Dövlət Sərhəd Xidmətində islahatlar
Dövlət Sərhəd Xidməti şəxsi heyətinin sayına və eyni zamanda, qarşıladığı hərbi vəzifələrin səviyyəsinə görə ölkədə hərbi təyinatlı strukturlar arasında Müdafiə Nazirliyindən sonra ikinci yeri bölüşür. Bəzi ekspertlər bu qoşun növünü mini-Silahlı Qüvvələr adlandırırlar və bu heç də əsassız deyil. Belə ki, DSX-nın Sərhəd Qoşunlarının tərkibində həm quru qüvvələri (çevik hərəkət qüvvələri), həm dəniz (Sahil Mühafizəsi, iritutumlu, çətin hava şəraitlərində əməliyyat imkanlarına malik olan gəmilər), həm də hava qüvvələri (aviasiya dəstəsi) mövcuddur və hər il Xəzərdə keçirdiyi üç günlük taktiki təlimlərin miqyasına və orada iştirak edən şəxsi heyətin sayına görə Müdafiə Nazirliyinin hərbi birləşmələrindən sonra ikinci yeri tutur.
Qeyd edək ki, bu təlimlər əsasən «Xəzər dənizində DSX-nın bölmələri tərəfindən dövlət sərhədinin mühafizəsi zamanı sahilə, adalara, neft-qaz boru kəmərlərinə və neft platformalarına qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili və xilasetmə işlərinin aparılması» mövzusunda keçirilir. Hər il keçirilən təlimlərə minlərlə hərbçi, helikopterlər, onlarla gəmi və kater, sualtı üzmə vasitələri, iriçaplı silahlar və zirehli döyüş texnikası cəlb olunur. Rəsmi məlumatlara görə, Azərbaycan Sahil Mühafizəsi Xəzər regionunda ən müasir bazaya malikdir.
Bəzən Sərhəd Qoşunlarını ölkənin Silahlı Qüvvələrinin arxa cəbhəsi kimi də qələmə verirlər. Sərhəd Qoşunlarının şəxsi heyətinin ümumi sayı barədə rəsmi informasiya demək olar yoxdur. Bəzi müstəqil mənbələri DSX şəxsi heyətinin (hərbi və mülki vəzifəlilər) ümumilikdə 20 min nəfərə yaxın olduğunu qeyd edirlər. Amma bu rəqəm də ciddi suallar doğurur. DSX-da keçirilən islahatlar təhlükəsizlik və müdafiə sektorunun müxtəlif strukturları kimi Dövlət Sərhəd Xidməti, eləcə də onun əsas strukturu olan Sərhəd Qoşunları islahatlar prosesinin hədəfidir. Müstəqil qiymətləndirmələrə görə, son 5 il ərzində bu qurumda islahatlar əsasən aşağıdakı istiqamətləri əhatə edib:
— Sərhəd Qoşunlarına ayrılan xərclər artırılıb və bununla da şəxsi heyətin məvacibləri, sosial təminatının gücləndirilməsi (mənzillərin tikilməsi) istiqamətində bir sıra işlər görülüb;
— Sərhəd Qoşunlarının şəxsi heyətinin istifadəsində olan silah və hərbi texnika yeniləşdirilib, xeyli sayda yeni texnika alınıb;
— Sərhəd Qoşunlarında idarəetmənin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb;
— Sərhəd Qoşunlarında şəxsi heyətin nizamlanması prosesi həyata keçirilib, mülki vəzifəlilərin və həmçinin müqaviləli heyətin (xüsusilə müddətdən artıq xidmət edən hərbi qulluqçular) sayı artırılıb;
— DSX-nin Sahil Mühafizəsinə aid gəmilər, katerlər müasirləşdirilib, dənizdə müşahidə imkanları gücləndirilib.
