Muəllif:

Diaspor: Bitib-tükənməyən təşkilatlanma zəhmətlərimiz…

Yayın əvvəllərində Niderlandda fəaliyyət göstərən bir neçə təşkilat (türk təşkilatları) yığışaraq birlik yaratdılar. Düzünü deyim ki, bu, məni bir qədər təəccübləndirdi. Adətən belə toplantılar olanda mənə də xəbər edərdilər. Sağ olsunlar, sayırlar məni. Bu dəfə isə toplantıya dəvət almadım, digər dostlardan eşitdim bu məlumatı. Bu idi məni təəccübləndirən. Yoxsa dünyanın müxtəlif ölkələrindən köç edərək Niderlandda yaşayan və onların əksəriyyətinin təmsil olunduğu təşkilatların bir yerə yığışmasına təəccüblənməz, əksinə, sevinərdim. Həmən toplantıdan sonra mətbuatdan, sosial şəbəkələrdən və dostlardan eşitdim ki, sözü gedən toplantıda Hollandiya Türk Boyları Birliyi adlı təşkilat yaradılıb və Niderlandda fəaliyyət göstərən Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşqın həmən birliyə sədr seçilib. Ancaq bu yaradılmış təşkilatla bağlı fikirlər heç də birmənalı deyildi. Bəzi dostlar bunun digər birliklərə qarşı yaradılmış birlik olduğunu iddia etməyə başladılar. Bu elə mənim özümə də bir qədər qaranlıq olduğundan məsələlərə aydınlıq gətirməyə çalışdım. Ancaq təşkilat rəhbərlərinin yay tətilində olması səbəbindən bir qədər gözləməli oldum. Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşqın istirahətdən dönən kimi onunla əlaqə saxlayıb bu məsələlərə aydınlıq gətirməsini xahiş etdim.
— İlhan bəy, bir müddət öncə bir neçə təşkilatın yığışaraq Hollandiya Türk Boyları Birliyi adlı bir birlik yaratdığını və sizin də ora başqan seçildiyinizi oxudum mətbuatdan. Bu barədə fikirlərinizi bilmək istərdim.
— Bəli, iyulun əvvəllərində mənim elektron ünvanıma Noqay Türkləri dərnəyinin rəhbəri Memet Can tərəfindən məktub daxil oldu və bu toplantı barədə məlumat verildi. Mən də dəvəti qəbul edərək toplantıya qatıldım. Orda Noqay Türkləri, Qazaxıstan Türkləri, Azərbaycan Türkləri, Türkmənistan Türkləri təşkilatları iştirak edirdilər. Sədrliyə gəlincə isə orda mənim və daha bir nəfərin adı sədrliyə namizəd kimi irəli sürüldü və sonunda mənim üzərimdə dayandılar.
— Nə üçün ora bütün təşkilatlar dəvət olunmamışdı?
— Mən həmin toplantının təşkilatçısı olmadığım üçün bir söz deməkdə çətinlik çəkirəm. Haqlısız, məncə, bütün təşkilatlar və siz özünüz də ora dəvət olunmalı idiniz. Həmin toplantıda qərara almışdıq ki, yay tətilindən sonra yenə də bir araya gələk və bu dəfə hər kəsin ora dəvət olunmasına çalışacam.
— Bəziləri yaradılmış bu birliyin digər birliklərə qarşı olduğu iddiasındadır. Buna sizin münasibətinizi bilmək istərdim.
— Qətiyyən elə deyil. Biz birlik tərəfdarıyıq. Bu təşkilat isə heç bir təşkilata alternativ olaraq yaradılmayıb. Hər kəsin bunu belə bilməsini istəyirəm…
— Məndə olan məlumata görə, toplantıda bəzi təşkilatlara qarşı ittihamlar səsləndirilib.
— Mən buna ittiham deməzdim. Mən o fikirdəyəm ki, heç kim bizim adımızdan istifadə etməli deyil. Biz Hollandiya Türk Boyları Birliyi olaraq digər bütün təşkilatlarla bərabərhüquqlu fəaliyyətin tərəfdarıyıq. Kimlərsə bizim adımızdan istifadə edərək işlər görəcəksə, biz onlara qarşı çıxacağıq.
— Konkret olaraq hansı təşkilatı, yaxud təşkilatları nəzərdə tutursuz?
— Kim özünü bizdən istifadə etmiş hesab edirsə, hamısını nəzərdə tuturam. Məsələ onda deyil ki, kimsə bunu edibmi, söhbət ondan gedir ki, bundan sonra biz buna imkan vermək fikrində deyilik. Ola bilər ki, bu etdiklərimiz kimə, yaxud kimlərəsə xoş gəlməsin. Ancaq bizim məqsədimiz Türk millətinə xidmət etməkdir. Bir daha qeyd etmək istəyirəm ki, bu birlik kiməsə, hansısa təşkilatasa qarşı yaradılmış birlik deyil. İstənilən adamla bu barədə söhbət etməyə hazıram. Biz bundan sonra da dəvət alacağımız toplantılara qatılmağa çalışacaq, lazımlı anlarda birgə fəaliyyət göstərəcəyik. Ancaq bütün bunlar bərabər səviyyəli təşkilat, yaxud birlik olaraq ola bilər.
— Bu dəfə bir qədər konkretləşdirim. Sizin bir araya gəldiyiniz təşkilatlar, elə sizin təşkilat və mən də daxil əsasən Avrasiya Sivil Toplumunun və Hollandiya Türk Federasiyasının toplantılarında bir araya gəlirdik. Sizin yaratdığınız bu birlik əslində parçalanmaya gətirib çıxarmaz ki? Yaratdığınız təşkilatın yuxarıda adlarını çəkdiyim birliklərə qarşı yaradılması fikrinə nə deyərdiz?
— Adlarını çəkdiyiniz Avrasiya Sivil Toplumuna və Hollandiya Türk Federasiyasına hörmətimiz olub və bu gün də belədir. Bir daha bildirirəm ki, biz parçalanmanın deyil, birliyin tərəfdarıyıq. Yuxarıda da qeyd etdim ki, dəvət alacağımız toplantılara yenə də imkan daxilində qatılmağa çalışacağıq, sadəcə, bu dəfə ayrı-ayrı təşkilatlar olaraq deyil, bir birlik kimi. Məncə, burda bir qəbahət yoxdur. Belə daha güclü olarıq. Başa düşə bilmirəm ki, nə üçün biz kiməsə, hansısa təşkilata qarşı olmalıyıq? Ümid edirəm ki, biz yenə də birlikdə çox işlər görəcəyik. Hələ qarşıdan 2015-ci il gəlir. Bilirsiz ki, ermənilər «erməni genosidi»nin 100 illiyinə hazırlaşırlar. Biz birləşərək işlər görməli və mümkün qədər onların təbliğatlarının qarşısını almalıyıq.
P.S. Mən bu müsahibəyə heç bir şərh vermək fikrində deyiləm. Burda səslənən fikirlərlə bağlı, ümumiyyətlə, bu barədə hansısa təşkilat rəhbərinin düşüncələri varsa, dinləməyə və onlarla da görüşməyə hazıram.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 290