Dərmanların qiymətini bazar tənzimləyir…
Apteklərdə eyniadlı dərmanlar fərqli qiymətlərə satılır. Bu səbəbdən adamlar aptekləri gəzərək qiymətləri müqayisə edir, sonra alırlar. Bu kimisə təəccübləndirə, kimisə narazı sala bilər. Lakin bazarın, o cümlədən dərman bazarının qaydası belədir.
Amma ortaya dərman vasitələri üçün vahid qiymətin tətbiqi mövzusu çıxıb. Hətta SN və İİN bu mövzuda birgə müzakirələrə başlayıb. Məqsəd — bütün apteklərdə satılan dərmanlar üçün vahid qiymət siyasəti yürüdülməsidir. Yəqin ki, yaxın zamanlarda Azərbaycanda da bunun tətbiqinə start veriləcək. İstəyirlər ki, dövlət qeydiyyatına alınan və dövlət reyestrinə daxil edilən bütün dərman preparatlarının qiymətləri həm özəl, həm də dövlət apteklərində eyni, təsdiq olunan qiymət əsasında olsun.
Deputat Musa Quliyev vahid qiymət siyasətinin tərəfdarıdır: müştəri istədiyi dərmanı hər yerdən eyni qiymətə ala biləcək. Yəni orta qiymət çıxarılacaq və bütün apteklərdə tətbiq ediləcək:
«Azərbaycana dərmanların 90 faizi kənardan gətirilir. Vahid qiymətin tətbiqi ola bilsin ki, həm də ölkə daxilində dərman istehsalının stimullaşdırılmasına gətirib çıxarsın. Vergidənyayınma halları da aradan qalxar, dərman siyasəti sağlamlaşar».
M.Quliyevin sözügedən qərarın mənfi tərəfini yalnız bəzi dərman şirkətlərinin qazancının azalmasında görür: «Yalnız sahibkarların bəzisi narazı qala bilər. Çünki vahid qiymət siyasəti sahibkarın deyil, daha çox əhalinin marağına, milli maraqlara uyğundur. Bu cür qaydaların tətbiqi gələcəkdə Azərbaycan dərman bazarını stimullaşdıran tədbirlərdən biri ola bilər».
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, SN və İİN öz işləri ilə məşğul olsa daha yaxşı olar. Çünki qiymətləri tənzimləmək onların səlahiyyətlərinə aid deyil, qiyməti bazar tənzimləyir. Belə bir halda hər hansı qurumun qiymətləri tənzimləməyə qalxması qanunsuz hərəkətdir:
«Sadəcə olaraq, SN və İİN ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarəti təmin etməlidir. İlk növbədə dövlətdən asılı olan bu məsələdir. Dərman bazarında olan inhisarçılıq aradan qalxmalıdır. Heç kəsə sirr deyil ki, bu gün ölkəyə dərman gətirilməsi bir-iki firmanın nəzarəti altındadır. Onlar hətta ölkəyə dərman gətirilməsi işi ilə məşğul olan az sayda firmaları da sıxışdırıb çıxarmaq istəyirlər. Bəzilərinin qaçaqmalçılıqla ölkəyə dərman gətirməsi də inhisarçılığın nəticəsidir».
Ekspert hesab edir ki, hər iki nazirlik inhisarçılığın və ölkəyə keyfiyyətsiz dərman gətirilməsinin qarşısını almağa nail ola bilsələr, daha çox xidmət göstərmiş olarlar.
Azər Mehtiyev deyir ki, hansı yerdə qiymət ucuzdursa, vətəndaş oradan dərman ala, hər kəs sərbəst seçim edə bilər, ancaq inhisarçılıq səbəbindən dərmanların qiyməti çox yüksəkdir. Bu barədə düşünmək daha doğru olardı.
Hesab edilir ki, dərmanların qiymətinin eyniləşdirilməsi, bazar iqtisadiyyatı qaydalarına ziddir. Dərmanların qiyməti satış yerindən asılıdır. Bəzi yerlərin icarə haqqı baha, bəzi yerlərdə aşağıdır. Təbii ki, bütün bunlar dərmanların qiymətlərinə təsir göstərir. Apteklərdə işçilərin sayı da qiymətə təsir edən faktordur.