Dövlət Departamentində Azərbaycanla bağlı müzakirə olub
Bu gün ABŞ-Azərbaycan ikitərəfli və regional siyasəti Dövlət Departamentində müzakirə mövzusu olub. Dövlət katibinin müavini Villiam Burns ölkəsinin Bakı səfiri Riçard Morninqstarı qəbul edərək Azərbaycanda həyata keçirilən işlərə və ölkədəki vəziyyətə nəzər salıb. Bu barədə Turan-ın Vaşinqton müxbirinə Dövlət Departamentindəki mənbələr məlumat veriblər. Daxili müzakirələrin təfərrüatları açıqlanmır.
Departamentin iş üslubuna bələd qaynaqlar adətən bu kimi görüşlərdə səfirin çalışdığı ölkədə vəziyyət, administrasiyanın regonal siyasəti və gələcək addımlarının müzakirə olunduğunu bildirirlər.
Bu arada bəlli olub ki, səfir Morninqstarın Bakıya təyinatından əvvəlki vəzifəsini — Xəzər regionu üzrə xüsusi nümayəndə səlahiyyətlərini hazırda Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi, səfir Karlos Pascual icra edir. Bu barədə Departamentin sözçüsü Viktoria Nuland bu gün keçirdiyi ənənəvi mətbuat konfransında bildirib. Sözçüyə senator Riçard Luqarın Qafqazda enerji təşəbbüsləri, xüsusilə Nabucco- Vest-ə diqqətin azalması ilə bağlı Departamentə ünvanladığı tənqidləri və yeni hesabatı ilə bağlı sual verilib. Xanım Nuland deyib ki, senatorun fikirləri və hesabatı ilə tanış olduqdan sonra münasibət bildirəcək.