Dünən Şəki ideal dərəcədə səliqəli idi
Dünən Şəki ideal dərəcədə səliqəli idi. Keçmişdən qalma binalar öz orijinal görüntüləri ilə cazib bir ovqata köklənmişdi. Avtomobillərin hərəkəti minimuma endirildiyi lap əla oldu. Bu əsrarəngiz şəhəri daha yaxından duyub qiymətləndirə bildik. Axundzadə prospekti ilə aşağıdan başlayıb narın-qalaya qədər piyada, yavaş-yavaş getdikcə Şəkinin ölkəmin gerçəkdən özümlü bir mədəniyyət mərkəzi olduğuna yəqinlik hasil edirdim.
Binaların maraqlı, bir-birini qətiyyən təkrarlamayan fasad həlli, incə minarələr,
məscidlər, mübhəm azan səsi, karvansaralar, kilsələr, Xan Sarayı, Şəkixanovların evi,
yerli məhsullar satılan qədimi dükanlar, aşıb-daşan çayxanalar, muzeylərə dəvət afişaları… Bir də sıx ormanlı dağların zümrüd qoynuna sığınmış bu qədim şəhərin asudə dincliyi… Axşam bir dostumuzun Büllur Sarayda oğlunun toyunda yeyib-içib doyunca şənləndik. Ləzzətli Şəki mətbəxinin dadı damağımızda qaldı.
O gün prezident İlham Əliyev də burada idi. Daxili işlər naziri və adamları gözümüzə dəydi. Qorumalar necə deyərlər «quş da uçurtmurdular». Prezident o gün Şəkiyə səfəri çərçivəsində əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi — «Şəkixanovların evi» ilə tanış olmuşdu.
Hələ 2006-cı il aprelin 13-də xanımı Mehriban Əliyeva ilə birlikdə Şəkidə olarkən «Şəkixanovların evi»nin əsaslı təmiri ilə bağlı göstəriş vermişdi. Abidənin bərpası Dövlət Proqramına daxil edilmiş və bu məqsədlə vəsait ayrılmışdı.
«Şəkixanovların evi»nin bərpası işlərinə 2012-ci ilin noyabrında başlanılıb. Altı otaqdan, dörd dəhlizdən və iki eyvandan ibarət bina kərpicdən tikilib, pəncərələri şəbəkə üsulu ilə düzəldilib. Ərazisi 700 kvadratmetr olan binanın inşaası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılıb. XVIII yüzilə aid tarixi abidə olan «Şəkixanovların evi» ilk dəfədir təmir edilir. Bərpa işləri həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılıb. İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri əks olunub.
Deyilənə görə, prezident bu görülən işlərdən məmnun qalıb və daha sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
İndi bu binanın sahəsi 4000 kvadratmetrdən 5000 kvadratmetrədək artırılıb. Təmirdən əvvəl teatr binasında 78 xidməti otaq var idisə, hazırda onların sayı 86-dır.
Əsaslı təmirdən sonra binanın tamaşa zalı 299 yerlik olacaq. Dörd korpusdan ibarət Şəki Dövlət Dram Teatrının binasının həyətyanı sahəsində də geniş abadlıq işləri görülüb.