Dövlət Gömrük Komitəsinin sədri: «Ən çox narkotik İrandan gətirilir»
Bu günlərdə Azərbaycan və İran gömrük xidməti orqanlarının rəhbərləri arasındakı görüşdə müzakirə olunan əsas məsələlərdən biri bu ölkədən Azərbaycana narkotiklərin qanunsuz keçirilməsi cəhdləri olub. APA-Economics-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, gətirilən narkotik vasitələrin əksər hissəsi gömrük əməkdaşları tərəfindən ölkənin cənub sərhədlərində — yəni İranla sərhəddə tutulur: «Hətta digər istiqamətlərdə tutulan narkotik vasitələri araşdıranda da məlum olur ki, onlar İranın ərazisindən daşınır».
Güney Azərbaycandan olan müşahidəçilər iddia edirlər ki, İran dərin dövlət siyasəti ilə bağlı çevrələr Güney Azərbaycan və Azərbaycan Respublikası xalqı arasında «ağ ölüm»ün məqsədyönlü şəkildə yayılmasına gizli şəkildə nəzarət edir. Strateji hədəf bundan ibarətdir ki, Azərbaycan xalqı ümumiliklə deqradasiyaya uğrasın, Quzey Güneyə örnək olmasın, Güney Azərbaycan türklərinin isə milli haqlar uğrunda mücadiləsi zəifləsin.
Təkcə yanvar ayının rəqəmləri situasiyanın nə qədər mürəkkəb olduğunu təsəvvür etməyə imkan verir. DSX əməkdaşları tərəfindən yanvar ayı ərzində narkotik maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib. Bu barədə DSX mətbuat mərkəzi məlumat yayıb.
Transsərhəd cinayətkar qrupların zərərsizləşdirilməsi nəticəsində dövlət sərhədindən qanunsuz keçirilmiş 37 kq 232 qram narkotik maddə aşkar olunaraq götürülüb. Yanvarın 1-də «Astara» sərhəd nəzarət məntəqəsində İrandan gələn Astara rayon sakini Şakir Salmanovun üzərindən 22 qram heroin və 5 qram həşiş qətranı aşkarlanaraq götürülüb.
Yanvarın 3-də Biləsuvar rayonunun Şəhriyar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycana külli miqdarda narkotik vasitə keçirən 2 nəfər silahlı şəxsin qarşısı alınıb. Sərhəd naryadına qarşı silahlı müqavimət göstərən sərhəd pozucuları əllərindəki qaçaqmalı hadisə yerinə ataraq geri qaçıblar. Hadisə yerindən ümumi çəkisi 8 kq olan narkotik vasitə (2 kq heroin, 4 kq tiryək və 2 kq həşiş) götürülüb.
Yanvarın 8-də isə Cəlilabadın Əsədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitə keçirmiş 3 nəfərdən ibarət silahlı qrupun qarşısı alınıb. Cinayətkarlar tərəfindən sərhəd naryadına qarşı silahlı müqavimət göstərilməsi nəticəsində DSX-nin bir hərbi qulluqçusu xəsarət alıb. Saxlanılmış Cəlilabad sakini Faiq Mərdalıyevin üzərindən 20 kq heroin və 5 kq tiryək aşkar edilərək götürülüb.
Yanvarın 20-də bu rayonun Kürünc kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycana 1 kq heroini qanunsuz gətirmiş Cəlilabad sakini Fuad Əliyev saxlanılıb.