Dini və milli tolerantlığın Azərbaycan modeli
…Hər səhər Bakıda azan səsi ucalır, kilsə zəngi çalınır, sinaqoqda dua səsləri ucalır… Katolik məbədində isə yeni başlanan günün uğurlu olması üçün dualar edilir. Bütün bunlar Bakıda baş verir. Tolerantlıq nümunəsi sayılan şəhərimizdə. Azərbaycan Respublikası çoxmillətli və müxtəlif dinlərə etiqad edən insanların birgə yaşadığı ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Azərbaycanda heç vaxt milli və dini ayrı-seçkiliklə bağlı Avropa tarixində olduğu kimi özündə dəhşətli və utancverici izini qoymuş «qara səhifəsi» olmayıb. Burada tarixin bütün çağlarında fərqli milli kökü və dini baxışı olan insan bir yerdə mehriban yaşayıb. Ölkəmizdə insanlar dinindən və milli mənsubiyyətindən asılı olmayaraq qarşılıqlı hörmət və vahid dövlətin eyni hüquqlu vətəndaşı kimi yaşayırlar.
Tarix boyu yəhudi xalqının ciddi təqiblərə məruz qaldığı heç kimə sirr deyil. Azərbaycan yəhudi xalqının təqiblərdən qaçaraq pənah gətirdiyi ölkələr siyahısında birinci gəlməlidir. Yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki məskunlaşıblar. İsraildən kənarda mövcud olan hansı ölkədə b. e. ə. 586-cı ildə dağıdılmış Birinci Məbəddən kökü gələn və tamamilə yəhudilərdən təşkil olunan icma var? Bu ölkə Azərbaycandır. Babil hökmdarı II Novuxodonosurun (b. e. ə. 586-ci il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri məhz Azərbaycan torpağında özlərinə sığınacaq tapıb. 300 il əvvəl isə Quba xanı Fətəli xan yəhudilərə öz icmalarını yaratmaq və sərbəst hərəkət etmə ilə bağlı icazə verib. Bu gün Qubadakı «Qırmızı Qəsəbə»də 4000 yəhudi yaşayır. Bu, İsraildən kənarda formalaşmış ən böyük dağ yəhudi icmasıdır. Orada 3 sinaqoq mövcuddur. Sovet hökumətindən əvvəl isə bu sinaqoqların sayı 13 olub. Əksəriyyətini sovetlər bağlamışdılar. XX əsrin əvvəllərində Rusiya imperiyasının şəhərlərində yəhudi sinaqoqlarının tikilməsinə icazə verilməyəndə Bakının müsəlman icması öz pulu ilə torpaq alaraq onu yəhudi icmasına hədiyyə edib. Bu gün ölkəmizdə 7 yəhudi dini icması dövlət qeydiyyatına alınıb. Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü il mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilib.
Eramızın birinci yüzilliyinin ortalarında Azərbaycana gələn xristianlığın ilk ardıcılları sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. Onların xələfləri bu gün də öz ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. 2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınıb. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. 2006-cı ilin may ayında isə Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsi açılıb. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmləndirilib. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin mühüm tezisi olan «dində məcburiyyət yoxdur» ayəsi təşkil edir. Tarixi faktlar göstərir ki, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstərib.
Müsəlman ölkəsi olan Azərbaycan bu baxımdan unikal dövlətdir. Tarixi Böyük İpək Yolunda əsas həlqələrdən biri olan Azərbaycanın mədəni və ticarət əlaqələri üçün açıq olması burada tolerantlıq ənənələrinin yaradılmasında mühüm rol oynayıb. Bu baxımdan Azərbaycanın tolerantlığı Avropa üçün mayak ola bilər. Antisemitizmin tüğyan elədiyi digər müsəlman ölkələri ilə müqayisədə Azərbaycan tamamilə tolerant ideyalar daşıyıcısı olduğunu sübut edib. Ölkəmiz tolerantlıqla bağlı mühüm beynəlxalq Forumlara ev sahibliyi etməklə dünyada irqi və milli ayrı-seçkilik streotiplərinə həmişə etiraz edir.
Azərbaycan Respublikasında dini azlıqların hüquqlarının qorunması sahəsində də dövlət çox mühüm və ciddi addımlar atıb. Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə, «İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır». 1992-ci ildə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan «Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir».
Azərbaycan prezidenti Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir. 1999-cu ildən etibarən, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda 16 noyabr tolerantlıq günü elan edilib və hər il xüsusi olaraq qeyd edilir. Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və yəhudi dini icması ilə birgə təşkil olunan toplantılar dini icmalar arasında əməkdaşlığın mühüm mesajını ortaya qoyur. Xristianlar və yəhudilər öz dualarını etmək üçün hər cür imkanlara malikdirlər. 1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmiş Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy bu məbədi müqəddəs elan edərək ona baş kafedral kilsə statusu verib. Xüsusi vurğulamaq lazımdır ki, Allah evinin bərpasını Moskvada yaşayan azərbaycanlı iş adamı, müsəlman olan mərhum Aydın Qurbanov öz üzərinə götürmüşdü. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi — Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olunub. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.
Qafqaz üçün xarakterik olmayan katoliklər belə, Azərbaycanda öz inanclarını sərbəst bölüşmək imkanına malikdirlər. Azərbaycanda katolik icması 1999-cu ildə qeydiyyatdan keçib. 2007-ci ildə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanıb. Hələ 2002-ci ilin may ayında Bakıda olan Roma katolik kilsəsinin başçısı II İohann Pavel Azərbaycandakı tolerantlıq mədəniyyətini yüksək dəyərləndirmişdi.
Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Ölkəmizə düşmən olan qüvvələr hər imkandan istifadə edərək dünyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan «islam təhlükəsi» gözlənilir. Lakin bu cəhdlər respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. İstər xalqımız üçün «qara gün» sayılan 20 yanvar 1990-cı il faciəsində, Qarabağ müharibəsində və ondan sonrakı bütün çətin günlərdə müxtəlif dini konfessiyaların vahid mövqeyi siyasi kəmfürsətlərə böyük zərbə oldu. Çağdaş əsrimizdə dinlər arasında mövcud fərqlərə əsaslanan «sivilizasiyaların toqquşması» nəzəriyyəsi populyarlaşıb və öz tərəfdarlarını tapıb. Siyasi maraqlarını təmin etmək üçün dindən «zərbə qüvvəsi» kimi istifadə edən bu qruplar öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə din amilindən istifadə edirlər. Fərqli inanclı insanları bir-birinə qarşı qoymaqla siyasi dividend əldə etmək istəyənlərin ambisiyalı maraqlarının at oynatdığı bir zamanda dinlər və xalqlar arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bunun üçün tolerantlıq ənənələri zəngin olan ölkənin təcrübəsi dünya üçün nümunə ola bilər. Bu baxımdan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir