Muəllif: Redaksiya
Əcnəbinin yaratdığı QHT-də sədr müavini bizim vətəndaş olmalıdır
Milli Məclisin bu günkü iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Əlavə və dəyişikliklərdən biri odur ki, Azərbaycanda qeyri-hökumət təşkilatı yaratmaq istəyən əcnəbilərə şərt tətbiq olunacaq. Qanunun 7.5-ci maddəsinə edilən əlavəyə əsasən, əcnəbilər ölkədə təşkilat yaradarkən mütləq özlərinə müavin olaraq Azərbaycan vətəndaşı götürməli olacaqlar. Əlavədə deyilir ki, əcnəbi və ya vətəndaşlığı olmayan, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.
Digər dəyişikliyə əsasən, Azərbaycanda ləğv olunan qeyri-hökumət təşkilatları (QHT) əmlaklarını hansı məqsədlərə sərf edəcəkləri barədə dövlətə rəsmi bilgi verməli olacaqlar. QHT ləğv edildikdə, öz əmlakının müvafiq məqsədlərə yönəldilməsi barədə məlumatları və bunu təsdiq edən sənədləri hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına (Ədliyyə Nazirliyi) təqdim etməlidir.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 125