Doğma kəndində Aşıq Kamandarın büstü qoyulacaq
Sentyabrın 18-də XX yüzil aşıq sənətinin tanınmış isimlərindən biri, hələ sağlığında ikən klassikləşərək milyonların qəlbində özünə yuva quran böyük ustad, Azərbaycanın əməkdar mədəniyyət işçisi Aşıq Kamandar Əfəndiyevin Borçalıda – doğma kəndi Kürüstü Kəpənəkçidə büstünün açılışı olacaq. Bu barədə APA-ya məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu deyib ki, ötən il ustad aşığın anadan olmasının 80 illik yubileyi Azərbaycanda və Gürcüstanda böyük təntənə ilə qeyd olunub və elə yubiley ərəfəsində də Gürcüstanın müvafiq qurumları qərara alıb ki, bu böyük sənətkarın yaşadığı və hazırda həm də onun ev-muzeyi kimi fəaliyyət göstərən evin qarşısında büstü ucaldılsın.
M. Nəbioğlu onu da əlavə edib ki, Gürcüstanın mədəniyyət naziri Quram Odişariyanın və Gürcüstanın digər rəsmilərinin qatılacağı tədbirdə Aşıq Kamandar Əfəndiyevin büstü ilə yanaşı, həm də onun xeyli vaxtdır fəaliyyət göstərən ev-muzeyinin də rəsmi açılışı olacaq.