Muəllif:

DYP: «nəşəli» sürücü «sərxoş» deyə təsbit edilir…

Bəlli olur ki, bizim ölkədə DYP yollarda narkotik vasitə qəbul edərək sükan arxasına oturub nəqliyyat vasitəsini idarə edən sürücülər də müəyyən edilir, lakin onlar «sərxoş» deyə təsbit edilir və statistikaları aparılmır. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev mətbuata bildirib ki, 2013-cü ilin əvvəlindən etibarən narkotik istifadəçisi olan sürücülərin müəyyən edilməsi məqsədilə narkotestlər tətbiq olunur:
«Yoxlamalar Almaniya istehsalı olan birdəfəlik testerlər, o cümlədən postlarda quraşdırılmış laborator tipli xüsusi narkotester cihazlar vasitəsilə aparılır. Cihazların həcmi iri olduğuna görə, onların yol polisi avtomobillərində quraşdırması və istifadəsi mümkün deyil. Lakin birdəfəlik narkotesterlərdən isə hətta naryadda olan piyada yol polisi əməkdaşları da istifadə edə bilirlər.»
Lakin Kamran Əliyev qeyd edib ki, narkotik vasitə qəbul edərək sükan arxasına oturub nəqliyyat vasitəsini idarə edən sürücülərin ayrıca olaraq statistikası aparılmır. Çünki qanunla onlar da sərxoş sürücülər kimi qeydə alınırlar:
«Yol hərəkəti haqqında» Qanunda göstərilir ki, nəqliyyat vasitələrini idarə etmək hüququ olan və ya olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində idarə edilməsinə görə nəzərdə tutulan cəza eynidir. Ona görə də adıçəkilən 4 halda aşkar edilmiş sürücülərin hamısının vəziyyəti sərxoş kimi qiymətləndirilir. Burada sərxoşluq insanın ümumi vəziyyəti kimi qiymətləndirildiyindən nəqliyyat vasitəsini narkotik maddə qəbul edərək idarə edən sürücülər də sərxoş kimi qeydə alınır və onların ayrıca statistikası aparılmır.»
Qeyd edək ki, 2013-cü ilin əzzəvlindən etibarən Yol Patrul Xidməti Alayının bütün tağımları «narkotester» cihazı ilə təmin edilib. Almaniya istehsalı olan bu cihazın köməyi ilə 6 növ üzrə narkotik maddəni aşkar etmək mümkündür. Əgər sürücü bu maddələrdən birini qəbul edibsə, elə cihaz vasitəsilə həmin an hər şey aydınlaşır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 367