«Dünyada hər bir hökumət Facebook-dan qorxur»
«Ordunun Aynası» əlavəsinin növbəti qonağı Mütəşəkkil Cinayətkarlıq və korrupsiya Araşdırması Layihəsinin (Organized Crime and Corruption Reporting Project (OCCRP) regional redaktoru Dave Blossdur. Amerikalı qonaqla müsahibəmizdə Cənubi Qafqaz ölkələrində medianın durumu, medianın korrupsiyaya qarşı mübarizəsinin çətinlikləri, jurnalistika və hərbi məlumatlar və s. məsələlərə toxunduq.
— Öz təşkilatınız barədə məlumat verə bilərsinizmi? Sizin məqsəd və hədəfləriniz nədən ibarətdir?
— Bu təşkilat fəaliyyətinə 10 il əvvəl Sarayevoda başlayıb və Xorvatiya, Serbiya və Bosniya üçün nəzərdə tutulmuşdu. İndi bu təşkilat araşdırmaçı jurnalistlər üçün şəbəkə şəklində Latviyadan tutmuş Azərbaycana qədər geniş ərazini əhatə edir. Biz ayrı-ayrı ölkələr, eyni zamanda, ölkələr arasında bir-birinə yaxın bölgələr üzrə işləyirik.
Mənim individual olaraq əsas işim Gürcüstan, Azərbaycan və Ermənistan üzrə regional redaktorluqdur. Beləliklə, mən bu 3 ölkədən olan jurnalistlərlə birgə çalışıram. Bu ölkələrə aid ayrı-ayrı məqalələr, eyni zamanda, müştərək məqalələr üzrə çalışırıq.
— Belə anlaşıldı ki, siz bu ölkələrdə çalışan jurnalistlərdən məqalələr əldə edir, onları öz saytınızda yerləşdirirsiniz. Elədirmi?
— Demək olar, hə. Amma biz ilk olaraq bu məqalələri bizim saytda deyil, həmin ölkələrin özlərində dərc olunmasına çalışırıq. Misal üçün, bir müddət əvvəl Gürcüstanın «Liberali» dərgisində şərab və onun təchizatı məsələsinə həsr olunmuş araşdırmamız dərc olundu. Beləliklə, biz çalışırıq ki, bu araşdırma ilk olaraq yerli dildə, yerli mediada dərc olunsun. Sonra biz onu ingilis dilinə çevirib veb-səhifəmizə yerləşdiririk. Çünki bu araşdırmalar ilk növbədə Cənubi Qafqaz ölkələrinin özləri üçün maraqlıdır.
— Necə düşünürsünüz, Cənubi Qafqaz ölkələrində korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə jurnalistlərin rolu nə dərəcədə əhəmiyyətlidir?
— Təkcə bu ölkələrdə deyil, bütün düynada bu, vacib məsələdir. Misal üçün, qanunsuz pul dövriyyəsi, insan alveri və s. artıq sərhəddaxili məsələlər deyil. İndi müasir texnologiyalar əsridir. Jurnalistlər sanki hadisələrin izindədirlər. Kriminal hadisələr baş verir, jurnalistlərin rolu bu hadisələri araşdırmaqdır. Bunun üçün müasir informasiya texnologiyalarından istifadə olunur.
— Siz Cənubi Qafqazın üç ölkəsində jurnalistlərin durumunu müqayisə edə bilərsinizmi? Hansı ölkədə jurnalist olmaq və işləmək asandır?
— 40 ölkədə olmuşam, amma indiyədək hələ də bu suala cavab vermək mənim üçün çətindir ki, harada jurnalist olmaq asandır. Gəlin Azərbaycandan başlayaq. Bu il seçkilər ilidir. Hər kəs razılaşar ki, indi ölkədə hökumətlə jurnalistlər, qeyri-hökumət təşkilatları arasında xoşagəlməz vəziyyət hökm sürür. Münasibətlər çox çətin durumdadır. Ermənistan seçkiləri başa vurdu və o dövrdə durum o qədər də sakit olmadı. Media, hökumət, biznes arasında gərginlik ortaya çıxdı. Əslində seçkilər elə bir hadisədir ki, cəmiyyətdəki bütün problemləri ön plana çıxarır.
Gürcüstana gəldikdə, bu ölkə ötən il seçkilər keçirdi və seçkilər dövründə maraqlı vəziyyət yarandı, seçkinin nəticələri əksər insanların təəccübünə səbəb oldu. Ümumən düşünülür ki, bu ilki prezident seçkilərində qızğın mübarizə getməyəcək.
