Muəllif:

Dustaqlardan nə xəbər var?

Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istəyənlərə qarşı Tehran hakimiyyətinin təzyiqləri ara vermir. Ötən həftə də İranın uyğun qurumları bu yöndə «fəaliyyətlərini» davam etdirdilər. Jurnalist Həsənəli Bədəli Ərdəbildə yerli ETTELAAT bölməsinə çağırılaraq dindirilib. 5 saat çəkən dindirmədə Həsənəli Bədəli Beynəlxalq Ana Dili Günü (21 fevral) münasibətilə Güney Azərbaycanda keçiriləcək mərasimlərə hazırlıq fəaliyyətlərinə görə sorğu-suala tutularaq, təhdid edilib. Həsənəli Bədəli Beynəlxalq Ana Dili Günü mərasimlərə qatılmayacağı haqda yazılı iltizam verdikdən sonra sərbəst buraxılıb…
Behnam və Bəhram Cəfərinin barəsində çıxarılan məhkəmə qərarı Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib. Urmiya gölünün qurumasına etiraz aksiyaları zamanı Təbrizin «Namaz meydanı»nda tutulan bu azərbaycanlılar yerli ETTELAAT şöbəsinin təcridxanasında 20 gün saxlandıqdan sonra 30 milyon tümənlik mülk vəsiqə qarşılığında azadlığa buraxılıb və Təbrizin İnqilab Məhkəməsində imza atdığı qəddar hökmləri ilə bütün dünyada ad çıxarmış hakim Həmlbər tərəfindən mühakimə olunublar. Hakim azərbaycanlı fəalları «sistemin əleyhinə təbliğat»da təqsirləndirərək, onların hər birini 500 min tümən cərimə ödəməyə məhkum edib.
Xoy şəhərindəki İnqilab Məhkəməsinin birinci şöbəsi Cəfərzadə ailəsinin dəfn mərasimində tutulan 4 azərbaycanlı barəsində həbs qərarı çıxarıb. Həmid Həqqi, Əfşin Şahbazi, Kiyan Peyğami və Həmid Manafi «daxili asayişi pozmaq məqsədi ilə qruplaşmağa cəhd» göstərməkdə suçlanıblar. Onların hər biri 2 il müddətinə asılı saxlanılmaqla 6 ay həbs cəzasına məhkum ediliblər.
Qeyd edək ki, adı çəkilən şəxslər təxminən daha 60 nəfərlə birlikdə tanınmış azərbaycanlı fəal mərhum İbrahim Cəfərzadə və onun ailəsinin dəfn mərasimində 2011-ci il sentyabrın 28-də tutulmuşdular.
Xoy İnqilab Məhkəməsi «asayişi pozmaqda və hakimiyyətə qarşı fəaliyyətdə» təqsirləndirilən azərbaycanlı jurnalisti 6 ay həbs cəzasına məhkum edib. Qərarın icrası üçün Y.Kərimi ETTELAAT əməkdaşları tərəfindən fevralın 9-da Xoy şəhərindəki evində həbs edilib.
Qeyd edək ki, Y.Kərimi Həmədan şəhərində çap olunan «Sina» qəzetinin yazarlar heyətinin üzvü, «İldırım» qəzetinin baş redaktoru, «Əvrin» və «Aydın səhər» QHT-lərinin təsisçisi olub. O daha öncə də 2010-cu ildə həbs edilib.
Güney Azərbaycanın Məlikkənd sakini ictimai fəallar Mehdi Kuxian və Abbas (Oxtay) Vəlizadə ETTELAAT idarəsindən Marağa zindanına köçürülüblər. 2012-ci il dekabrın 31-də Marağada tutulan bu gənclər öncə şəhərin ETTELAAT idarəsinə aparılıb, orda sorğu-suala tutulduqdan sonra zindana köçürülüblər. Kuxian və Əlizadə bir həftə Marağa zindanının ən ağır şəraitdə olan karantin bölməsində saxlanılıblar. Məlumata görə, Mehdi Kuxianın səhhətində problemlər var. Ancaq hələ də müalicə olunmayıb.
Təbrizin mərkəzi zindanında saxlanılan tanınmış ziyalı Həsən Ərkin səhhətində ciddi problemlər yaranıb. Urmiya gölünün qurumasına hakimiyyətin laqeyd münasibəti ilə bağlı Təbrizin Qumtəpə məhəlləsindəki yığıncaqda tutulub. Onurğasında və ürəyindəki ağrılardan və bronxial-astmadan əziyyət çəkir. Son günlərdə isə məhbusun onurğasındakı ağrılar şiddətlənib və onun təcili tibbi müalicəyə ehtiyacı olduğu bildirilir. Ancaq zindan məsulları onun xəstəliyinə laqeyd yanaşırlar. Ailəsinin onun müalicəsi ilə bağlı çeşidli qurumlara müraciətləri nəticəsiz qalıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142