Özəlliklə də, Azərbaycanın NATO ilə 2005-ci ilin mayında imzaladığı Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP) üzrə DSX-nin üzərinə düşən bir sıra islahatların keçirilməsinə səylər göstərilib. Nəzərə alınmalıdır ki, Azərbaycan DSX postsovet məkanında İPAP-a adı salınan ilk sərhəd qurumudur. Rəsmi məlumatlara görə, İPAP çərçivəsində DSX-nin qanunvericilik bazasının təkmilləşdirilməsi, idarəetmənin səmərəliləşdirilməsi, səmərəli qüvvə sisteminin yaradılması, Xəzər dənizində nəzarət sisteminin təkmilləşdirilməsi, xilasetmə-axtarış işlərinin aparılması məqsədilə DSX-nin imkanlarının genişləndirilməsi və inkişaf etmiş Avropa ölkələri standartlarına uyğunlaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı 2004-cü ildə DSX üzərinə 5 tərəfdaşlıq məqsədi götürərək NATO-nun Əməkdaşlığın planlaşdırma və analiz prosesinə (PAP) sənədinə qoşulub, növbəti ildə isə öhdəliklərinin sayını 6-ya çatdırıb. Rəsmi məlumatlara görə, hazırda DSX aşağıdakı tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi üzrə çalışır:
— ingilis dilinin öyrənilməsi və təkmilləşdirilməsi;
— tədris sisteminin müasir tələblərə uyğunlaşdırılması;
— rabitə və kommunikasiya sistemlərinin təkmilləşdirilməsi;
— sərhəd mühafizəsinin texniki təminatının yaxşılaşdırılması;
— hərbi qurumdan HMO-ya keçməklə bağlı islahatların aparılması;
— dəniz təhlükəsizliyi.
Rəsmi mənbələr bildirirlər ki, DSX-da ümumilikdə islahatların 2015-ci ilədək başa çatması planlaşdırılır. İslahatlar çağırışçı heyətinin kəskin azaldılmasına, DSX-nin texniki və əməliyyat imkanlarının artmasına səbəb olmalıdır.
DSX-nın beynəlxalq əməkdaşlığı
DSX-ya aid olan rəsmi dsx.gov.az saytında qurumun beynəlxalq əməkdaşlığının əsas sahələri aşağıdakılar kimi göstərilir:
— inteqrə edilmiş sərhəd idarəçiliyi,
— sərhəd nəzarəti,
— qeyri-leqal miqrasiya ilə mübarizə,
— dəniz sərhədlərinin mühafizəsi,
— pilotların və mobil qruplarının əməkdaşlarının hazırlığının təkmilləşdirilməsi,
— təlim-tədris sisteminin təşkili və digər sahələr.
Bildirilir ki, DSX Yaxın Şərq və Asiya ölkələrinin (BƏƏ, Çin, Qətər, İordaniya, Pakistan və s.) sərhəd mühafizə qurumları ilə təcrübə mübadiləsi və əməkdaşlıq edir. Məlumatda bu da qeyd olunur ki, AB Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində İnteqrə edilmiş Sərhəd İdarəçiliyinin yaradılması sahəsində geniş əməkdaşlıq var. Belə ki, 2006-2008-ci illərdə Avropa Komissiyası və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə «Azərbaycanın cənub sərhədlərində inteqrə edilmiş sərhəd idarəçiliyi modelinin yaradılması» üzrə keçirilmiş pilot layihə çərçivəsində telekommunikasiya və rabitə vasitələri, radiasiya monitorinqi, müşahidə-nəzarət qurğuları, kompüterlər, gecə-görmə cihazları, pasport nəzarəti texnikası, nəqliyyat vasitələri və digər avadanlıqlar əldə olunub.
Bununla yanaşı hazırda 2010-2012-ci illəri əhatə edən, AB-nin dəstəyi ilə «Cənubi Qafqaz ölkələrində İnteqrə edilmiş Sərhəd İdarəçiliyi sistemlərinin yaradılmasına dəstək» üzrə layihə həyata keçirilib. Layihənin əsas məqsədi AB prinsipləri əsasında sərhəd idarəedilməsi sahəsində Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gücləndirilməsi və aidiyyəti milli təsisatların imkanlarının artırılması olub.
