Dondurulmuş münaqişələr: qara ləkə, yoxsa qara yara?
Avropa Şurasının baş katibi “dondurulmuş” münaqişələri qara ləkəyə bənzədib. Bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı gözlənilir. Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandla görüşən Ermənistan prezidenti görüşdən sonra jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiklərini deyib: “Biz bu münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanmasının tərəfdarı olduğumuzu bir daha əminliklə ifadə etdik”.
T. Yaqland isə erməni jurnalistinin “Dağlıq Qarabağ və onun əhalisinin də Avropanın bir hissəsi olduğu və AŞ-nin bu bölgədə də öz prinsip və dəyərlərini həyata keçirməsinin vacibliyi” haqda sualına cavabında AŞ-nin bu münaqişənin həllində xüsusi bir mandatı olmadığını bir daha xatırladıb:
“Biz bu münaqişənin siyasi həlli yollarını axtaran qrupa daxil deyilik və Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Bununla belə, bu, çox vacib bir sualdır və mən çox vaxt Avropadakı bir çox “dondurulmuş” münaqişələr haqda danışmışam. Avropa məkanında Dnestryanı, Kosovo və Dağlıq Qarabağ kimi münaqişələr mövcuddur. Avropa Şurası bu bölgələrdə öz prinsip və normalarını həyata keçirə bilmir. Son vaxtlara qədər Kosovoda da bunu edə bilmirdik, amma indi artıq bu bölgədə yavaş-yavaş öz normalarımızı həyata keçirməyə müvəffəq olmuşuq. Amma mən bu 3 münaqişə bölgəsini, 3 vəziyyəti müqayisə etmək istəməzdim, bunlar fərqli məsələlərdir. Təbii ki, bunların arasında ümumi cəhətlər var. Və mən Avropada insan hüquqlarının və demokratiyanın tam bərqərar olması üçün bu “qara ləkələr”in aradan qaldırılması istiqamətində müəyyən işlərin aparılması haqda düşünürəm”.
Bizcə, «qara ləkə» deyil, «qara yara» daha dəqiq təyindir. Və Qərb dünyası hüquq böhranı
yaşadığından bu qara qaralar sağalmaq bilmir.