Dözə bilsə, 70 yaşını həbsxanada qarşılayacaq
Xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən törədən 57 yaşlı Məhərrəm Heybətovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Bu şəxs ötən ilim avqustun 24-də, səhər saat 07.00 radələrində Xızı rayonunun Şurabad kəndi ərazisində Siyəzən şəhər sakini Elşən Ələkbərovun (1965) Azsamand markalı avtomaşınını atəşə tutub. Hadisə Elşən Ələkbərov öz şəxs avtomaşını ilə Siyəzən Neft və Qazçıxarma İdarəsinin fəhlələrini işə aparkən baş verib.
Məhərrəm Heybətov açdığı atəş nəticəsində Elşən Ələkbərovu öldürüb. Hadisənin baş verməsindən qorxuya düşən fəhlələr qaçaraq gizləniblər. Fəhlələr qaçandan sonra Məhərrəm Heybətov avtomaşına yaxınlaşıb və sükan arxasından meyiti çıxarıb və yolun kənarına atıb. O, daha sonra avtomobili idarə edərək hadisə yerindən qaçıb.
Prokurorluq və polis əməkdaşlarının intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Məhərrəm Heybətov bir gün sonra yaxalanıb. Onun və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Atəş açdığı odlu silah maddi sübut kimi götürülüb. Müəyyən edilib ki, Məhərrəm Heybətov hadisəni qisas almaq məqsədilə törədib. Məhərrəm Heybətov uzun illər Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Siyəzən Neft və Qazçıxarma İdarəsində operator vəzifəsində çalışıb. Sonra müəyyən səbəblərdən işdən kənarlaşdırılıb və təqaüd ala bilməyib. Odur ki, naməlum yerdən odlu silah əldə edərək qisas almaq fikrinə düşüb. Məhərrəm Heybətov elə işlədiyi vaxtlardan bəri Elşən Ələkbərovla ədavətli olub. Qaçırılan Azsamand isə Tağıyev qəsəbəsi ərazisində tapılıb. O da maddi sübut kimi götürülüb.
Məhkəmənin onu 14 il müddətinə azadlıqdan məhrum etdi. Bu yaşında bu müddətə dözə bilsə, 70-ini həbsxanada qarşılayacaq.