Un dəyirmanları yerli fermerlərdən məhsul almır
Ölkəmizdə orta hesabla hər hektardan 27 sentner taxıl məhsulu əldə edilir. Amma məhsuldarlığı 50 sentnerə çatdırmaq olar. Mövcud imkanlar məhsuldarlığı artırmağa imkan verir. Hökumət taxıla olan daxili tələbatın 65 faizinin yerli istehsal hesabına ödənildiyini iddia edir. Və bu göstəricinin 70 faizə çatarılması ilə taxıla tələbatda yerli fermerlərin payını artırmaga çalışır. KTN mütəxəssisləri hesab edirlər ki, hətta 50 iri fermer təsərrüfatlarının yaradılması nəticəsində bu göstərici 100 faizə də çata bilər.
Ekspert Vahid Məhərrəmov deyir:
”Taxılçılıqda, ümumiyyətlə 70 sentnerdən az məhsul götürmək, o sahəni tənəzzülə aparır. Fermerin marağında olması üçün o yüksək gəlirli olmalıdır. Bu gəlirin əldə edilməsi üçün yüksək məhsul toplanmalıdır. Yüksək məhsul götürüləndən sonra yaxşı qiymətə satılmalıdır. Bu məhsulu yalnız istehsal etmək kifayət deyil. O normal anbarlarda saxlanmalıdır”.
Məhərrəmov iddia edir ki, yerli fermerlərin əldə etdiyi məhsul elə əllərində qalır. Çünki un dəyirmanları yerli fermerlərdən məhsul almır. Səbəb də odur ki, istehsal edilən məhsulun keyfiyyəti aşağıdır. Buna görə də Qazaxıstandan, Rusiyadan buğda gətirib daxili tələbatı ödəyirik. Deyir:
“Buğda əgər fermerin əlində qalırsa, satılmırsa, özü istifadə edəndə də fayda götürmürsə, daha fermerin marağında olmayacaq ki, əkin sahəsini genişləndirsin. Maraqlıdır, biz mövcud olan taxıl bazarını Qazaxıstana vermişik. Bu bazarı yenidən özümüz qazanmaq istəyiriksə, keyfiyyətli məhsul istehsal etməliyik. Keyfiyyətli məhsul istehsalı da aqrotexniki qaydalardan, lazım olan mineral və üzvi gübrələrin tətbiqindən və müasir texnika və texnologiyanın tətbiqindən keçir. Bu özü də düzgün logistika qurmaqdan asılıdır. Hər şəraiti olan anbar yoxdursa, məhsulun daşınma xərci yüksək qalırsa, deməli bizim bu sahəni inkişaf etdirməyə lüzum qalmır. Bu sahənin inkişafı üçün geniş proqram qəbul edilməlidir».
Onun sözlərinə görə, bu gün 1 milyon hektara yaxın sahədə taxıl əkilir: «Halbuki ölkəmizdə 1,6 milyon hektar əkinə yararlı torpaq sahəsi var ki, onun da 200 min hektarı işğal altındadır. Belə olan halda növbəli əkin sistemi yaratmaq mümkün olmadı. Nəticə də göz qabağındadır.
Yerlərdən fermerlər şikayət edirlər ki, xəstəliklər, zərərvericilər getdikcə artır. İndi payızlıq taxı sahələrinə taxıl böcəyi deyilən ziyanverici yoluxmuş və əkin sahələrinə böyük zərər vurmaqdadır. Onun qarşısını almaqda fermerlər acizlik göstərirlər. Ona görə ki, uzun müddətdir, eyni sahədə taxıl əkirlər. Belə olan halda eyni əkin sahəsində xəstəlik daha geniş yayılır.