Deyiblər, bu sənədlər onlara lazımdır
Yanvarın 18-də Vergilər Nazirliyinin əməkdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqında axtarış aparıblar. İttifaqın sədri Rüstəm İbrahimbəyov APA-ya açıqlamasında bildirib ki, ittifaqa gələn vergi mütəxəssisləri bütün sənədləri götürüblər: «Axtarışı nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 10 əməkdaşı həyata keçirib. Onlar bütün sənədləri yığıb özləri ilə götürüblər. Deyirlər, bu sənədlər onlara lazımdır və aparmalıdırlar».
Rüstəm İbrahimbəyov vergi yoxlamasının qanunsuz aparıldığını deyib: «Onların ittihamları sübutsuz və qərəzlidir. Bu da gec, ya tez aydın olacaq. Ona görə də narahat deyilik».
Qurum rəhbəri onu da deyib ki, ittifaqın fəaliyyətini dayandırmaq fikri yoxdur: «İttifaq fəaliyyətini davam etdirəcək».
Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə 20.11.2012-ci ildə növbəti səyyar vergi yoxlaması başlanılıb. Yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanaraq, fakt üzrə 27.12.2012-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Rasim Balayev isə mətbuata etiraf edib ki, vergilərin ödənilməsində qüsurlara yol veriblər və bu vergiləri ödəməyə hazırdırlar.
Rüstəi İbrahimbəyov Turan-a bildirib ki, «Onlar sənədlərin guya vergi ödənişindən yayınma haqqında açılmış cinayət işi çərçivəsində müsadirə edildiyini deyiblər. Həmçinin sənədlərin orijinalının lazım olduğunu bildiriblər və bizim əməkdaşların sənədlərin surətini çıxarmasına imkan verməyiblər».
Vergi işçilərinin tələblərinin nə dərəcədə əsaslı olması barədə suala cavabda dramaturq bildirib ki, baş verənləri güc nümayişi kimi dəyərləndirir. «Zənnimcə, bu, Milli Şuranın yaradılması və demokratik ictimaiyyətin prezident seçkilərində vahid namizəd irəli sürməsi və onun mütləq qələbəsi haqqında danışdığım son müsahibəmlə bağlıdır», deyə dramaturq qeyd edib.
Bu vergi yoxlamasının qanuniliyi vergi işini bilən iqtisadçılarda da şübhə doğurub. Vergilər Nazirliyinin Kinematoqrafçılar İttifaqının 3-4 il əvvəl keçirdiyi (18-25 sentyabr 2009) IX «Şərq-Qərb» Kino Festivalı ilə bağlı vergi öhdəliyinin yoxlanması barədə bəyanatının siyasi səbəbi var və 2013-cü ilin prezident seçkiləri ili olması ilə əlaqədardır, deyə iqtisadçı alim Qubad İbadoğlu bildirib. Onun fikrincə, gəlir, mənfəət, yol və torpaq vergisi üzrə səyyar yoxlama (Vergilər Məcəlləsi, maddə 36.3) 3 ilədək dövrü əhatə edə bilər. Qeyri-hökumət təşkilatı olan Kinematoqrafçılar İttifaqı ƏDV və mənfəət vergisindən azaddır, ödəniş mənbəyi, əmək haqqı fonunun mənfəətindən vergi və sosial ayırmalar ödəyə bilər.
Nazirliyin rəhbərliyi bildirir ki, İttifaq qanunu pozaraq festivalın keçirilməsi üçün 330 min manatdan 267 min 130 manatı etibarnamə ilə nağd şəkildə verib. Vergi qanunvericiliyinə əsasən, nağd vəsait xərclənməsinə məhdudiyyət yoxdur.
Nəqliyyat məsrəfi kimi ayrılan 22 min manatın talan edilməsi barədə deyilənlər də yanlışdır. Beynəlxalq tədbirin onlarla qonağı bir həftə Bakıda gəzib. Yəqin, onlara xüsusi sürücü təhkim edilib və xidmət haqqı verilib, — deyə iqtisadçı bildirir.
Onun fikrincə, əgər Vergilər Nazirliyi iddialarını əsaslı hesab edirsə, onu Mədəniyyət və Turizm Nazirliyinə göndərməlidir. Çünki vəsaiti o ayırıb. Demək, nazirlik ittifaqdan aralıq hesabat tələb etməli idi. İbadoğlu hesab edir ki, vətəndaş cəmiyyəti institutu olan Kinematoqrafçılar İttifaqına qəsdən edilən hücum beynəlxalq arenada Azərbaycanın imicinə zərbə vura bilər.