— Aydındır ki, korrupsiya ilə bağlı məlumatları əldə etmək xeyli çətindir, əldə etdikdən sonra isə onları təsdiqlətdirmək müşkül məsələdir. Necə düşünürsünüz, jurnalistlər bu çətinlikləri aşmaq üçün hansı addımlar atmalıdırlar?
— İlk növbədə öz təcrübəmdən danışmaq istəyirəm. 2006-cı ildə bu proqrama Sarayevoda başlayan və onun çox hissəsinə rəhbərlik edən Drew Sullivan sözün əsl mənasında nüvə alimi idi. Jurnalistikaya gəlməzdən əvvəl nüvə layihələri üzrə çalışırdı. Jurnalistikaya faktlar, məlumatlarla, rəqəmlərlə gəlmişdi. Hazırda Sullivan Sarayevoda yerləşən Mütəşəkkil Cinayətkarlıq və korrupsiya Araşdırması Layihəsinin direktorudur. Beləliklə, faktlar, sənədlər üzərində ədalətlə işləyərək araşdırma jurnalistikasında irəli getmək mümkündür. Bilirəm ki, mənbə tapmaq çox çətindir, insanları danışmağa razı salmaq müşkül məsələdir. Amma bizim bu proqram yalnız faktlar üzrə işi nəzərdə tutur.
— Cənubi Qafqazda jurnalistlərə daim təzyiqlər olur. Xüsusilə də Azərbaycanda jurnalistlər həbsdə yatır, onlara qarşı qara piar aparılır və s. Necə düşünürsünüz, jurnalistlər belə vəziyyətlərdə beynəlxalq ictimaiyyət tərəfindən necə müdafiə oluna bilər?
— Texnologiya o qədər inkişaf edib ki, hamı nəzarətdə saxlanılır. Hər kəsin müasir texnologiyara çıxışı var. Müasir texnologiya bizə imkanlar yaradır ki, insanların özəl həyatına, həm də iş həyatına müdaxilə edə bilək. Mənim ölkəmdə, bildiyim hər bir ölkədə məhkəmə, hökumət, media, vətəndaşların özəl həyatı kimi məsələlərdə balansı tapmağa çalışırlar. Hansı sayda informasiya ictimaidir, hansı sayda məlumat özəl həyata aiddir? Biz bunu necə nizamlayırıq? Məncə hər bir hökumətin bu kimi suallara fərqli cavabları var. Amma mən hesab etmirəm ki, hər bir ölkə media ilə bağlı ortaya çıxan problemlər üzrə yaxşı həll ideyasına malikdir. Bu gün jurnalistlərə təzyiqlər gerçəkdən ən böyük məsələdir. Media ilə bağlı problemlərə malik hökumətlər deyə bilərlər ki, onlar bununla ölkənin iqtisadiyyatını, təhlükəsizliyini qoruyurlar. Jurnalistlər də tələb edə bilərlər ki, hökumət onlara işləmək üçün imkan yaratsın, onları rahat buraxsın. Beləliklə, bu çox ciddi məsələdir və indiyə qədər media ilə problemlərin həlli istiqamətində gerçək həll yolları tapılmayıb. Amma hardasa bu məsələdə orta xətt var.
— Qərb ölkələrində jurnalistin yazdığı məqaləyə görə həbsxanaya aparılması mümkündürmü?
— Vikiliks hadisələrini yada salsaq, bu prosesə görə heç bir jurnalist həbs olunmadı. Hələ məhkəmə davam edir. Hərbidən məlumatları sızdıran insanın işi məhkəmədədir. Məncə ABŞ-da jurnalistin yazdığı məqaləyə görə həbsə göndərilməsinə dair belə hadisə 1968-ci ildə olub. Amma yenə də dediyimə qayıtmaq istəyirəm, heç kim bu məsələdə ortaq balans tapmayıb.
— Bəllidir ki, hökumət iyulun 22-də jurnalistlərə ev verməyə hazırlaşır. İki il öncə prezident İlham Əliyev xüsusi sənəd imzalayaraq jurnalistlər üçün bina tikilməsinə 6 milyon manat ayırdı. Bunu necə qiymətləndirirsiniz? Qərbdə hökumət jurnalistlərə ev verə bilərdimi? Jurnalist bu evdən sonra obyektiv ola bilərmi?
