Dövlət Departamenti və ATƏT-dən alqış səsi gəldi
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada dünənki görüşünü alqışlayaraq tərəfləri “ərazi” münaqişəsinin tənzimlənməsi üçün dinc yolların axtarışının davam etdirilməsinə çağırıb. “ABŞ Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü alqışlayır”, — Dövlət Departamentinin rəsmi nümayəndəsi Cenifer Psakinin bəyanatında deyilir.
“Biz Ermənistan və Azərbaycan prezidentlərinin bu addımını dəstəkləyirik və yaxın aylarda qarşıdakı görüşü razılaşdırmağa çağırırıq. Onların son görüşü təxminən iki il əvvəl olub və bu görüş dialoqun bərpası yolunda mühüm addımdır, liderlərin Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasına sadiqliyini nümayiş etdirir.
Minsk Qrupunun həmsədri kimi ABŞ Rusiya və Fransa ilə birlikdə hər iki prezidenti tərəflər üçün ağır itkilərə səbəb olmuş bu münaqişənin dinc yolla nizamlanmasına nail olmaq məqsədilə fəal çalışmağa çağırırıq”, — deyə bəyanatda deyilir.
ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna XİN rəhbəri Leonid Kojara da Azərbaycan və Ermənistan prezidentlərinin 19 noyabr görüşünü alqışlayıb.
«İnanıram ki, Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə dialoq tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi üçün müsbət stimulu təmin edəcək,» — Kojara bildirib.
“Hesab edirik ki, bu cür səviyyədə danışıqlar sülh və sabitliyin təminatına xidmət edir və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Ukrayna gələcəkdə də Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ
münaqişəsinin beynəlxaq hüquq çərçivəsində hərtərəfli sülh yolu ilə nizamlanmasına yönələn müntəzəm dialoqun yaradılması üçün səyləri artırmağa hazırdır», — bəyanatda vurğulanır (Turan).