Döyülən şagird təhsilini davam etdirməyə başladı
Lənkəran şəhər 8 saylı orta məktəbdə döyülən və daha sonra bacısı Tahirə ilə məktəbdən kənarlaşdırılan Arzu Ağayeva dünəndən təhsilini davam etdirməyə başlayıb. «Şagird Arzu Ağayevanın döyülməsilə bağlı məlumat şişirdilib. Şagirdin valideynləri məktəb rəhbərliyindən şikayət etmir». Bunu isə Lənkəran şəhər 8 saylı orta məktəbin direktoru Aslan İbrahimov bildirib: «Bu məsələ mənim diqqətimdədir. Valideyn mənim yanımdadır. Etiraf edir ki, açıqlama verərkən həddindən artıq əsəbi olub. 20 ilin müəllimiyəm. Şagirdin valideynlərinə də dərs demişəm. Ciddi problem yoxdur. Məsələ yoluna qoyulub».
Məktəb direktoru bildirib ki, Vüsalə müəllimə tənbeh edilib: «Müəllimə 40 yaşlı qızdır. Xarakterində problemlər ola bilər. Şagird müəlliməyə söz qaytarıb. O da qızın qulağını dartıb. Hər gün müəllimlərə tapşırıram ki, şagirdlərlə düzgün rəftar edin, onlara əl qaldırmayın. Amma hərdən belə hadisələr də olur».
Şagirdin atası Şahin Ağayev isə AYNAya bildirib ki, Lənkəran şəhər rəhbərliyi, polis və şəhər təhsil şöbəsi məsələyə müdaxilə edib. Direktor ondan üzr istəyib və uşağını döyən müəlliməni də cəzalandırıb. Qeyd edək ki, bu hadisədən bir neçə gün əvvəl sosial şəbəkələrdə və mediada Sumqayıt şəhərində müəllimin məktəbliləri döyməsi yayılmışdı. Hərçənd bu şagirdlərin valideynləri də müəllimdən şikayətçi olmadı və bəziləri hətta müəllimə törətdiyi əmələ görə haqq da qazandırdılar. Bəlkə də bu «bağışlama» praktikasının nəticəsidir ki, digər ünvanlarda da müəllim şagirdi qanunsuz vasitələrlə cəzalandırır, hətta şagirdə işgəncə də verir. Məsələn, Lənkəranda baş verənləri şəxsən valideyn və şagird bu cümlələrin müəllifinə danışmışdı.
Şagird bildirmişdi ki, yanvarın 14-də ölkə ərazisinə və xüsusilə cənub bölgəsində qar düşüb. Ona da soyuq olub. Əmək təlimi müəlliməsi Vüsalə xanımdan icazə alaraq peçin yanında qızınıb:
«Müəllimə həmin gün çox əsəbi idi. Birdən gəlib mənə yaxınlaşdı və səs saldığımı mənə irad bildirərək məni vurdu. O, mənə möhkəm şillə vurdu, sonra qulağımdan dartmağa başladı. Mənim qulağım hələ də ağrıyır, sırğamın da biri itdi…».
Bu hadisədən sonra şagird evdə atası Şahin Ağayevə şikayət edib. Atası da müəllimdən şikayət etmək üçün direktorun yanına gedib:
«Ədəb-ərkanla qapını döyüb direktor Aslan İbrahimovun yanına girdim. Dərdimi dedim. Dedim, mən 3 uşağın valideyniyəm, sən isə 300 uşağın. Niyə bizim uşaqlar döyülür? Direktor mənə dedi ki, o müəllimi cəzalandırıb. Soruşdum ki, ona nə cəza vermisiniz? O da dedi, sən demaqoqsan, məni təhqir eləməyə başladı və qovdu».
Şahin Ağayev demişdi ki, müəllimənin zərbəsindən uşağın qulaq pərdəsi zədələnib. Bu barədə sahə müvəkkilinə də şikayət edib. Bu hadisədən sonra 8 saylı orta məktəbdə oxuyan Arzu və Tahirə bacıları məktəbdən də qovulub. Şagirdlər 4 gün dərsdən də, tədrisdən də kənar qalıblar.
Amma hadisə ictimailəşən kimi və valideyin «dilə» tutulan kimi hər şey yoluna düşüb. Görünür, məktəbə apardığı uşaq barədə dədə-babadan qalma «molla, əti sənin, sümüyü mənim» zehniyyəti hələ də yaşarıdır. Doğrudur, heç soyadını bilmədiyim Vüsalə xanım da bizim vətəndaşımızdır. Azərbaycanda qadin-kişi hüquqları bərabər olsa da, qadınlara güzəştlər də var. Hər halda güzəşt müsavatçı gənc Nigar Yaqubluya şamil edilməsə də, əksər hallarda nəzərə alınır. Amma, Sumqayıtdakı müəllim axı kişi idi və o qəddarlıqla gələcəyin əsgəri, ailimi, müəllimi, hətta polisini döyürdü. Bunun isə əbədilik mənəvi travma olduğunu söyləmək üçün psixoloq olmaq lazım deyil. Şagird valideyinlərin əmlakı deyil, o — insandır, vətəndaşdır və hüquq-mühafizə orqanları istənilən halda faktla bağlı cinayət işi açıb, heç olmasa adam döyməyə görə müəllimi cərimələməli idilər.