— Mən səmimi olmaq istəyirəm, bu sual daha çox iqtisadi məsələlərlə bağlıdır. Mənim Amerikada uzun müddət çalışdığım 180 yaşlı qəzet reklam siyasəti və maliyyə müstəqilliyini təmin edib. Bu qəzet belə təkliflərə «lazım deyil, çox sağ olun» deyər. Amma bu qəzetin belə vəziyyətə gəlməsi üçün 180 il lazım olub. Qafqaz ölkələrindən qat-qat kasıb yerlərdə çalışmışam və onlarda əgər hökumət qəzetlərə dəstək göstərməsə, medianın mövcudluğu qeyri-mümkündür. Bəzi xırda ölkələrdə reklam anlayışı ümumiyyətlə yoxdur. Siz deyirsiniz ki, hökumətin qəzetləri dəstəkləməsi problemlidirmi? Deyərdim ki, bəli. Amma dünyada iqtisadi reallıq da var. Azərbaycana gəlincə, deyərdim ki, bu ölkədə heç bir mətbuat öz işini reklam üzərində qurmur. Belə bir vəziyyətdə deyərdim ki, qəzetlərin sahibləri özləri qərar verməlidirlər ki, onlar necə media olmaq istəyirlər.
— Azərbaycanda KİV-ə Dəstək Fondu fəaliyyət göstərir və hər il fond vasitəsilə mətbuata dövlət büdcəsindən maliyyə ayrılır. Siz necə düşünürsünüz, bu proses müasir medianın yaradılması ilə nəticələnərmi?
— Qafqaz ölkələri 20 ildən artıqdır müstəqildir və hələ də müstəqil medianın formalaşdırılma prosesi gedir. Aydındır ki, media maliyyə aldığı yerdən asılı olur. Bəlkə də media çalışmalıdır ki, maliyyə mənbəyini dəyişdirsin. Dediyiniz vəziyyətə gəldikdə, bu, mükəmməl mühit deyil, amma ümumilikdə bu vəziyyət realistik adlandırıla bilər. Amma deməliyəm ki, biznesi olmayan media media deyil.
— Növbəti sualımız Azərbaycanda sosial şəbəkələrin durumu ilə bağlıdır. Bu il sosial şəbəkələrdə fəaliyyətə təzyiqlər ili kimi diqqəti çəkir. Hakimiyyət yeni qanun qəbul elədi, bəziləri hesab edirlər ki, bu yeni qanun sosial şəbəkələrdə tənqidi fikirlərin qarşısını almağa yönəlib. Necə düşünürsünüz, hakimiyyət sosial şəbəkələrdən çəkinirmi?
— Fikrimcə, dünyada hər bir hökumət Facebook-dan qorxur. Belə də olmalıdır, çünki, bunu nəzarətə götürmək mümkünsüzdür. Saytları dayandırmaq, serverləri bağlamaq mümkünsüzdür. Onlar bəzi adamları tapa, cəzalandıra bilər, bəlkə də əhalinin bir hissəsini qorxuda bilər, amma onlar sosial şəbəkələrə nəzarət edə bilməzlər. Heç kimin texnologiyası, fiziki baxımdan kifayət edəcək qədər canlı qüvvəsi yoxdur ki, sosial şəbəkələrə müdaxilə edə bilsin, müzakirələrə mane ola bilsin.
Əslində hökumət anlayışı mahiyyətcə müsbət və mənfi mənada nəzarət anlamı verir. Facebook ilk texnologiyadır ki, hökumət ona nəzarət edə bilmir. Bu da normaldır.
— Gözləntiniz nədən ibarətdir? Qarşıdakı 3 ay ərzində Azərbaycan hökuməti sosial şəbəkələrlə bağlı hansı addımları ata bilər?
— Bu çox yaxşı sualdır. Baxır ki, hökumət bunu necə etmək istəyir. Bu elə olmalıdır ki, insanları qəzəbəndirməsin. Bu, insanları qəzəbləndirəcək formada olarsa — biz bunu bir çox ölkələrdə müşahidə edirik, insanlar qəzəblənəndən sonra sosial şəbəkələrdə online olaraq gündə iki dəfə deyil, 20 dəfə status yazmağa başlayır, şəkil, video paylaşır, sosial şəbəkələrdə aktivlik artır. Bu da həddən ziyadə təsiredicidir.
Ölkədə mühit kifayət qədər sakit görünür. Amma gerçək olaraq biz görürük ki, iyun ayı üçün Azərbaycanda emosional temperatur kifayət qədər yüksəkdir. Bunu hökumətdə, vətəndaş cəmiyyətində, mediada və biznesdə görmək mümkündür. Və temperatur qalxmağa doğru gedir. Bu cür təzyiqlərdən Facebook və sosial şəbəkələr geri çəkilmir, əksinə güclənir. Müşahidələr bunu göstərir.
