Dövlət hər il serial çəkilişinə pul ayırmağa borclu deyil
Milli serialların çəkilməsi üçün telekanallara maliyyə vəsaitinin ayrılması gündəmdədir. Çalışacağıq ki, bu məsələ lap yaxın aylarda öz həllini tapsın. Bu açıqlamanı APA-ya Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. O deyib ki, fevral-mart aylarında serial çəkilişlərinə maliyyə vəsaitinin ayrılmasına dair ölkə başçısı tərəfindən qərar veriləcək.
Şura sədri ayrılacaq maliyyənin məbləği ilə bağlı bir söz deyə bilməyəcəyini vurğulayıb. O qeyd edib ki, hazırda serial çəkilişləri dövlət vəsaiti hesabına deyil, kanalların öz gücü ilə davam etdirilir: “Dövlət hər il serial çəkilişlərinə maliyyə ayırmaq kimi bir öhdəlik götürməyib. Ayrılacaq vəsait 2013-cü il üçün nəzərdə tutulacaq”.
N. Məhərrəmli onu da deyib ki, hələlik ayrılacaq maliyyənin regional kanallara aid edilib-edilməyəcəyi dəqiq deyil: “Vəsait ayrılandan sonra onun hansı kanallara aid edilməsi məsələsi müzakirə ediləcək”.