Dilçilik İnstitutunda qədim dillər üzrə mütəxəssis yox imiş…
MEA Dilçilik İnstitutunda yeni şöbələr yaradılacaq, lakin maraqlı burasıdır ki, bu institutda qədim dillər üzrə mütəxəssis yoxdur (!), və mütəxəssisi olmayan «şöbə» yaradılır. Qədim türk dili isə, bəlli olur ki, öyrənilmir, bundan sonra isə bu iş «zəruri» sayılır. Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun iclasında bu qəruibə gercəklik barədə söz gedib.
APA-nın məlumatına görə, iclasda “Qloballaşma dövrünün tələblərinə uyğun olaraq MEA Dilçilik İnstitutu strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi”, “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində özəl televiziyaların monitorinqinin nəticələri və digər məsələlər müzakirə olunub.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli deyib ki, institutun nəzdində “Müasir Azərbaycan dili”, “Nəzəri dilçilik”, “Tətbiqi və eksperimental dilçilik”, “Türk dilləri”, “Hind-Avropa dilçiliyi”, “Dil əlaqələri”, “Qədim dillər”, “Müasir Azərbaycan dilində gedən proseslər”, “Şərq, Qafqaz və aborigenlər”, “Kommunitiv və semionitiv” şöbələrinin yaradılması planlaşdırılır: “Bu şöbələr axırıncı variant deyil, sadəcə ilkin təklifdir və şərti xarakter daşıyır. Hazırda institutda 10 şöbə fəaliyyət göstərir. Yeni şöbələr isə əvvəlkiləri təkmilləşdirmək məqsədilə yaradılır. Yəni təklif edilənlər əlavə şöbələr deyil, sadəcə strukturun təkmilləşdirilməsi xarakteri daşıyır. Nəzərdə tutulandan artıq şöbələrin yaradılmasına nə institutun imkanı, nə də binası var”.
Veysəlli bildirib ki, son illər Dilçilik İnstitutunun maddi-texniki bazası möhkəmləndirilib və bu istiqamətdə işlər gedir.
İclasda təkliflərə münasibət bildirən professor Tofiq Hacıyev deyib ki, bir sıra şöbələr birləşdirilməlidir. Onun sözlərinə görə, yeni yaradılacaq bəzi şöbələrdə çalışacaq mütəxəssis yoxdur: “Qədim dillərlə bağlı mütəxəssis yoxdur. Biz isə mütəxəssisi olmayan şöbə yaradırıq. İndidən buna nə ehtiyac var? Qədim türk dilinin öyrənilməsi də zəruridir”.
Tofiq Hacıyev yaşlı, peşəkar aparıcıların televiziyalardan uzaqlaşdırılmasını isə düzgün addım saymadığını qeyd edib.
MEA Humanitar və İctimai Elmlər Bölməsinin sədr müavini Həbib Zərbəliyev isə deyib ki, 3 nəfəri qədim latın və yunan dillərinin öyrənilməsi üçün xaricə göndərilməsi nəzərdə tutulub.
İclasda o da bildirilib ki, təkliflər nəzərdən keçiriləcək və ümumiləşdirilərək nəzərə alınacaq.
Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürova televiziya kanallarında aparılan monitorinqlə bağlı danışıb. Onun sözlərinə görə, monitorinqlər 6 televiziya kanalında bu ilin may-iyun aylarında aparılıb: “Televiziya aparıcıları verilişə çıxmamışdan əvvəl hazırlaşmalı, daha çox mütaliə etməlidir. Əlbəttə canlı efirdir, çətinliklər və səhvlər ola bilər. Amma aparıcılar mütaliəyə daha çox yer verməlidir. Təəssüf edirəm ki, ANS televiziya kanalında monitorinq aparan qrupa təzyiq edildi. Yəni bizim fəaliyyətimiz düzgün qarşılanmadı”.
Milli Televiziya və Radio Şurasının nümayəndəsi Qafar Cəbiyev televiziyalarda ədəbi dilin qorunmasındakı mövcud problemlərə diqqəti yönəldərək, monitorinqin aparılmasını düzgün sayıb. Onun sözlərinə görə, belə monitorinqlərə problem yaratmağa cəhd edən KİV-lərə xəbərdarlıq ediləcək.
İnstitutun əməkdaşı Etibar İnanc deyib ki, dil uşaq kimidir və həmişə dilə nəzarət olmalıdır: “İnkişaf etmiş ölkələrdə linqvistik polis var. Danışıq dilini ədəbi dilə gətirmək olmaz”.
Tədbirdə bildirilib ki, institutda televiziya və radio aparıcıları üçün seminarların keçirilməsi nəzərdə tutulub.