DİN: Qoca Quliyevə işgəncə verilməsi iddiası böhtandır
DİN Qoca Quliyevə işgəncə verilməsi barədə mətbuatda gedən məlumatlara münasibət bildirib. DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib ki, bu günlərdə keçirilmiş əməliyyat tədbiri nəticəsində tutulmuş Qoca Quliyevə işgəncə verilməsi və baxış zamanı üzərində tapılmış tapançanın zorla boynuna qoyulması barədə onun həyat yoldaşı İlahə Quliyevanın mətbuatda yaydığı məlumatlar həqiqətdən uzaqdır, böhtan xarakterlidir (APA). Mansurzadə qeyd edib ki, həyat yoldaşının Qoca Quliyev ilə söhbətinə əsaslanaraq həmin məsələdə İlqar Şabanovun adını hallandırması tamamilə yersizdir: “Bu İlahə Quliyevanın söylədiklərinin qeyri-obyektiv və qərəzli olduğunun daha bir göstəricisidir. Mən İlqar Şabanov ilə əlaqə saxlamışam. O, Qoca Quliyev adlı şəxsi tanımadığını, bu məsələdə onun adının hallandırılmasından təəccübləndiyini bildirib».
İlqarŞabanov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun qardaşıdır.
Qeyd edək ki, İlahə Quliyeva bəzi KİV-də həyat yoldaşı, kriminal avtoritet olduğu deyilən Qoca Quliyevin şərlənərək tutulması və ona işgəncə verilməsi haqda məlumat yayıb.