Dərslik problemi: müəllif kursları yaradılsın
Zaman, cəmiyyət inkişaf etdikcə, orta məktəb dərslikləri də təkmilləşməlidir. Bunu jurnalistlərə açıqlamasında MEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyir və qeyd edir ki, orta məktəb dərsliklərinin dəyişilməsinə ehtiyac var:
«Təkmilləşdirilərkən köhnə sovet dərsliklərindən qalma bəzi motivlər, ideyalar, hətta bəzi dəyişən rəqəmlər var ki, onlar hələ də dərsliklərdədir. Dərsliklərin içərisində müəlliflərin dünyagörüşündən irəli gələn elmi-tədqiqatlarla əlaqədar olaraq yenilənməyə ehtiyac var. Dərsliklər müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Dərsliklər sadələşdirilməlidir, çünki onlar çox mürəkkəbdir, hətta bəzi dərsliklər ali məktəb səviyyəsindədir».
Həbibbəyli qeyd edir ki, bunu bacara biləcək yetəri sayda müəllif heyəti var, Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası uyğun iş aparır və inanır ki, bu iş dərsliklərin daha da təkmilləşməsinə, yeniləşməsinə və Azərbaycan məktəbinə uyğunlaşmasına gətirib çıxaracaq.
Bəli, son vaxtlar ölkəmizdə orta məktəb dərslikləri və onların hazırlanması ilə bağlı mütəmadi müzakirələr aparılır. Dərsliklərin monitorinqini aparan TQDK dərsliklərdə problemlər olduğunu açıqlayıb və daha keyfiyyətli dərsliklər üçün yeni təkliflə çıxış edib. Məsələn, dərsliklərin hazırlanması üçün müəllif məktəbi və ya kursunun yaradılması da təklif edilir.
TQDK şöbə müdiri Afiqə Batıyeva xatırladır ki, xarici ölkələrdə belə bir təcrübə var. Batıyeva şərh edir:
«Müəllif məktəbində və ya xüsusi müəllif kursunda müəllimlərə dərsliyin standartları, özəllikləri öyrədilir. Dərsliyin hazırlanması zamanı bu kurslardan olan layiqli müəlliflər seçilir. TQDK olaraq Azərbaycanda da belə bir məktəb və kursun yaradılmasını təklif edirik. Çünki yeni yazılan dərsliklərdə müəllif seçimi düzgün aparılmalıdır. Müəlliflər — bu işin mütəxəssisi, təcrübəli və məktəbdən xəbəri olan birisi olmalıdır. Buna görə də gələcəkdə ölkədə müəllif məktəbi, kursları, dərsliyi ekspertizadan keçirən ekspertlərin kursları təşkil olunmalıdır. Digər ölkələrdə bunu böyük nəşriyyatlar özləri həyata keçirir. Çünki onlar maraqlıdır ki, hazırladıqları dərsliklər yaxşı müəlliflər tərəfindən hazırlansın. Orta məktəb dərsliklərini Qiymətləndirmə Şurasından keçirərkən daha ciddi olmaq, rəylərə və təkliflərə ciddi yanaşmaq lazımdır. Bu prosesdə təkcə müəllimlər yox, alim və metodistlər də ekspert qruplarının tərkibində olmalıdır».
Məsələyə münasibət bildirən təhsil eksperti Məlahət Mürşüdlü də inanır ki, dərslik müəllifləri üçün məktəb və ya kursun təşkili müsbət olacaq:
«Hazırda orta məktəblərdə istifadə olunan dərsliklərdə bir sıra problemlər var. Bunun da əsas səbəblərindən biri odur ki, dərslik müəlliflərinin tərtib etdikləri kitablar günün tələblərinə cavab vermir. Buna görə də dərslik müəllifləri üçün seminar və kurslar vacibdir. Bu kurslara cəlb edilmənin özündə də bir seçim imkanı olmalıdır. Bu məktəblərdə təkcə elmi işçilər, professorlar yox, həm də özündə güc tapan orta məktəb müəllimlərinin iştirakına da şərait yaradılmalıdır. Doğrudur, bu gün də dərsliklər üzərində müəllif qismində müəllimlərin də ad və soyadları yazılır. Amma həmin müəllimlərlə söhbətdə bildirirlər ki, dərsliyin işlənməsində yaxından iştirak etməyiblər. Yalnız formal olaraq dərsliklərdə onların adı qeyd olunub. Bu dərsliklərdə orta məktəb müəllimlərinin adları keçsə də, onların rəyləri qəbul edilməyib. Bu mənada düşünürəm ki, orta məktəb müəllimlərinin də dərsliklərin hazırlanmasında iştirakına şərait yaradılmalıdır. Bu kursların təşkili dərsliklərin yazılmasında olan nöqsanların aradan qaldırılmasına yardım edəcək».
Mürşüdlünün sözlərinə görə, hazırda dərsliklərdə olan nöqsanlardan Təhsil Nazirliyi də ciddi nəticə çıxarmalıdır: «Heç olmasa gələcəkdə çap olunacaq dərsliklərdə açıqlanan iradların aradan qaldırılması üçün iş aparılmalıdır. Tənqid başqa istiqamətə yozulmamalı və həlli ilə bağlı işlər görülməlidir».

