Muəllif:

Dil normalarını qorumaq üçün «Qaynar xətt» yaradılacaq

Yaxın iki il ərzində küçə adları, afişa və reklamlarda ədəb dil normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Bu məsələ Prezidentin sərəncamı ilə yeni təsdiqlənmiş «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nda nəzərdə tutulub (Trend).
Proqrama əsasən, Azərbaycan MEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Müəllif Hüquqları Agentliyi tərəfindən 2016-cı ilədək Azərbaycan dilində antiplagiat sistemi yaradılacaq. Proqrama uyğun olaraq, 2015-ci ilə kimi Azərbaycan dilinin dövlət dili kimi ümumi məlumat bazası yaradılacaq.
Türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələr hazırlanacaq.
2020-ci ilədək isə Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətləri hazırlanacaq.
Həmin müddətə kimi Azərbaycan MEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə «Əlyazmaların elektron kitabxanası» və internet portalı da hazırlanacaq.
Ölkədə tədrisin digər dillərdə aparıldığı ümumtəhsil müəssisələrində dövlət dilinin tədrisi təmin ediləcək. Beynəlxalq standartlar əsasında milli terminoloji məlumat sistemi yaradılacaq.
Bundan başqa, bu il ərzində Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq. Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsi də təmin ediləcək. Bu işlər mütəmadi olaraq, Azərbaycan MEA, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Təhsil Nazirliyi tərəfindən aparılacaq.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində dövlət dilinin təbliği də gücləndiriləcək.
Eyni zamanda, dövlət dilinin təmizlyinin qorunması üçün «Qaynar xətt» yaradılacaq. «Qaynar xətt»in yaradılmasında məqsəd Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakını təmin etmək və operativ tədbirlər görməkdir. «Qaynar xətt»in yaradılması 2013-2014-cü illərdə həyata keçirilməlidir.
Proqrama əsasən, 2013-2015-ci illərdə Təhsil Nazirliyi və Azərbaycan MEA tərəfindən Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartları hazırlanacaq.
Bu il ərzində qloballaşma dövrünün tələblərinə uyğun olaraq MEA Dilçilik İnstitutunun strukturu təkmilləşdiriləcək.
Azərbaycan dilinin tədrisinin genişləndirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə «Nitq mədəniyyəti» fənninin tədrisi təmin ediləcək.
Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində mütəmadi olaraq, Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirləri və treninqlər təşkil ediləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 327