Dünyada işsizlik artır
Beynəlxalq Əmək Təşkilatı 2013-cü ildə Dünyada Məşğuluq Meylləri adlı hesabat yayıb. «Azadlıq radiosu» hesabata istinadən xəbər verir ki, bu gün dünyada 197 milyon işsiz var. Onun 39 milyonu artıq uzun müddətdir işsiz olduğundan, yeni iş axtarmır da. 2012-ci ildə işsizlərin sayı 4 milyon artıb. Təkcə bu il 5.1 faiz də daha da artacaq və işsizlərin sayı 202 milyona çatacaq.
Dünyanın əsas iqtisadi mərkəzlərində — ABŞ-da işsizlik 7.8 %, Avropa Birliyində 11.8%-dir. Beynəlxalq Valyuta Fondunun (İMF) proqnozuna görə isə, bu il iqtisadi inkişaf əvvəl gözlənəndən də az olacaq — cəmi 3.6 % səviyyəsində. Üstəlik — rəqəmlərdəki inkişaf da iş yerlərinin yaranması mənasına gəlmir. Fondun İcraçı Direktoru Christine Lagard çıxışında dünya hökumətlərini iş yerləri yaradacaq real iqtisadi inkişaf üçün çalışmağa çağırmışdı.
Beynəlxalq Əmək Təşkilatı isə açıqca bəyan edir ki, hökumətlərin büdcə kəsirini azaltmaq üçün ixtisar və qənaət siyasətləri üzündən işsizlik daha ciddi problemə çevrilir.
Hesabata görə, gənclər arasında işsizlik daha ciddi problemdir. Hazırda dünya üzrə 73.8 milyon gənc işsizdir. Bu il daha yarım milyon gənc işini itirəcək. Yəni hazırda əmək qabiliyyətli gənclərin dünya üzrə 12.6 faizi işsizdirsə, 2017-ci ilə qədər bu rəqəm 13 faizə çatacaq.
Dünya üzrə bədbin proqnozların fonunda təşkilat hesab edir ki, Azərbaycanın da aid olduğu Mərkəzi — Şərqi Avropa regionu və MDB dövlətlərində vəziyyət daha ürəkaçandır.
Əmək Təşkilatının rəsmi statistikaya əsasən yazdığı hesabata görə, regionda 2009-cu ildə 10.1 % olan işsizlik 2012-ci ildə 8.2 %-ə enib. 2017-ci ilə qədər işsizliyin 7.9 faizə düşməsi gözlənilir.
Hesabata əsasən, özəlliklə enerji resurslarının ixraçı ilə qazanan Rusiya, Qazaxıstan, Azərbaycan kimi dövlətlərdə vəziyyət fərqlənir. Rusiyada 2012-ci ildə 648 min iş yeri yaradılıb, indi işsizlərin sayı 5.8%-dir. Qazaxıstanda demək olar ki, 5% səviyyəsinə enib. Gənclər arasında işsizlərin sayına gəldikdə, Rusiyada bu rəqəm 15.8 faiz, Azərbaycan 11 faiz olub. Ən yüksək rəqəm isə Ermənistandadır, 39.1 faiz.
Ümumi məşğulluğa gəldikdə isə, Azərbaycanda əmək qabiliyyətli əhalinin 68 faizə yaxını iş yerlərində çalışır, qalanı fərdi təsərrüfatlarda. Ermənistanda və Rusiyada 70, Qazaxıstan və Qırğızıstanda isə 80 faizə yaxındır. Azərbaycanda əhalinin 45, Ermənistanda isə 49 faizi qeyri-rəsmi işlər görür. Ən yüksək rəqəm Qırğızıstandadır, 68 faiz.
Ancaq işləmək heç də təmin olunmaq anlamına gəlmir. Məsələn regionda işi olanların 20 faizə yaxını güclə dolanır, 4.6 faizi aclıq həddində yaşayır. Dünya ölkələrinin hökumətləri qarşısında duran əsas porblemlərdən biri də məşğulluqdur. Ona görə də hökumətlər bu problemin çözümü üçün böyük səy göstərirlər. Təsadüfi deyil ki, seçki kampaniyalarında işsizliyin ləğvi seçiciləri öz tərəfinə çəkmək üçün əsas şüar sayılır.
