Dua
Zəng etdim. Dəstəyi qaldırdı. Lap uşaqlıqdan, hələ özünü tanımadığım vaxtlardan heyranlıqla dinlədiyim səsi o qədər asta və qəmli idi ki, dəstəyi yerinə qoydum. Bilmədim, düz elədim, ya yox.
Bir neçə gün sonra, dekabrın 10-da cərrahiyyə əməliyyatına iki saat qalmış Rafiq Hüseynovun dediyi sözləri, səsini eşitmədən, mətbuatdan oxudum:
«Çox həyəcanlıyam… Dualarınız əskik olmasın. Mənə dua edin!»
Dua edirəm. Allahdan diləyirəm ki, gümrah, sehrli səsini yenə eşidək.
Dua edirəm ki, sağ-salamat geri döndükdən sonra bir də heç vaxt unudulmağından, efirdən ayrı düşməyindən şikayətlənməyəsən.
Dua edirəm ki, səhhətindəki problem həll olunduqdan sonra qayıdacağın işində səni sıxan çərçivələrdən azad illərlə qalanıb qalmış arzularını və planlarını həyata keçirəsən.
Bir də dua edirəm ki, danışdığın maraqlı, məzəli, düşüncəli əhvalatlardan ibarət kitabını oxuyub ləzzət ala bilək.
Bu fikirlər içində Okudjavanın «Fransua Viyonun duası» mahnısı yadıma düşür. Oxuyuram. Və birdən ağlıma çox sevdiyim bu mahnının sözlərini tərcümə etmək gəlir. O duaları öz dualarıma qoşuram:
Hələ ki, dünya fırlanır,
İşıqlıdır Yer,
Kimin nəyi yox, İlahi,
Ondan bir az ver.
Ağıllıya baş ver,
Qorxağa ver at,
Xöşbəxtə pul yetir,
Məni də et yad.
Hələ ki, dünya fırlanır, —
Hökm et sözünü! —
Hakimiyyət hərisinin
Doydur gözünü.
Mərdə bir axşam dinclik ver
Dərd-qəmdən azad,
Qabilin tövbəsin eşit,
Məni də et yad.
İnanıram qüdrətinə,
Bəndənəm əgər,
Necə inanar cənnətə
Bir ölü əsgər.
Necə ki, inandırırsan
Sözünlə bizi,
İnanırıq, düşünmədən
Əməlimizi.
İlahi, sən mənim Rəbbim,
Ey Yaşılgözlü!
Hələ ki, dünya fırlanır,
Məhəttəl özü,
Hələ ki, işıq, vaxt da var,
Eşit bəndəni,
Kimin nəyi yox, ver bir az.
Unutma məni.
10 dekabr, 2013.
[email protected]