Muəllif:

Dövlət hesabına təhsil alanların təyinatı bərpa oluna bilər

Bu gün tələbələrin işlə təminatını həyata keçirmək üçün təyinat yoxdur. Ölkəmizdə ali məktəbi bitirən məzunların təyinatı artıq bir neçə ildir ləğv olunub. Onların müstəqil şəkildə iş tapması isə çox çətindir. Odur ki, ali məktəbi bitirən gənclər arasında işsizlik əhalinin orta və yaşlı təbəqəsinə nisbətən yüksəkdir. Bəllidir ki, ali məktəbi bitirən şəxs yalnız nəzəri biliklərə malik olur. Müraciət etdiyi özəl qurumlar isə, ilk növbədə həmin sahədə bir neçə il iş təcrübəsi tələb edir. Heç bir təcrübəsi olmayan şəxsin iş tapmaq imkanı faktiki olaraq sıfıra enir.
Təyinat hələ sovet vaxtında və müstəqilliyimizin ilk illərində mövcud olan və hazırda bir çox dünya ölkələrində tədbiq edilən, məzunları işlə təmin edən bir sistemdir. Mütəxəssislərin fikrincə, belə bir sistemin yenidən bərpası bütün ixtisaslara aid edilməlidir. Əgər, hansısa bir ixtisas təhsil müəssisələrində tədris edilirsə, ona uyğun da iş olmalıdır. Yox əgər bu ixtisasa ölkədə ehtiyac yoxdursa, onda gərək həmin sahə ümumiyyətlə tədrisdən çıxarılsın.
Nəzərdə tutulan 2 və yaxud 5 illik təyinat universiteti yenicə bitirən məzunlar üçün iş təcrübəsi sahəsində baza rolunu oynayacaq. TQDK hər il ortalama yüz minə yaxın şagirdin universitetə qəbul olunduğunu və bir o qədər də tələbənin məzun olduğunu bildirir. Təyinatın olmadığı nəzərə alındıqda nəticəni təsəvvür etmək elə də çətin deyil.
MM Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, dövlət universitetlərində dövlət hesabına təhsil alan tələbələrin təyinat məsələsi bərpa olunmalıdır: «İndi elm haqqında qanun layihəsi müzakirə olunur, biz bu məsələni də qaldıracağıq. Hər halda bu ictimai müzakirənin də mövzusu olsa yaxşı olardı. Bizim müəyyən sahələrdə gənc kadrlara, ali təhsilli mütəxəssislərə ehtiyacımız var. Amma bəzən regionlara getməyə maraq göstərmirlər. Burda müəyyən obyektiv və subyektiv səbəblər var».
Millət vəkili hesab edir ki, istər işsizliyin aradan qaldırılması, istərsə də urbanizasiya baxımından təyinat sisteminin bərpası vacibdir: «Bu işi daimi etməkdən, tam məcburiyyətə bağlamamaqdan ötrü təyinatla həmin yerlərə gedən gənc mütəxəssislər üçün bir sıra sosial imtiyazlar yaranmalıdır. Onların mənzil və yaxud müvəqqəti yaşayış yeri ilə təmin olunması, onlara ev tikmək üçün pulsuz və növbəsiz torpaq sahələrinin ayrılması, onlara aşağı faizlə sosial ipoteka kreditlərinin verilməsi, yaxud ev tikəcəksə ona ssudanın verilməsi kimi şərtlər nəzərə alınmalıdır ki, həmin insanlar öz fəaliyyətlərini uzun müddət davam etdirsinlər».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 462