Dünya Türk İş Şurası (DTİK) Bakıya səfər edəcək
Dünya Türk İş Şurası (DTİK) Bakıya səfər edəcək. Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) nəzdində olan Dünya Türk İş Şurası (DTİK) Avrasiya bölgə komitəsi 21-23 fevral günlərində Bakıda toplantı keçirəcək. Bu əhəmiyyətli tədbirə Avrasiya üzrə ən tanınmış türkiyəli iş adamları qatılacaq, deyə ATİB-dən AYNAya daxil olan xəbərdə bildirilir.
DTİK xaricdə fəaliyyət göstərən bacarıqlı türk iş adamlarını bir çatı altında toplamaqla Türk lobbiçiliyinin daha da yaxşı fəaliyyəti istiqamətində təşəbbüslər həyata keçirir. Bakı toplantısına Rusiya, Qazaxstan, Ukrayna, Türkmənistan Gürcistan və Azərbaycanın tanınmış türk iş adamları qatılacaq. Toplantıya qatılacaq şəxslər eyni zamanda Azərbaycan üçün potensial sərmayəçidirlər. Proqrama əsasən DTİK heyəti türk və Azərbaycan şəhidliklərini ziyarət edəcək, daha sonra isə Türkiyənin Azərbaycan səfiri cənab Alper Coşkun ilə görüşəcək. Eyni zamanda heyətin Azərbaycan İqtisadi İnkişaf naziri Şahin Mustafayev və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovla görüşləri nəzərdə tutulur.
DTİK Avrasiya bölgə komitənin toplantısı cümə günü, fevralın 22-də saat 10:00-da ATİB ofisində olacaq. Media bu tədbirə dəvətlidir. Onu da bildirək ki, DTİK Avrasiya bölgə komitəsinin Bakı səfərini ATİB təşkil edib. ATİB İdarə Heyətinin sədri Cemal Yangın DTİK Avrasiya bölgə komitəsinin İdarə Heyətinin üzvüdür. Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) 17 aprel 2004-cü ildə yaradılmışdır. Hazırda 86 şirkət ATİB-yə üzvdür və bu şirkətlər Azərbaycanda iş qurmuşlar.