq görmədik.
Sabəbi də çox sadədir. Biz birinci respublikanın insanların yaddaşında tariximizin ən parlaq səhifərindən biri kimi deyil, yalnız kiçik bir epizod kimi qalmasını istədik. Hər şey bir məqsədə tabe olunub: bütün tarixi keçmişim keçən əsrin 90-cı illərinin kölgəsində qalsın. Biz özümüz tarixi haqqımızı dandıq. Bundan sonra başqaları bizə necə inansınlar?!
Və nəhayət, üçüncüsü, biz beynəlxalq aləmdə hər kəsi və hər şeyi satın almağa hazır alverçi imicini qazandıq. Builki Avroviziya Mahnı Müsabiqəsi zamanı bizim tərəfimizdən ayrı-ayrı ölkələrdə səslərin satın alınması ilə bağlı qalmaqal baş verdi. Əslində bu xoşagəlməz faktın, doğrudan da, baş verib-verməməsinin elə bir əhəmiyyəti yoxdur. Şou-biznesdə nəticəyə müxtəlif vasitələrlə nail olurlar. Konkret halda isə söhbət şou-bizneslə siyasətin calağından gedir.
Amma bizimlə bağlı qalmaqalda insanı dəhşətə gətirəcək bir məqam var. Dəhşətlisi odur ki, heç kim baş verənləri ciddi bir qalmaqal kimi «ürəyinə salmadı». Əslində isə heç qalmaqal kimi də dəyərləndirmədilər. Çünki söhbət Azərbaycandan gedirdi. Nəyə də təəccüblənsinlər?! Axı Azərbaycan beynəlxalq münasibətlətdə milli koloritimizə uyğun yeni bir terminin yaranmasının sabəbkarıdır. Söhbət «kürü diplomatiyası»ndan gedir. «Kürü diplomatiyası»nın bəhrələrindən dadmaq istəyənləri hər yerdə tapa bilərsiniz. Amma bundan sonra kimisə haqq və ədalət arayışında olduğunuza inandıra bilməzsiniz…
[email protected]