Dövriyyədə 5 milyondan artıq plastik kart var, amma…
Günümüzdə əksər xidmət və ticarət sahələrində pos-terminallar görmək mümkündür. Çünki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, bütün ticari xidmət subyektlərində pos-terminallar quraşdırılmalıdır. Onların quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Ancaq pos-terminallardan istifadə o qədər də geniş yayılmayıb. Statistikaya görə, hazırda Azərbaycanda nağdsız ödənişlərin xüsusi çəkisi ümumi ödənişlərin 6-7 faizini təşkil edir və bu, çox aşağı göstəricidir.
Baxmayaraq ki, əhalidə olan plastik kartların sayı çoxdur. Bütövlükdə dövriyyədə 5 milyondan artıq plastik kart var. Orta hesabla hər iki nəfərdən birinin plastik kartı olduğu güman edilsə də, reallıq odur ki, hər üç nəfərdən birində plastik kart var. Çünki elə insanlar olur ki, onların bir neçə plastik kartı var. Əhalinin təxminən 35%-nin plastik kartlara sahib olmasına baxmayaraq, bu gün bütövlükdə ticarətin cəmi 7 %-i elektron ticarətin payına düşür. Bu da pos-terminallardan istifadə səviyyəsinin aşağı olmasını göstərir.
Belə kiçik faiz göstəricisi isə ölkəmizdə elektron ticarət mədəniyyətinin və plastik kartlardan istifadə ənənəsinin hələ tam formalaşmadığını göstərir. Əhalidə plastik kartlardan istifadə ilə bağlı vərdiş yoxdur. Halbuki pos-terminallardan istifadə bankdan kənar hesablaşmaların qarşısını alır, nağd hesablaşmaları məhdudlaşdırır, alqı-satqı əməliyyatları nağdsız ödəmələr vasitəsilə aparılır, əməliyyatlar sadələşir, əməliyyatlar və tam dövriyyə qeydiyyata alınır, ticarət, iaşə və digər xidmət obyektlərinin vergidən yayınma halları sıfıra enir. Nağdsız əməliyyatların artırılması həmçinin ölkədə ikili mühasibatlılığa, “gizli iqtisadiyyat”a və korrupsiyaya qarşı mübarizəni gücləndirir, qaçaqmalçılığın qarşısını alır, şəffaflığı artırır, bank sektorunun inkişafına kömək edir. Sadaladığımız faktorlar da öz növbəsində ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verir.
İqtisadçı Vüqar Bayramov bildirir ki, pos-terminallardan isifadə səviyyəsinin aşağı olması onlara nəzarətin zəifliyi ilə bağlıdır:”Təəssüf ki, pos-terminalların quraşdırılmasına ciddi nəzarət həyata keçirilsə də, sonradan ondan istifadə ilə bağlı həyata keçirilən nəzarət zəif oldu. Qanunvercilikdə bu sahədə boşluq mövcuddur. Çünki, qanunvercilikdə pos-terminallardan istifadə etməyən şəxslərə və ya onu quraşdırmayan xidmət subyektlərinə qarşı hansısa cəza tədbirləri nəzərdə tutulmayıb. Pos-terminallardan istifadəni əngəlləyən digər faktor xidmət sahələrində onları işlədə biləcək kadrların sayının az olmasıdır. Digər səbəb, vətəndaşların plastik kartlara inamının az olmasıdır. Vətəndaşlarda plastik kartlardan istifadə zamanı onların hesabından artıq vəsaitlərin çıxarıla biləcəyi ilə bağlı narazıçılıq hökm sürür”.
Ekspetin fikrincə, pos-terminallardan istifadə səviyyəsinin artırılması üçün, həm təşviqedici, həm də stimullşadırıcı tədbirlərin həyata keçirilməsi lazımdır. O təklif edir ki, elektron xidmətin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi də tətbiq edilə bilər. Bu təcrübə ABŞ-da tətbiq edilir. Eyni zamanda, müəyyən inzibati tədbirlər də görülməlidir. Burada nağdlı hesablaşmaların məbləğinin limitləşdirilməsini etmək olar.