Dünya çempionatına yollanan taekvondoçularımız kimlərdir?
Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək heyəti müəyyənləşib. İyulun 15-21-də Meksikanın Puebla şəhərində başlanan yarışda kişi və qadın yığmalarımız tam heyətlə iştirak edəcəklər.
Apasport.az saytının məlumatına görə, millimizin baş məşqçisi Ələkbər İmaməliyev yarışa yollanacaq heyətə Mikayıl Əliyev (54 kq), Maqomedyasi İbrahimov (58 kq), Fariz Əliyev (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) daxil edib.
Qadınlardan ibarət seçmə komandamızın baş məşqçisi Gündüz Abdullayev isə dünya çempionatında Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Səbinə Ağakişiyeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva (63 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevaya (73 kq) şans verəcək.
Qeyd edək ki, komandamız hazırda Qəbələdə təlim-məşq toplanışındadır.
Ələkbər İmaməliyevin sözlərinə görə, Meksikanın Puebla şəhərində keçiriləcək yarışa hazırlığın ilk mərhələsi iyunun 19-da başa çatacaq: “Artıq 20 nəfərlik heyətlə Qəbələdə təlim-məşq toplanışındayıq. Dünya çempionatında uğurlu çıxış üçün federasiya bizə şərait yaradıb. İyunun 19-da yenidən Bakıya qayıdıb, komandaya 2-3 günlük istirahət verəcəyik”.
İmaməliyev bildirib ki, istirahətin ardından növbəti hazırlığın Gürcüstanda keçirilməsi planlaşdırılıb: “Düzdür, qonşu ölkəyə yollanmağımız tam dəqiqləşməyib. Lakin çox güman Gürcüstanda hazırlığımızı davam etdirəcəyik. Bu komandamız üçün çox faydalı olacaq və təlim-məşq toplanışlarının bəhrəsini dünya çempionatında görəcəyik”.