Divanda uzanıb qəzet oxumağın sonu
Ötən ilin son günü «Newsweek» jurnalı sonuncu dəfə kağız nəşri ilə çıxdı. Amerikanın nüfuzlu yayın orqanının baş redaktoru Tina Braun «yayınçılığın gələcəyi dijital dünyadadır» dedi. Qəzet dünyasının çaşqınlıqla qarşıladığı bu inqilabi qərarı Tina Braun soyuqqanlıqla belə izah etmişdi: «Amerikada gənclər də, yaşlılar da artıq xəbəri bilgisayar və telefon ekranından almağa üstünlük verirlər. Bu sosial dəyişiklik içində online jurnala keçmə qərarımız təbii bir nəticədir». 2 ay sonra Newsweek jurnalının dijital abunə sayı 500 mini keçmişdi.
1933-cü ildə Nyu-Yorkda yayın həyatına başlayan «Newsweek» Amerikanın ən çox oxunan 2-ci xəbər jurnalı idi, 2008-də başlayan maliyyə və reklam problemlərini həll etmək üçün «The Daily Beast» portalı ilə birləşərək ayaqda qala bildi…
Məşhur xəbər jurnalı «Time» da bir neçə il əvvəl böyük yatırımla kağız nəşrini azaldaraq «online qəzetçiliyə» yönəldi. Dünyanın ilk iPad jurnalını hazırlayan «Time» önümüzdəki 10 il ərzində kağız nəşrini minimuma endirməyi planlayır. «Time»ın Direktorlar Şurasının sədri Yeff Bewkes medianın internet üzərindən qazanaraq inkişaf edə biləcəyi yolunu ilk müdafiə edən və ilk həyata keçirən media-maqnatlardandır. Yeff Bewkesin 2000-lərdə söylədikləri bütün dünyanı bu yeni sosial dövrə hazırlamaqda əhəmiyyətli rol oynadı. Amma əminəm ki, heç o da bu qədərini təxmin edə bilməmişdi…
Dijital inqilab bütün dünyada ən çox qəzetləri vurur. İnternetin sürətlə yayılması, sosial media və sosial şəbəkələrin həyatımızın ayrılmaz parçasına çevrilməsi klassik medianı dərindən sarsıtmağa davam edir. Bu sarsıntılar özünü, sadəcə, sürətlə düşən tirajlar və reklam gəlirlərində deyil, həm də etibar və güvənin itirilməsində də göstərir.
Dijital inqilab, daha sonra isə dünyanı bürüyən qlobal iqtisadi böhran son 5 ildə Türkiyədə qəzet satışını 25% azaldıb. Amerikada da analoji vəziyyət hökm sürməkdədir, qəzetlərin reklam gəlirləri ötən illə müqayisədə 60 faiz aşağı düşüb. Yüzlərlə qəzet yayın həyatına son verir və ya iflasdan qurtulmaq üçün dəyər-dəyməzinə başqalarına satılır.
5-6 il əvvələ qədər qəpik-quruşa aldığımız qəzet bizə siyasi, iqtisadi xəbərlər və analitik yazılarla bərabər mədəniyyət, texnologiya, hətta səhiyyə, moda ilə bağlı son yenilikləri verir, saysız-hesabsız elanlarla gündəlik həyatımıza yön verirdilər. İndi isə bütün bunlara qəzet köşkünə uğramadan, pulsuz-parasız internetdən sahib ola bilirsən. Həm də, sadəcə, yazıya deyil, mətnlə bərabər HD fotolora, video, qrafik rəsmlərə, audio və daha nələrə.
İnternet qəzetçiliyi ilə bərabər Twitter və Facebook kimi sosial media da qəzetlərin «çörəyini» əlindən almağa başlayıb. Türkiyə 32 milyon (!) Fasebook istifadəçisi ilə Avropada 1-ci yerdədir. Bu rəqəm əhalinin 40 faizi deməkdir. Ənənəvi olaraq qəzet oxuyan orta statistik türkün ancaq 1 adda qəzet aldığını diqqətə alsaq, qəzetlərin gələcəyinin heç də parlaq olmadığını söyləyə bilərik. Facebook istifadəçilərinə görə dünyada birincilik 160 milyon üzvü ilə Amerikanındır. Araşdırmalar ölkə əhalisinin 23 faizinin xəbərləri mütəmadi olaraq mobil cihazlardan aldıqlarını göstərir.
