Muəllif:

Dizayn və sənaye innovasiya naminə qüvvələrini birləşdirir

«Fikir mübadiləsi üçün münbit şərait yaratmaq və sabahın fransız Apple-ni yaratmağa nail olmaq”. Sənayeçilərin və dizaynerlərin sentyabrın 5-dən 6-dək Nant şəhərində beynəlxalq görüşünü təşkil edənlərin qarşılarına qoyduqları məqsəd belə idi.

Birinci “Sənaye və Dizayn” tədbirinə Think tank Premier Cercle et le Public Système agentliyi qabaqcıl sənaye və dizayn müəssisələrini dəvət etmişdi. Fransada bu iki sahə rəqabətə davamlılığın və iqtisadi inkişafın əsas aparıcı qüvvələri hesab edilir. Əgər Fransada sənaye Ümumi Daxili Məhsulun 18 faizini təşkil edirsə, fransız dizaynının illik dövriyyəsini dəqiq təyin etmək mümkün deyil, o, təxminən 3,6 — 7,1 milyard avrodur və bu sektorda 30 mindən çox dizayner çalışır.

Yeni ideyaların qiymətləndirilməsi

Simpoziumun təşkilatçıları üçün əsas məqsəd fransız sənaye müəssisələrinin novatorluğunu aşkar etmək və onu stimullaşdırmaq idi. Məsələ burasındadır ki, avtomobillərin və qatarın, iri toxuculuq müəssisələrinin yaranması ilə yadda qalan sənaye inqilabı dövründə Fransa yeniliklər sahəsində dünyada lider olub. Le Public Système agentliyinin rəhbəri Frederik Beden deyir: «Qeyri-maddi milli sərvətlər sahəsində Fransa yaradıcılıq, incə zövq, çeviklik, mahirlik sahələrində zəngin irsə malikdir. Biz fəaliyyətimizdə güclü tərəflərimizə arxalanmalıyıq». Və Fransada onların sayı az deyil.

«SEB»-dən «VELIB»-ə qədər

SEB şirkəti və bir sıra sənaye müəssisələri sənaye ilə dizaynı bir-biri ilə əlaqələndirməyin vacibliyini artıq dərk ediblər. Məişət texnikası malları istehsal edən bu tanınmış şirkət texnologiyalarını bazarda istehlakçıların artan tələbatına uyğunlaşdırmağa nail olub. Bunun sayəsində isə hazırda Çində fəaliyyət göstərən aparıcı müəssisələrdən birinə çevrilərək tava və ya bitki yağları işlətmədən yemək hazırlamağa imkan verən məişət əşyaları istehsalı sahəsində liderlik edir.

Görüşdə Aerobus Avropa təyyarəqayırma firmasının innovasiyalar üzrə direktoru Yan Barbo təyyarələrin interyerinin yenidən işlənib hazırlanmasından söhbət açıb. Bildirib ki, yolçulara qayğını daha yaxından nümayiş etdirmək, stresə qarşı mübarizə aparmaq və rahatlığı artırmaq üçün interyerin yeni tərtibatı işlənib hazırlanıb.

Dizayner Jan-Lui-Freşenin nəzərincə «Müvəffəqiyyətli dizayn — istehlakçılar, konstruktorlar və müəssisələr arasındakı dialoqun son nəticəsidir». Məhz JCDecaux və «VELIB» velosiped konstruktorları arasında belə bir qarşılıqlı anlaşma yaratmaq mümkün olub və hazırda bu təcrübə Amerika Birləşmiş Ştatlarının nüfuzlu Massaçusets Texnologiya İnstitutu tərəfindən öyrənilməkdədir. Frederik Beden sözünə davam edərək deyir: «Reklam agentliyi, urbanist-memar, mühəndis və velosiped istehsalçısı arasında sıx əməkdaşlıq elə bir vasitə işlənib hazırlanmasına imkan verdi ki, o, şəhərlərin simasında və nəqliyyat vasitələri sistemində bir yenilik yaratdı».

İri firmalardan kiçik və orta həcmli müəssisələrə

Sənaye müəssisələrinin hamısı belə bir ümumi rəydədir ki, yeniləşdirilmiş modellərin və ya yeni məhsulların bazara çıxarılmasında onun dizaynı mühüm rol oynayır. «Fransız məhsulları həmişə ağıllı işlənib hazırlanır və əla texniki göstəricilərə malik olur. Amma təəssüf ki, bu sözləri onun xarici görünüşü və cazibədarlığı haqqında demək olmur. Bizim incə zövqlü həyat tərzi və zinət əşyaları sahəsində tanınmış çoxəsrlik ənənələrimiz var. Fəaliyyət göstərdikləri sektorlardan asılı olmayaraq kiçik və orta həcmli müəssisələrin istehsal etdikləri məhsullarda mədəniyyətimizin bu hissələri öz əksini tapmalıdır» (Jan-Lui-Freşen).

Dəyirmi masa arxasındakı görüşlərdə iri, kiçik və orta həcmli müəssisələr, binaların xarici hissələrinin işıqlandırılmasında ixtisaslaşmış TMC İnnovation və qapıların istehsalında tanınmış BelM firmaları, o cümlədən, dizaynerlər iştirak edirdi.

Əhatə olunan mövzular arasında müəssisələrin təşkil olunmasında dizaynın inteqrasiyası, innovasiya proseslərində dizaynın rolu, dizayn və sənayenin qarşılıqlı əlaqəsini misal göstərmək olar.

Ümumiyyətlə götürdükdə sənaye və innovasiyaya həsr olunmuş beynəlxalq tədbirə 500-dən artıq iştirakçı qatılmışdı. «Think tank Premier Cercle” qrupunun rəhbəri Patris Qros deyir: «Gəlməyənlər yalnız, bu sahədə liderlik edən, fəaliyyətlərində həmişə məxfiliyi qoruyub saxlamağa üstünlük verən bir sıra iri amerika və asiya şirkətləri idi».

Görüşdə dizayn və müəlliflik hüquqları sahələrində təhsil alan tələbələr və siyasətçilər, məsələn, sənaye istehsalının bərpa olunması naziri Arno Montebur da iştirak edirdi. Jan-Lui-Freşennin fikrincə «ölkə miqyasında dövlət simvolik rol oynamalı, bu cür tədbirlərin təşəbbüskarı və bələdçisi olmalıdır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 464