DSX-da şəffaflıq və korrupsiyaya qarşı mübarizə
Azərbaycanın güc strukturları içində ictimai məlumatlandırma səviyyəsinə görə son vaxtlar geridə qalan təşkilatlardan biri də Dövlət Sərhəd Xidmətidir. Bu qurumun konkret ictimai məlumatlandırma strategiyasına malik olduğu müşahidə edilmir. DSX-dan yalnız iki halda məlumat əldə etmək mümkündür: beynəlxalq səviyyəli toplantılar və ya hansısa xarici qonağın səfəri zamanı və hansısa DSX obyektinin aşılışı zamanı. İctimaiyyətin, xüsusilə də KİV-in hər hansı məlumatı lazım olan anda DSX ilə operativ dəqiqiləşdirmək imkanları məhduddur. Bir çox hallarda Müdafiə Nazirliyinin mətbuat xidməti telefon vasitəsilə informasiya versə də (baxmayaraq ki, bu informasiyaların əksəriyyəti informasiya baxımından çox kasad olur), DSX-da hər bir sualın yazılı formasında göndərilməsini və ona yazılı olaraq cavab veriləcəyini bildirirlər. Lakin bir çox hallarda bu da işləmir. Misal üçün, 2012-ci ilin may və iyun aylarında «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi DSX və Sərhəd Qoşunlarında durumla bağlı 10-a yaxın sualı DSX-nın rəsmi veb səhifəsində əksini tapan əlaqə e-maili vasitəsilə onlara göndərmiş, lakin indiyə qədər bu suallara cavab ala bilməmişdir. Qeyd edək ki, suallardan biri də məhz DSX-da korrupsiyaya qarşı aparılan mübarizənin durumu ilə bağlı olub.
Bir çox KİV və QHT əməkdaşları da DSX-ya göndərdikləri suallara vaxtında cavab ala bilmədiklərini, bir çox hallarda suallarının cavabsız qalmalarından şikayət edirlər. Beləliklə, bu gün DSX rəhbərliyi faktik olaraq ictimaiyyətlə əlaqələri qurmaqda və dərinləşdirməkdə maraqlı görünmür və bu da DSX-da mövcud vəziyyət, büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunması, islahatların aparılması barədə ciddi şübhələr yaradır. Belə bir mühitdə bəzi ekspertlər DSX-da korrupsiyaya qarşı mübarizənin lazımi qaydada aparılmadığı ehtimalını ortaya qoyurlar. Düzdür, «Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış qaydaları» adlanan sənəddə (E.Quliyevin 15 oktyabr 2007-ci il tarixli əmri ilə təsdiq edilib) qurumda korrupsiyaya qarşı mübarizə barədə qeydlər var. Sənəddə qeyd olunur ki, qaydaların məqsədlərindən biri də DSX-də korrupsiyanın və əməkdaşların fəaliyyətində maraqların toqquşulmasının qarşısının alınmasıdır.
Problemlər və perspektivlər
Ümumilikdə, təhlükəsizlik və müdafiə sektorunda təmsil olunan digər güc strukturları kimi DSX-da da, Sərhəd Qoşunlarına dair bir sıra problemlər diqqət mərkəzindədir:
— DSX üzrə ayrılmış xərclərin, vəsaitlərin təyinatı və nəticələri barədə məlumat açıqlanmır;
— DSX-da islahatlar prosesinin bu qurumun quruculuq strategiyasının cəmiyyət üçün aşkar olan proqramı yoxdur;
— DSX-nın hərbi qulluqçularının sosial təminatının mövcud durumu ilə bağlı rəsmi məlumat verilmir;
— KİV və ictimaiyyətlə əlaqələr çox aşağı səviyyədədir;
— Sərhəd Qoşunlarına ictimai nəzarət yoxdur;
— DSX-nın parlament qarşısında hesabatlılığı yoxdur və s.
Eyni zamanda, bildirək ki, «Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış qaydaları» adlanan sənəd DSX əməkdaşlarının qarşılaşdıqları problemlər barədə bu problemlərin yaradıcısı olan rəhbər şəxsləri tənqid etməkdən çəkindirir. Belə ki, sənədin 6-cı maddəsində («Loyallıq» adlanır) qeyd olunur ki, DSX-nin əməkdaşları onun xidməti vəzifəsinə aid olmadığı hallarda, DSX-nin və rəhbər işçilərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Beləliklə, ekspertlər hesab edirlər ki, DSX-da insan hüquqularının durumu da ciddi müzakirə obyekti olmalıdır.