Qəzetlərin başının üstünü almış dijitallaşma fırtınası gün keçdikcə şiddətini artırmaqdadır. Bu afətə dayana bilmək, məhv olmamaq üçün yeniliklərə açıq olmaq lazımdır. Misal kimi qlobal media quruluşlarının bir çoxunun online yayınlarını abunə sistemi ilə pullu etdiklərini göstərmək olar. Aşağıdakı gerçəklər yeni çağa ayaq uydurmayan media orqanlarına nikbin olmaq üçün heç bir əsas vermir:
— Tablet bilgisayarların daha böyük imkanlara malik olması;
— Mobil telefonların Smart özəlliklərinin yeni imkanlar verməsi;
— e-oxucu kütləsinin sürətlə artması;
— Reklamverənlərin internet sektoruna etibarının artması;
— Qəzetlərin kağız və nəşriyyat xərclərinin durmadan artması.
Türkiyə timsalında qəzet tirajlarına bir az yaxından baxaq. 7 aprel 2013 tarixli ən son tiraj göstəriciləri (ən çox satılan ilk 5 qəzet üçün):
1. «Zaman» — 1.026.911
2. «Posta» — 443.451
3. «Hürriyet» — 406.445
4. «Sabah» — 316.012
5. «Sözcü» — 286.581
Görün heç «Milliyet» kimi ölkənin ən köklü qəzetlərindən biri varmı ilk 5-in içində. «Habertürk», «Akşam», «Vatan», «Star», «Türkiye» kimi qəzetləri də axtarmayın sıralamanın üstlərində — əriyən tirajlar öz sözünü deyir. «Milliyet» qəzetinin tirajı aşağılarda olsa da, onun eyniadlı internet portalı ölkənin ən çox oxunan iki xəbər portalından biridir.
Tablonun tam olması üçün bir də reklam gəlirlərinə baxaq. Türkiyədə qəzetlər satışdan qazanmır, satışdan əldə edilən gəlir mətbəə və kağız xərclərini qarşılayır. Gəlir isə ancaq reklamlardandır. Reklamçılar Dərnəyinin araşdırmasına görə, reklam dağılımı (2011-ci il üçün) belədir: Televiziya kanalları 56.66 %, qəzet və jurnallar — 24.25 %, internet — 7.97 %, outdoor (küçə reklamı) — 7.09 %, radio — 2.80%. Göründüyü kimi, qəzetlər hələ də ciddi bir gəlir payına sahibdirlər. İnternet reklamları 10 faizin altında olsa da, bu rəqəmlərin yaxın illərdə tamamən dəyişəcəyi təxmin edilir. Bir çox reklam araşdırma şirkətlərinin 2016-cı il üçün proqnozu belədir: Televiziya kanalları — 47.2%, internet — 24.25%, qəzet və jurnallar- 15.5%, outdoor — 5.5%, radio — 1.80%.
Media mütəxəssisləri bir məsələdə həmfikirdirlər — qəzetlər artıq yeni oxucu kütləsi yarada bilmirlər və yarada da bilməyəcəklər, internet sürəkli yenilənən tabletlər və smart telefonlarla qəzetləri küncə sıxışdırmağa davam edəcək. Bu isə, zənnimcə, qəzetlərin sonu deməkdir. Bəzi kəhanətlərə görə, Türkiyədə qəzetlər 2036-cı ilə qədər yox olacaq. Hərçənd ki, nikbin dostlarımız televiziya çıxdığında da radioların öləcəyini, video çıxdığında isə kino-teatrların qapanacağını deyənlərin də çox olduğunu söyləyir və bu kəhanəti rədd edirlər.
Qloballaşan dünyada klassik qəzetlər dijital çağımızla ayaqlaşıb, «yelkən»lərini doğru yönə açmağa məcburdurlar. Əks təqdirdə, acı son 2036-dan da erkən olacaq. Bizdən sonra gələn nəsillərə isə yazığım gəlir — divanda uzanıb uzun-uzun qəzet oxumağın necə bir kef olduğunu heç vaxt bilməyəcəklər…
[email protected]
Aynanın yeni köşə rubrikasından.