Muəllif:

Din, millət və dövlət

«Bizim dinimiz var və biz bu dinə qulluq edirik»
İlham Əliyev.
Söhbət Azərbaycan Respublikasının Prezidentindən deyil, Milli Məclisin deputatından gedir. Ancaq bu amilin o qədər də önəmi yoxdur. Yadımda deyil, bu lətifəyəbənzər hadisəni hansısa kitabda oxumuşam, yoxsa atam hələ uşaq olarkən din və millət anlayışları arasındaki fərqi anlatmaq üçün danışıb. Bir onu bilirəm ki, bu, doğrudan da, lətifəyəbənzər hadisə uşaqlıqdan yaddaşıma həkk olunub.
Keçən əsrin əvvəllərində bir tanınmış rus etnoqrafı Bakıya gəlir. Müasir elmi dillə desək, Azərbaycan türklərinin etnik identifikasiya problemlərini araşdırmağa çalışır. Küçədə qarşılaşdığı adamlara müxtəlif suallar verməyə başlayır. Birindən «sizin millətinizin adı nədir» deyə soruşur. Həmin adam böyük qürurla «mən müsəlmanam» cavabını verir. Etnoqraf qarşısına çıxan adamın onu anlamadığını düşünür və sualını bir də təkrar edir: «Cənab, mən sizin müsəlman olduğunuzu bilirəm. Dini inancınızın deyil, millətinizin adını soruşdum». Yenə də eyni cavabı eşidir: «Dedim ki, mən müsəlmanam!» Rus etnoqrafı özü məsələni aydınlaşdırmaq məcburiyyətində qalır: «Cənab, siz dini inancınıza görə müsəlmansınız. Millətinizin adı isə türk-tatardır». Hərəsi öz yolu ilə gedir. Amma bir qədər getdikdən sonra rus etnoqrafı kiminsə arxadan pencəyinin ətəyini çəkdiyini hiss edir. Arxaya çevriləndə görür ki, bir qədər əvvəl söhbət etdiyi kişidir. Təəccübdən, necə deyərlər, gözləri dörd olmuş kişi rus alimindən soruşur: «Cənab, çox xahiş edirəm. Bir də söyləyin. Mənim millətimin adı nə oldu?».
Əslində elə buradaca nöqtəni qoymaq olardı. Lakin qorxuram ki, nə yuxarıda haqqında danışılan İlham Əliyev, nə də bəzi oxucularımız mənim nə demək istədiyimi başa düşsünlər.
Deputat İlham Əliyev bu yaxınlarda «uzun saqqal və qısa şalvar» dindarlara qarşı qəti mübarizəyə çağırıb. Parlamentin iclasında çıxış edən Əliyev dini etiqad azadlığı haqqında qanuna dini ədəbiyyata nəzarəti sərtləşdirən düzəlişləri dəstəkləyib. «Bizim dinimiz var və biz bu dinə qulluq edirik. Ancaq mən bu qanuna dəyişikliyi dəstəkləyirəm. Çünki çalışmalıyıq ki, qısa şalvarlıları və saqqalı sinəsinə qədər düşənləri cəmiyyətimizdən təcrid edək. Axşamlar bulvara çıxanda insan onları görəndə xarici görünüşlərinə nifrət edir», deyə deputat bildirib. Bu fikri dini dözümsüzlüyün təzahürü və ifadə, vicdan və dini etiqad azadlığına qəsd kimi dəyərləndirmək olar. Media hüquqları institutunun rəhbəri Rəşid Hacılı beləliklə məsələnin hüquqi tərəfini dəyərləndirib. Mən hüquqşünas deyiləm. Sıradan bir jurnalistəm. Ona görə də məni maraqlandıran suallar hüquqi və etnoqrafik çərçivədən bir qədər kənara çıxır.
Əvvəla, çox xırda məsələlərdən başlayım. Bir daha əmin oldum ki, insanlar əksər hallarda tarixin dərslərindən heç bir nəticə çıxarmırlar. Birinci Pyotr müsəlman deyildi. Pravoslav-xristiandı. Və üç yüz il öncə Rusiya kimi böyük bir imperiyaya hökmdarlıq edirdi. Məhz Pyotr zorla rus boyarlarının xarici görünüşünü və qiyafətini dəyişdirdi. Onların bir hissəsinin saqqalını şəxsən öz əli ilə qırxdı, uzunətəkli əbalarını çıxarıb qısaətəkli kaftanlar və dar pantalonlar geyməyə məcbur etdi. Düşünürdü ki, insanın zahirini dəyişməklə onu daha tez avropalaşdırmaq olar. Anlamadı ki, insanların zahirini deyil, daxilini, daha doğrusu, qafalarının daxilindəkiləri dəyişmək lazımdır.
Pyotrdan təxminən yüz il sonra Azərbaycan həmin bu imperatorluğun bir hissəsi oldu. Daha iki yüz il də keçdi. Artıq Azərbaycan Rusiya imperatorluğunun tərkib hissəsi deyil. Müstəqil dövlətdir. Amma Birinci Pyotrdan uzağa gedə bilməmişik. Üç yüz il sonra, XXI əsrin əvvəllərində də Azərbaycan Milli Məclisinin deputatı düşünür ki, zorla saqqal qırxmaq, şalvarların balağını uzatmaqla, yəni hər hansı bir inancın zahiri təzahürlərini aradan qaldırmaqla problemi həll etmək olar. Hər şey bu qədər sadə olsaydı, nə vardı ki. Məsələn, Azərbaycan Dövlət Universitetinin bütün tələbələrinə Harvardda qəbul olunmuş formanı geyindirərdik. Təsəvvür edin, bir neçə ildən sonra nə qədər Nobel m ükafatı laureatımız olardı!
İkincisi, elə bilməyin ki, bu mərəzə ruslardan yoluxmuşuq. Öz qanımızda var. Öz qanımız deyəndə, bütün türk toplumunu nəzərdə tuturam. Məsələn, Pyotrdan iki yüz il sonra Türkiyədə də insanları eyni vasitələrlə avropalaşdırmağa çalışıblar. Hamının başından fəsləri götürüb qafalarına «şapka» və «şlyapa» taxmaq istəyiblər. Hicab qadağan olunub. Son dövrlərə qədər universitetlərə və dövlət idarələrinə hicablı qadınların girməsi qadağan idi.
Ay qardaşlar, mən heç də insanların müasir dövrlə ayaqlaşmasının, avropalaşmasının əleyhinə deyiləm. Tam əksinə, amma bir şeyi dəqiq bilirəm. Buna zorla nail ola bilmərik. Yenə də Türkiyəni misal gətirmək istəyirəm. Zorla avropalaşdırmağın nəticəsi nə oldu? İslamçılar hakimiyyətə gəldilər və mühafizəkar toplum keçmişdəki sıxıntıların, təzyiqlərin əvəzini dünyəvi həyat tərzinin tərəfdarlarından çıxmağa başladılar…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 468