Dünən yollardakı müharibədə çox adam itirdik
Ötən gün ölkənin yollarında cərəyan edən müharibədə 15 adam itirdik. Ümumilikdə bir gün ərzində 24 yol qəzası baş verib — 15 nəfər ölüb, 33 nəfər yaralanıb. Baş verən yol qəzalarının ikisi Sumqayıtda qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Kamran Əliyev mətbuata bildirib ki, təkcə ötən gün baş verən yol qəzalarının statistikası sürücülərin surət həddinə məhəl qoymadığını göstərir. K. Əliyev bir daha sürücüləri surət həddini aşmamağa çağırıb.
Ən ağır yol qəzası Sumqayıt şəhəri ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 22 yaşlı Anar Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı, 25 yaşlı Babək Bağırovun idarə etdiyi “Hyundai” markalı və Yusif Məmmədovun idarə etdiyi “Azsamand” markalı maşınlar toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Qismət Kərimov, Rəşad Cəlilov və şəxsiyyəti hələ müəyyənləşməmiş 3 nəfər aldıqları xəsarətdən hadisə yerindəcə keçinib.
Avtomobillərin sürücüləri və maşınlarda olan sərnişinlərdən Ramin Məmmədov, Ceyhun Əzizov və İllarian Katliarov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