— Siz Gürcüstan İctimai Əlaqələr İnstitundda məruzəçisiniz. Orada jurnalistika və media menecment fakültəsində təhsil alan jurnalistləri necə qiymətləndirirsiniz? Onlar öz gələcək fəaliyyətlərində nə dərəcədə uğurlu olacaqlar?
— Gürcüstanlı jurnalistlər əvvəlki illərə baxanda indi daha praqmatikdir və fikirləşirlər ki, jurnalistika peşəsindən necə pul çıxara bilərlər. «Qızılgül inqilabı»ndan əvvəl isə durum bir qədər fərqli idi. İndi Gürcüstanda jurnalistikaya biznes kimi baxırlar və bu yaxşıdır. Azərbaycan və Ermənistana gəldikdə, hökumətlərin siyasəti nəticəsində fərqli vəziyyət yaranıb. Azərbaycan jurnalistlərində ümumilikdə desək bir qədər vətənpərvərlik hissləri var və bir az dəyişiklik istəyərdim. Ermənistana gəldikdə, fərqlilik var, amma oxşar cəhətlər də var. Gənc jurnalistlər bu peşəyə biznes kimi baxmaqla yanaşı eyni zamanda ölkəni dəyişdirəcək alət kimi də baxırlar.
— Növbəti sualımız hərbi jurnalistika ilə bağlıdır. Bu sahə çox çətindir, çünki hərbi sirlər anlayışı var. Sizvə hərbi jurnalistlər hərbi sirlərə toxunmadan necə məqalə yaza bilərlər?
— Bu maraqlı sualdır. 10-15 il öncə hərbi jurnalist olmaq döyüş zonasına, hərbi hissələrə getmək, hərbçilərlə görüşmək, sonra isə gördüklərini yazmaq idi. Son 10-12 il ərzində texnologiya elə inkişaf etdi ki, indi hərbidə artıq hədəflər fərqlidir və belə bir vəziyyətdə jurnalistlər üçün hansı məlumatın yazılmalı olduğunu, hansının isə ölkənin təhlükəsizliyinə xələl gətirəcək məlumat olduğunu müyyənləşdirməsi çox çətindir. Bu məsələlərdə yazılmalı olanla hərbi sirri təşkil edən xəbər arasında ayırıcı xətti görmək çətindir. Qeyd etdiyim kimi, hökumət həmişə nəzarətə malik olmaq istəyir. Eyni zamanda internetdə ordulara aid o qədər məlumat, fakt, informasiya var ki, artıq hərbi sirrin nə olması anlamı bir qədər çətindir. Bu məlumatlar sözsüz ki, bəşəriyyəti təhlükədə qoyur.
— Sizcə jurnalistlər üçün birinci hansı olmalıdır: biznes marağı, yoxsa dürüstlük — xalqin marağı?
— Bu məsələlərdə balans olmalıdır. Bu bütün ölkələr üçün eynidir: sən başlanğıcda balans tapmalısan. Əgər bu təkcə biznesdirsə, sən cəmiyyət üçün heç nə eləmirsən. Və yaxud əksinə, jurnalistikanın izinə düşürsənsə, bunun arxasında biznes yoxdursa, fəaliyyət uzunmüddətli ola bilməz.
— Yaxın aylar üçün bu region, xüsusilə də Azərbaycan jurnalistləri üçün layihəniz varmı?
— 3 ölkədə 20-yə yaxın layihəmiz var. Hazırda biz araşdırma prosesindəyik və bu baxımdan suala cavab vermək çətindir.
— Bu o deməkdir ki, biz yaxın zamanlarda korrupsiya və mütəşəkkil cinayətkarlığa dair yeni araşdırmalar görəcəyik?
— Əlbəttə. Bu uzun vaxt aparır. Heç vaxt xoşlamıram deyəm ki, misal üçün, bu gələn ayda hazır olacaq. Bizim sistemə uyğun olaraq, əgər biz araşdırma hazırlayıriqsa, hər bir faktın özünün istinad nöqtəsi, audio və ya videoyazı sənədi olmalıdır. Araşdırmanı bitirəndən sonra hər bir fakt yenidən yoxlanılır. Mən yoxlayıram, sonra mənim rəhbərim yoxlayır. Beləliklə, bütün bunlar vaxt aparır.