Ekspert Nazim Məmmədov deyir ki, ən inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi 8 faizdən aşağı deyil. «Ortalama götürsək, dünyada 10 faizədək işsizlik normal qəbul olunur. Xarici ölkələrdə işsiz kimi qeydiyyata düşmüş insanlar bu kateqoriyaya aid edilir. Onlar ən az yaşayış minimumu təmin olunmuş şəkildə müavinət alaraq iş axtarmağa davam edirlər. Ayrı-ayrı ölkələrdə işsizliyə görə verilən müavinətlər orta əməkhaqqının 40-60 faizi arasında dəyişir».
Bu sahədə Azərbaycanda məsələ fərqlidir. Məmmədov deyir:
«Bizdə işsizlik səviyyəsinin dünyada ən aşağı rəqəmlə göstərilməsinin bir çox səbəbləri var. Rəsmi işsiz kimi qeydiyyata düşmüş insanlar real işsizlərin 1 faizindən də azdır. Ölkədə işsiz kimi qeydiyyata düşmüş vətəndaşlar 50 min civarında olur, amma bu təbii ki, inandırıcı deyil. Bu statistika doğru deyil, lakin Dövlət Statistika Komitəsini təqsirləndirmək doğru olmazdı. Onlar da ayrı-ayrı rayonlar və qurumlar üzrə verilmiş rəqəmləri toplayırlar. Belə demək mümkündür ki, aşağılarda məmurlar öz işlərini yaxşı göstərmək üçün rəqəmləri şişirdir və nəticədə ümumi göstərici reallıqdan fərqli olur».
Ekspert qeyd edir ki, ölkədə 4,6 milyondan yuxarı iş qabiliyyətli vətəndaş var. İşçi kimi Pensiya Fonduna qeydiyyata düşmüş və sosial fonda ödəmə edən 1,8 milyon vətəndaş var. Muzdlu işçilər kimi 1,4 milyon nəfər qeydiyyata düşüb. Onların da əksər hissəsi büdcədən maaş alanlardır:
«İndi elan olunmuş 5,2 faiz işsizlik rəqəmini həmin o iş qabiliyyətli 4,6 milyonla müqayisə edəndə məlum olur ki, bu, 243 min edir. Ölkə üzrə bu qədər adamın işsiz olması mümkün deyil. Onda belə çıxır ki, kölgə iqtisadiyyatının həcmi rəsmi etiraf olunan 9 faizdən xeyli yüksəkdir. Burda söhbət faktik rəqəmlərin bu və digər formada dəyişdirilməsindən — şişirdilməsindən və ya azaldılmasından gedir. Yəni, real rəqəmlər ortada yoxdur».
İşsizlərin nəyə görə məşğulluq xidmətlərinə müraciət etmədiyinin səbəblərinə gəlincə, iqtisadçı dedi ki, burda psixoloji məqamlar var:
«Ola bilsin ki, bəziləri günəmuzd və ya mövsümi işlərdə çalışır, ona görə də işsiz kimi gedib status almağa çalışmırlar. Bəziləri isə orda təklif olunan işləri öz şəxsiyyətlərinə sığışdırmırlar».
Bölgələrdə yaşayan əhalinin çoxunun öz adına olan torpaq sahələrinə görə işsiz və ya yoxsul kimi qeydə alınmamasına gəlincə, N.Məmmədov deyir ki, aqrar sektorda mülkiyyətçi kimi qeydiyyata düşmüş 1,5 milyondan çox vətəndaş var:
«Onların işsiz hesab olunması və olunmaması qanunla müəyyən edilə bilər, amma burda birmənalı fikir söyləmək olmaz. Hamı bilir ki, onların müəyyən qismi bu torpaqlardan istifadə edib gəlir əldə edir. Lakin bir çoxlarının torpaq sahələri müxtəlif səbəblərdən, məsələn, Ermənistanla sərhədyanı ərazilərdə və ya qeyri-münbit sahələrdə yerləşdiyindən, torpağı becərmək üçün lazımi maliyyə və işçi qüvvəsi olmamasından həmin torpaqlardan gəlir götürə bilmirlər. Belələri işsiz sayılmalıdır».