Dünən Prezident Sarayında «açıq qapı» günü idi
Dünən Gürcüstanın Prezident Sarayında «açıq qapı» günü keçirilib və hər bir ölkə vətəndaşı və xarici qonaqlara sarayı ziyarət etmək imkanı verilib.
Saraya gələnlər üçün ekskursiya təşkil edilib. Sarayın daxili interyeri və prezidentin iş şəraiti ilə tanış olmaq üçün Tiflis şəhər sakinləri, eləcə də Gürcüstana qonaq gələn şəxslər saatlarla növbəyə durub, saraya daxil olaraq buradakı muzey və dövlət başçısının iş otağı ilə tanış olublar. Ekskursiyaya gələnləri Prezident Aparatının rəhbəri Andro Barnov və prezidentin mətbuat xidmətinin əməkdaşları qarşılayıblar. Sonra yüzlərlə sakin prezident Mixail Saakaşvilinin iş masası və divanında əyləşərək fotoşəkil çəkdirib, sarayın qülləsinə çıxaraq oradan Tbilisi şəhərinin mənzərəsini seyr ediblər. Ekskursiyanın sonunda qonaqlar prezidentin xatirə kitabına ürək sözlərini yazıblar.
Dünən Prezident Sarayının son fəaliyyət günü idi. Sonradan sarayın Xarici İşlər Nazirliyi və yaxud Təhsil və Elm Nazirliyinə veriləcəyi bildirilir. Bu gün isə Tbilisidə Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimidir.