Muəllif:

Dövlət təhsil müəssisələrini özəlləşdirək?

Milli Məclisdə dövlət büdcəsinin yükünün azaldılması üçün ali məktəblərin özəlləşdirilməsi, ödənişli təhsilin genişləndirilməsi təklif olunur. Parlamentin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı hesab edir ki, əgər bir sıra universitetlər özəlləşdirilsə, dövlət büdcəsinin yükü azalar, bununla da təhsildə keyfiyyət artar:
«Onsuz da əhalinin müəyyən təbəqəsi — məcburi köçkün ailələri, şəhid övladları, valideynlərini itirmiş şəxslər qanunla təhsil haqqından azad olunub. Odur ki, ödənişli təhsilin artırılması sosial narazılığa gətirib çıxarmayacaq».
Azərbaycan yeni sistem quran və inkişaf etmək istəyən bir ölkə olduğundan, bu addımın vaxtıdırmı? Əlbəttə, dövlət tərəfindən universitetlərə diqqətin artırılması və xüsusən ali məktəblərdə təhsilin səviyyəsinin yüksəldilmə məsələsi gündəmdə olmalıdır. Lakin bununla yanaşı, universitet təhsilinin iqtisadi tələblərə uyğun yenidən qurulması üçün də işlər görülməlidir.
Ekspert Azər Mehdiyev deyir ki, iqtisadiyyatda «neft gəlirlərinin insan kapitalına çevrilməsini təmin etmək» kimi bir fikir mövcuddur:»Universitetlərin də məhz insan kapitalının yetişdirilməsi səviyyəsinə çatdırılması daha öndə olmalıdır. Çünki bizim universitetlər həqiqətən də faydalı mütəxəssislər hazırlaya bilsələr, həmin mütəxəssislər ölkənin dövlət büdcəsinin gəlirlərini təmin edə biləcək və təbii ki, onların dövlət büdcəsi hesabına aldığı pulsuz təhsil büdcə üçün yükə çevrilməyəcək».
Mehdiyev onu da vurğuladı ki, vətəndaşların əksəriyyəti övladlarına pullu təhsil vermək iqtidarında deyil.
MM Elm və təhsil komitəsinin sədri olmuş keçmiş millət vəkili, professor Şahlar Əsgərovun qənaətincə, bu təklif qəbul olunsa, bu, əhalinin kasıb təbəqəsinin təhsildən məhrum edər. Ona görə də belə qərar qəbul edilməzdən əvvəl ölçülüb-biçilməlidir. Çünki özəl ali təhsil müəssisələri keyfiyyətli təhsil verə bilər, amma orada yalnız imkanlı adamların uşaqları oxuyur.
«Dövlət ali təhsil müəssisələrində isə 10 minlərlə kasıb tələbə də təhsil ala bilir. Ondarın özəlləşdirilməsi Azərbaycan xalqının inkişafına böyük zərbədir. Çünki tarixinə nəzər salsaq, görərik ki, dünyanı irəli aparan alimlər, mühəndislər, yaradıcı insanların əksəriyyəti kasıb ailələrin övladlarıdır. Kasıb uşaqları təhsildən məhrum etməklə biz öz inkişafımızın qarşısını alarıq».
Professorun sözlərinə görə, dünyada özəl təhsil müəssisələrində oxuyanların sayı çoxluq təşkil edir, lakin belə ölkələrin əhalisinin əksəriyyəti övladına pullu təhsil verə bilmək iqtidarında olan insanlardır. Bu təcrübəni Azərbaycanda tətbiq etmək mümkün deyil:
«Statistikaya baxaq: Cənubi Koreyada yaşı 17-dən yuxarı olan hər 100 gəncin 96-sı, Amerikada 84-ü, Monqolustanda isə 50-si ali məktəbdə təhsil alır. Azərbaycan xalqının o qədər var-dövləti haradadır ki, uşaqlarına pullu təhsil versin. Bu səbəbdən belə bir təkliflə razı deyiləm. Əksinə, hesab edirəm ki, dövlət universitetləri saxlanmalı və orada təhsil alan tələbələrin sayı artırılmalı, 10 min, 20 min, 30 min olmalıdır. Amma imkanı olan, övladına daha keyfiyyətli təhsil vermək istəyənlər üçün də özəl ali təhsil müəssisələri fəaliyyət göstərməlidir».
Təhsil eksperti Əjdər Ağayevin sözlərinə görə, dövlət təhsil müəssisələrinin özəlləşdirilməsi əvəzinə, orada təhsilin gücləndirilməsi baxımından yeni layihələr həyata keçirilməlidir: «Təhsil dövlətin daim nəzarətində olan və diqqət tələb edən sahədir. Dövlət özünün ali təhsil müəssisələrini saxlamalı və o müəssisələrdə gəlir gətirən sahələrin yaradılmasına çalışmalıdır. Buna görə də mən universitetlərin özəlləşdirilməsində heç bir əhəmiyyət görmürəm. Əksinə, mənə elə gəlir ki, ölkədə özəl ali məktəblərin sayı kifayət qədərdir».
Dünya təcrübəsindən danışan ekspert bildirdi ki, xaricdə özəl ali məktəblər hansısa milyarderlərin hesabına maliyyələşir və bu zaman orada təhsil alan tələbələr müəyyən güzəştlər əldə edə bilir: «Bizdə isə özəl universitetlər tələbələrin təhsil üçün ödədiyi pul hesabına maliyyələşdiyindən əhalinin kasıb təbəqəsinin uşağı burada güzəştli təhsil ala bilmir. Buna görə ali məktəblərin özəlləşdirilməsi əhalinin təhsilli təbəqəsinin azalmasına gətirib çıxara bilər».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 189